Cari ilin on ayı yekunlaşmaq üzrədir. Dünyada siyasi vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Belə hal isə təbii ki, enerji bazarlarına birbaşa təsir edir. Azərbaycan son illər özünün iqtisadiyyatını nə qədər şaxələndirməyə çalışsa da, yenə də neft-qaz sektoru iqtisadiyyatın lokomotivi olmaqda qalmaddadır. Yəni Azərbaycanın gəlirləri xarici bazarlardakı vəziyyətdən xeyli asılıdır.
Bizim.Media neft-qaz sektorumuzun mövcud durumu və gələcək perspektivlərini “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla müzakirə edib:
MÖVZU İLƏ BAĞLI:
“Neft haqqında dəqiq proqnoz vermək mümkün deyil” – İlham Şabanın ŞƏRHİ
- İlham müəllim, ilk olaraq istərdik onu aydınlaşdıraq: Azərbaycan hazırda neft ölkəsi kimi qalmaqdadır, yoxsa artıq təbii qaz ölkəsi olmağa keçid edib?
- Bu sualı cavablandırmaq üçün statistikaya müraciət etməliyik. Son statistik məlumatlar 2023-cü ilin 9 ayının yekunlarının göstəriciləridir. Biz rəsmi statistik göstəricilər nəticəsində qazın nefti hasilat, ixracat və gəlirlər üzrə üstələyib-üstələməməsini aşkara çıxarmağa çalışaq. Özü də statistik müqayisə zamanı sırf əmtəəlik (dəyəri olan əmtəə) göstəricilərdən istifadə edəcəyik.
Beləliklə, 2023-cü ilin yanvar-sentyabr ayının yekunlarına görə, Azərbaycanda 22 milyon 513,8 min ton neft və kondensat, 26 milyard 868,8 milyon kubmetr qaz hasil edilib. Neft ekvivalentində 24,18 milyon ton qaz hasil edilib. Yəni həcm etibarı ilə Azərbaycanda hazırda hasil edilən qaz neft və kondensat göstəricilərini geridə qoyur.
İndi ixraca nəzər yetirək. Qeyd edim ki, ixrac göstəriciləri fərqlidir, çünki Dövlət Gömrük Komitəsinin məlumatlarındakı rəqəmlər bəyan edilmiş göstəriciləri əks etdirir. Ona görə də biz faktiki göstəricilərin müqayisəsinə baxacağıq. Bunları Azərbaytcan Energetika Nazirliyinin aylıq məlumatlarından əldə etmək mümükündür: 9 ayda 17 milyon ton neft və kondensat, 17,8 milyard kubmetr qaz ixrac edib (16,04 milyon ton neft ekvivalenti). İxracatda qaz həcmləri hələ nefti üstələyə bilmir.
Və nəhayət, gəlirlər məsələsinin müqayisəsi. Burada yalnız Dövlət Gömrük Komitəsinin hesabatlarından istidafə etməli olacağıq. Cari ilin 9 ayının yekunlarına görə, Azərbaycanın xam neft ixracından gəlirləri 12 milyard 128,4 milyon dollar olduğu halda, qaz 11 milyard 409,5 milyon dollar gəlir gətirib. Azərbaycanın ümumi ixracında neftin payı dəyər ifadəsində 45,79% təşkil edibsə, mavi yanacaq 43,07% özünə yer ala bilib.
Bu deyilənləri ümumiləşdirib belə nəticəyə gələ bilərik ki, hazırda Azərbaycanın enerji balansında qaz nefti əvəzləməyə doğru inamla irəliləməkdədir. Onun nə zaman baş verməsinə müəyyən amillər təsir edə bilər, amma ümumən Azərbaycanın bazara yaxın beşillikdə daha 10 milyard kubmetr qaz çıxarmasının real olduğu bir şəraitdə mavi yanacağın enerji bazarımızda hegemonluğu qaçılmazdır.
- Yəni fikirlərinizə əsaslanaraq, deyə bilərikmi ki, XIX əsrin ortasından Azərbaycanda davam edən neft erası sona yetir?
- Əgər nəzərə alsaq ki, neft hasilatı 2010-cu ilin III rübündən Azərbaycanda özünün pik həddinə çatıb və sonrakı dövrlərdə azalmağa başlayıb və həmin azalma bu gün də davam etməkdədir. 2010-cu ildə Azərbaycanda 50,8 milyon ton neft hasil edilmişdisə, cari ildə bu göstərici böyük ehtimalla 30 milyon ton olacaq. Ötən il isə ölkədə istehsal edilmiş əmtəəlik neft həcmləri 32,6 milyon ton, 2021-ci ildə isə 34,6 milyon ton olub.
Göründüyü kimi hasilatın azalması son 3 ildə çox yüksək templə davam edir. Təbii ki, 2024-cü ilin ilk rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda yeni platformanın istifadəyə verilməsi ilə azalma templəri bir qədər səngiyəcək, amma hasilatın azalması davam edəcək. Çünki ölkəmizdə istismarda olan yataqların böyük əksəriyyəti özlərinin qocalıq dövrünü yaşayırlar, ən iri neft aktivi sayılan AÇG blokunun çıxarıla biləcək ehtiyatlarının isə mümkündür ki, artıq 60%-dən çoxu mənimsənilib və azalan hissənin çıxarılması geoloji şəraitdən asılı olaraq təbii ki, çətinləşir.
Bəli, birmənalı şəkildə demək olar ki, hazırda Azərbaycanın neft erasının qürub çağıdır. Amma bu o demək deyil ki, sabah, ya da birigün neftimizin bitəcək. Neft hasilatı azalala azala o zamana qədər davam edəcək ki, ehtiyatların quyulardan çıxarılması kommersiya baxımından rentabelli olsun, daha doğrusu, onun satışından gələn qazanc hasilata çəkilən xərcləri istehsalçının mənfəət marjası da daxil üstələsin. Və bu proses onilliklərlə davam edə bilər.
Məsələ burasındadır ki, indiki azalma tempi nəzərə alınmaqla 2040-2050-ci illər arası Azərbaycanın nə qədər maye karbohidrogen hasil etməsi ilə bağlı hökumətin ictimailəşdirdiyi hansısa proqnoz yoxdur.
- Daha doğrusu, bazardakı qiymətlərin bizim gələcək onilliklərdəki neft hasilatımıza birbaşa təsiri daha da artacaq?
- Təbii. Özü də təkcə gələcəkdə deyil, elə indinin özündə də. Azərbaycanın müstəqillik illərində açdığı yeganə neft yatağı “Qarabağ” yatağıdır. Özü də bu yataq üzrə saziş “Əsrin müqaviləsi”ndən sonra – 10 noyabr 1995-ci ildə imzalanmış və 1997-1998-ci illərdə aparılmış kəşfiyyat işləri nəticəsində Xəzər dənizinin dərin hissəsində neft yatağı aşkar edilmişdi. Sadəcə o zaman neftin 1 barelinin dünya bazarlarında qiyməti kəskin azalaraq 10 dollara qədər ucuzlaşdığından başda ABŞ-ın “Pennzoil” şirkəti olmaqla konsorsium üzvləri işləri davam etdirməkdən imtina etdilər və yatağı SOCAR-a təhvil verdilər. SOCAR isə “Qarabağ” yatağı üzrə ikinci dəfə müqavilə imzalamağa düz 20 il vaxt sərf etdi və 2018-ci ildə Norveçin “Equinor” şirkəti ilə müqavilə imzaladı.
Üstündən 5 il keçəndən sonra məlum oldu ki, yataqda ehtiyatlar 90-cı illərdə güman edildiyindən 2 dəfə çoxdur, amma Norveç şirkəti neft hasil etməkdə maraqlı olmadı... səbəbini isə nə onlar, nə də bizim tərəf ictimailəşdirmədi.
Yəni bu misalı ona görə çəkdim ki, “Qarabağ” yatağı əslində itirilmiş imkanların bariz nümunəsidir. Bir var onun neftini bazara maksimum orta qiymətlərdə çıxarasan, bir də var dünya YAŞIL Enerji texnologiyaları ilə irəlilədiyi zaman: işlənmənin qiyməti də baha olacaq, istismar xərcləri də. Bazardakı qiymətlər isə dünyanın yeni düzənində təbii ki, indikindən aşağı səviyyədə olacaq.
- Doğrudanmı hesab edirsiniz ki, bundan sonrakı dövrdə ənənəvi enerji daşıyıcılarının qiyməti azalacaq?
- İndiki qiymətlər niyə yüksəkdir? Enerji daşıyıcılarının qiyməti Avropa qitəsində ötən ildən gözlənilməz başlayan müharibənin nəticəsində 50 il ərzində qlobal bazarda yaradılmış enerji zəncirinin bir neçə yerdən qırılması risklərini özündə əks etdirir. Bəli, ötən illə müqayisədə bir qədər ucuzdur, çünki qırılmış zəncirlərin bir neçə həlqəsini bərpa etmək mümkün olmuşdu.
Amma Yaxın Şərqdəki yeni münaqişə qiymətləri təzədən qızışdırdı. Və onun böyüməsi ilə qiymətlər daha da arta bilər. Bunlar bazar üçün mümkün ssenarilərdir. Müharibələr belə uzunmüddətli deyil axı. Hətta uzunmüddətlilər belə (8 illik İran-İraq müharibəsi) müəyyən zamandan sonra bazarlara təsirlərini itirirlər.
Yəni bazar iştirakçıları üçün hərbi-siyasi risk məsələsi zərərsizləşmiş səviyyəyə endiyi zaman onda neft və qazın qiymətlərində əvvəllər nəzərə alınmış bu “risk qiymətləri” aradan qalxacaq. Ötən il neft qiymətləri yüzü aşan həddə oldu, cari il üçün real proqnozlar 85 dollar ətrafındadır. Amma 2025-2026-cı il üçün neft qiymətləri 65-75 dollar arasında güman edilir.
Bizim.Media