Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən Milli Şəhərsalma Forumundakı çıxışında bildirib ki, Horadizdən Zəngilana dəmir yolunun inşası fəal fazadadır və nəqliyyat dəhlizinin bu mühüm hissəsi tezliklə hazır olacaq. Dövlət başçısı, bunun, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihə olduğunu söyləyib.
“Oradan isə həmin dəmir yolu İrana, Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Biz tezliklə bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq” – deyə, Prezident İlham Əliyev qeyd edib.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli vurğuladı ki, işğaldan azad olunmuş ərazilərimizdə yeni logistika xətlərinin çəkilməsi iqtisadiyyatımızın inkişafı baxımından labüddür:
MÖVZU İLƏ BAĞLI:
Ölkə əhalisinin neçə faizi Ermənistanla sülh sazişinin imzalanmasını istəyir? – SORĞU
“Bunsuz inkişaf etmək mümkün deyil. İstər İran, istərsə də Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin əlavə qollarıdır və ona xidmət edəcək. Ona görə ki, yeni dəmiryolu xətləri istər-istəməz bölgənin inkişafı, inteqrasiyası yükdaşımaların artması baxımından çox mühümdür”.
Bu məsələnin daha qlobal əhəmiyyətət də malik olduğunu söyləyən müsahibimiz fikrini belə əsaslandırdı ki, Azərbaycan həm də Cənubi Qafqaz, həm də Avrasiyanın logistik hablarından birinə çevrilmək istəyir:
“Bunun üçün investisiyalarımız və imkanlarımız çoxdur. Coğrafi şəraitimiz də digər tərəfdən bu imkanları daha da artırır. Nə qədər çoxşaxəli və çoxalternativli yollar olarsa, bir o qədər də dövlətimizin öz istəklərinə çatması üçün geniş və böyük imkanlar yaranacaq”.
Müasir dünyada təzə logistik mərkəzlərə olan ehtiyacın daha da böyüdüyünü söyləyən ekspert, artıq yeni lider dövlətlərin yarandığını diqqqətə çatdırıb:
“Bu prosesdə həm Türkiyə, həm də Azərbaycan yer ala bilər. Bunun üçün də alternativ və effektiv nəqliyyat dəhlizlərinə və yollarına ehtiyac var”.
Rövşən Ziya, Bizim.Media