2030-cu ilə qədər “Azərbaycan Hava Yolları” QSC (AZAL) köhnə təyyarələrin tədricən istismardan çıxarılmasını, yeni geniş və dar gövdəli 30 hava gəmisindən ibarət donanmamızın formalaşdırılmasını planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev Milli Məclis deputatlarının iştirakı ilə keçirilən tədbirdə AZAL-ın 2022-2030-cu illəri əhatə edən transformasiya planını açıqlayarkən məlumat verib.
"Donanmamızın genişləndirilməsi bizə yeni marşrutları inkişaf etdirməyə imkan verəcək, həmçinin uçuş şəbəkəmizin planlaşdırılması və idarə edilməsində daha çox çeviklik təmin edəcək. Strategiyamızın digər mühüm istiqaməti 2 növ təyyarədən ibarət vahid aviaparkın yaradılmasıdır", - S. Rzayev qeyd edib.
Belə aviapark ilk növbədə, kadr hazırlığı və texniki xidmət xərclərini azaltmağa kömək edəcək, həmçinin əməliyyat səmərəliliyini və xidmət keyfiyyətini artırmağa imkan verəcək.
Tərəflər həmçinin, marşrut şəbəkəsinin genişləndirilməsi, hava gəmiləri parkının modernləşdirilməsi və aviaşirkətin qiymət siyasəti ilə bağlı məsələləri müzakirə ediblər. Daha çox sərnişin cəlb edəcək və onları sərfəli sərnişindaşıma ilə təmin edəcək çevik və rəqabətədavamlı qiymət strategiyasının hazırlanmasının zəruriliyi vurğulanıb.
Görüş iştirakçıları həmçinin, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in vahid AZAL brendinə birləşdirilməsi və sərnişinlərin əldə edəcəyi üstünlüklər və imkanlar barədə danışıblar.
Bunun aviaşirkətin bazarda daha səmərəli fəaliyyət göstərməsinə, müştərilərə vahid və tanınan brend təklif etməyə imkan verəcəyi bildirilib.
Tədbirdə çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkə iqtisadiyyatının əsas sahələrindən biri kimi aviasiya sənayesinin inkişafının vacibliyini qeyd edərək bu prosesdə AZAL-ın rolunu vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, AZAL rəhbərliyi ilə ilk dəfədir ki, bu formatda görüş keçirilir. Birinci vitse-spiker bu cür görüşlərin bir sıra məsələlərin öz həllini tapmasına köməklik göstərəcəyinə inamını ifadə edib.
O, sərnişinlərin rahat uçuş şəraitinin, yüksək səviyyədə xidmət və təhlükəsizliyin təmin edilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, aviaşirkət sərnişinlərin tələbat və gözləntilərini qarşılamaq üçün xidmət keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə çalışmalıdır.
Görüşdə iştirak edən Milli Məclisin komitə sədrləri, deputatlar çıxış edərək müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayıblar, onları maraqlandıran suallara cavab alıblar. R. Hümmətov görüşdə qaldırılan məsələlərə münasibət bildirib.
Tədbirdə deputatlarla görüşün aviasiya sənayesinə təsir edən qərarların qəbulunda mühüm rol oynayacağını vurğulayan S. Rzayev aviaşirkətin fəaliyyətinin davamlı inkişafı və təkmilləşdirilməsi, o cümlədən ümumi məqsədlərə nail olmaq üçün parlamentarilər və digər maraqlı tərəflərlə əməkdaşlığa hazır olduqlarını bildirib.
Sonra Milli Məclisin üzvləri Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin fəaliyyəti ilə tanış olublar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:27 / 14.09.2023
AZAL 30 hava gəmisindən ibarət donanma yaradacaq - FOTO
Hazırda oxunan: AZAL 30 hava gəmisindən ibarət donanma yaradacaq - FOTO
Hazırda oxunan: AZAL 30 hava gəmisindən ibarət donanma yaradacaq - FOTO
155227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.