Bahalı neft və Azərbaycan iqtisadiyyatı – İlham Şabanın ŞƏRHİ

Bahalı neft və Azərbaycan iqtisadiyyatı – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Bahalı neft və Azərbaycan iqtisadiyyatı – İlham Şabanın ŞƏRHİ

154371

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında Yola salddığımız həftə enerji xəbərləri ilə kifayət qədər zəngin oldu: istər xarici bazarda, istərsə də yerli bazarda maraqlı hadisələr yaşandı.

Bunlardan bizim üçün ən əhəmiyyətlisi Azərbaycan qazının daha bir Avropa ölkəsinə ixracının başlanması idi. Bu haqda bir qədər sonra, hələlik isə dünya bazarlarında enerji daşıyıcılarının qiymətinə nəzər yetirək. Qlobal bazarlar. Ötən həftə ilə müqayisədə neft qiymətləri artım dinamikasını davam etdirdi.

Amma bu artımın içərisində gözlənilməz bir hal da baş verdi. O da ondan ibarət idi ki, ötən ilin 18 noyabrından sonra ilk dəfə London birjasında neft qiymətləri 90 dollar həddini aşdı.

Nədir belə neft qiymətlərini qızışdıran hal?

Təbii ki, bazar iştirakçılarında cari ilin IV rübündə qiymətlərin daha da bahalaşmasına olan ümidlər. Bu hal isə ondan qaynaqlanır ki, Çində enerjiyə tələbat proqnoz edildiyindən daha çox həcmdə artır, dünyanın neft nəhəng dövlətləri isə (Səudiyyə Ərəbistanı və Rusiya) hasilatı ilin sonunadək azaltmaqda davam edəcəklərini açıqlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan neftinin qiyməti 96 dolları keçdi


Belə bir ab-havada treyderlər (neft tacirləri) hərraclarda daha çox həcm üçün sifarişlər edir və addımlarını ona hesablayırlar ki, iki-üç ay sonra qiymətin baha vaxtı indi əllərində olan “qara qızılı” daha sərfəli qiymətə sata bilərlər.

Onları da qınamaq olmaz: qışda adətən enerjiyə tələbat daha da artır, çünki isinmək lazımdır.

Qışın sərt keçəcəyi ilə ilkin ehtimallar bahalı neft amilini daha da artırır.Yəni bazarda neft qiymətlərinin hazırda 90 dollardan baha satılmasının bir amili də möhtəkirlik hislərinin baş qaldırmasıdır.

Mavi yanacağa gəldikdə isə, elə bir dəyişiklik yoxdur:

Avropada qazın 1000 kubmertri hərraclarda 350-400 dollarlıq diapazonda ticarət edilməkdədir. İsitmə dövrü qarşısı qiymətlərin artmının qarşısını Avropa İttifaqındakı yeraltı qaz anbarlarına (ümumi tutum 108 milyard kubmetrdir) artıq 103 milyard kubmetr ehtiyatın yığılmasıdır.

Bu həftə “Eurostat” hesabatından məlum olub ki, il ərzində Avropa Rusiyadan idxal etdiyi enerji həcmlərini əhəmiyyətli dərəcədə azalıb: Rusiya neftindən asılılığı 29,2%-dən 2,3%-ə, qazından 38,5%-dən 12,9%-ə, kömüründən asılılığı isə 45%-dən 0%-ə qədər azaltmaq mümkün olub. Bahalı neft və Azərbaycan iqtisadiyyatı.

Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti həftə ərzində iki dəfə 96 dollardan baha satıldı. Ümumən, artıq iki həftədir ki, neftimizin orta həftəlik qiyməti 90 dollardan yuxarı həddədir. Bu isə ölkəmizə valyuta axınının artması ilə bağlı yeni imkanlar açır. Çünki Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dolları hesablanıb.

Yəni hazırda Azərbaycan nefti ortalama olaraq proqnoz göstəricilərindən yarıbayarı baha qiymətə satılır.

İlin sonunadək bazarlarda vəziyyət dəyişməsə, ixrac etdiyimiz bahalı enerji daşıyıcıları hesabına Azərbnaycan hökuməti dövlət büdcəsinin 3 milyard manatdan çox proqnoz edilən kəsirini əlavə tədbirlərə əl atmadan bağlamaq imkanı qazanar.

Neft və qaz gəlirlərimiz. Bu həftə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin yanvar-avqust aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qazın satışından $5 milyard 911 milyon məbləğində gəlir əldə etdiyini açıqlayıb.
Bu, ötən ilin daha yüksək neft-qaz qiymətləri fonunda gəlirlərin 24% azalmasına gətirib çıxarıb, amma cari il üçün hökumətin proqnoz etdiyi göstəricilərdən kifayət qədər çoxdur. AÇG yataqlar blokundan dövlətə gələn mənfəət 4 milyard 728 milyon ABŞ dolları məbləğində olub (azalma 28,7%).

Ötən ilin 8 ayında Neft Fondu AÇG-dən 6 milyard 629 milyon ABŞ dolları məbləğində gəlir əldə etmişdi. “Şahdəniz” yatağından isə cari ilin 8 ayında 1 milyard 183 milyon dollar həcmində gəlir əldə edilib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 milyon ABŞ dolları və ya 3% çoxdur.

Qaz ixracı.

Sentyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və “Magyar Demokrata” macar nəşrinə müsahibəsində maraqlı bir xəbəri ictimailəşdirib.

Onun sözlərinə görə, “Dünən (yəni sentyabrın 4-də) həmkarımla görüşdə Peter Siyarto bildirdi ki, Azərbaycan qazı artıq Macarıstana daxil olmağa başlayıb”. Xatırladım ki, sentyabrın 4-ü səhər isə Macarıstan xarici işlər naziri Peter Siyarto sosial şəbəkələrdəki hesabında “Azərbaycanla Macarıstan arasında qaz axınının artıq başladığını qeyd etmək üçün dostum Bayramovu Budapeştdə yenidən salamlayacağam” paylaşımını etmişdi.

Burada qeyd etmək istərdim ki, 2023-cü ilin iyununda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın “MVM CEEnergy” şirkəti arasında cari il üçün Macarıstana 100 milyon kubmetr Azərbaycan qazının tədarük edilməsi haqqında kommersiya sazişi imzalanıb.
Müqavilə şərtlərinə görə, SOCAR Macarıstana qaz nəqlini IV rübdə başlamalı idi. Bunun üçün ilk növbədə Macarıstan Azərbaycan qazının alınması üçün infrastruktur məsələlərini həll etməliydi.Və rəsmi Budapeşt bu məsələləri vaxtından tez reallaşdıra bilib. Azərbaycan tərəfi isə özünün müqavilə öhdəliklərini yerinə yetirir.

Görünən isə budur ki, Azərbaycan qazının Yunanıstan, İtaliya, Bolqarıstan və Rumıniyadan sonra Macarıstana da axmağa başlaması ölkəmizin qısa müddətdə (2020-ci ilin 31 dekabrından) təkcə qaz coğrafiyasını genişləndirməsi ilə yekunlaşmır, həm də Azərbaycanın Avropa İttifaqıın çətin dövründə enerji təhlükəsizliyində oynadığı rol getdikcə artır. Hələ növbəti illərdə Azərbaycan qazının Macarıstandan Slovakiyaya nəqlinin şahidi olacağıq.

Bundan əlavə Azərbaycan qazını almaq üçün Serbiya, Xorvatiya, Bosniya və Hersoqovina, o cümlədən Albaniya da danışıqlar aparır. Burada bir məsələyə diqqət çəkmək istərdim. Azərbaycan qazının Macarıstana ixracı məlumatının mənbəyi rolunda rəsmi Budapeşt çıxış edib.

İndiyə qədər nə Azərbaycan dövlətinin enerji siyasətini həyata keçirən Energetika nazirliyi, nə də Macarıstan tərəfinə qaz tədarükündə müqavilə iştirakçısı olan SOCAR bu məsələni ictimailəşdirməyiblər. Bu baxımdan da hələ bilinmir ki, Azərbaycan qazının Macarıstana qaz ixracı nə zaman başlayıb, hansı birləşdirici kəmərlər vasitəsi ilə həyata keçirilir və gündəlik ixrac həcmləri nə qədərdir.

Yaşıl enerji.

Bu həftə Energetika naziri Pərviz Şahbazov Çində “Ortaq yaşıl gələcək üçün enerji keçidinin birgə təşviqi” devizi altında keçirilən Beynəlxaq Enerji Keçidi Forumunda onlayn formatda çıxışı zamanı bəyan edib ki, 2027-ci ilədək Azərbaycanın elektrik enerjisi istehsalının gücündə bərpa olunan enerji mənbələrinin payının 37%-dən çox olacağını planlaşdırır.

“Hazırda “China Gezhouba Group Overseas Investment” şirkəti də daxil olmaqla bir sıra beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik.

Bu “yaşıl enerji” güclərinin 2027-ci ilədək 3 QVt-dan çoxunun istismara verilməsi planlaşıdırılır ki, nəticədə ölkəmizin elektrik enerjisi istehsalının gücündə bərpa olunan enerji mənbələrinin payı (o cemlədən hidro enerji) 37%-dən çox (hazırda 18%) olacaq”, - deyə nazir qeyd edib. O əlavə edib ki, 2030-cu ilədək daha 5 QVt-lıq layihələrin reallaşdırılması planları var.
Nazir həmçinin çıxışında Azərbaycanın müxtəlif istiqamətlərdə dayanıqlı elektrik enerjisi ixracatçısına çevrilməsinə, “Xəzər-Avropa İttifaqı yaşıl enerji dəhlizi” vasitəsilə avropalı istehlakçıların enerji təchizatının yaşıl elektrik enerjisi, hidrogen ilə şaxələndirilməsinə töhfə verəcəyini də diqqətə çatdırıb.

SOCAR-ın durumu.

“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illərdə SOCAR-ın gəlirlərini ildə 80-90 milyard manat səviyyəsində proqnozlaşdırdığını açıqlayıb.

“Moody`s”in məlumatında bildirilir ki, SOCAR-ın gəlirləri 2021-ci ildə 56%-lik artımdan sonra 2022-ci ildə 54% - 119 milyard manata qədər ($70 milyard) artıb. “2023-2024-cü illərdə şirkətin gəlirlərinin “Moody`s”in neft qiymətləri ilə bağlı proqnozlarına əsasən ildə 80-90 milyard manata qədər azalacağı ehtimal olunur.

Bu dövrdə EBITDA ildə təxminən 10 milyard manat təşkil edəcək ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə az, 2017-2021-ci illərə nisbətən isə çoxdur”, - deyə agentlik vurğulayır.

Agentlik qeyd edir ki, SOCAR son zamanlar strateji və maliyyə idarəçiliyində daha çox nizam-intizam nümayiş etdirir.

Bu, 2021-2022-ci illərdə yüksək maliyyə göstəriciləri ilə yanaşı, pul vəsaitlərinin müsbət generasiyasına səbəb olub. Şirkət 2019-2020-ci illərdə pul vəsaitlərinin mənfi generasiyasından sonra 2021-ci ildə 2,6 milyard manat və 2022-ci ildə 6,8 milyard manat həcmində sərbəst pul axını qeydə alıb.

“Moody`s” SOCAR-ın növbəti 12-18 ay ərzində müsbət sərbəst pul axınını saxlayacağını gözləyir, baxmayaraq ki, onun həcmi şirkət tərəfindən investisiya proqramının yerinə yetirilməsindən, neft-qaz bazarındakı şəraitdən və səhmdarların strateji qərarlarından asılıdır.
“Moody`s”, həmçinin şirkətin likvidlik göstəricilərinin də yaxşılaşdığını qeyd edir. “2022-ci ilin sonuna 12,5 milyard manat məbləğində qalıq pul vəsaitləri və 2023-2024-cü illərdə proqnozlaşdırılan təxminən 4-5 milyard manat məbləğində pul vəsaitlərinin generasiyası bu dövr ərzində 11,2 milyard manat həcmində borcun ödənilməsi üçün kifayət edəcək”, - deyə agentlik qeyd edir.

Ümumilikdə, bundan belə nəticə çıxartmaq olar ki, SOCAR-da son 2 ildə həyata keçirilən islahatlar ölknin dövlət büdcəsinin ən böyük vergi ödəyicisi olan şirkətin maliyyə durumunun sağlamlaşdırılması üçün öz töhfəsini verir və bunun nəticəsində hasilatın ovyektiv səbəblərdən azalmasına baxmayaraq Dövlət Neft Şirkətindən hökumətin gözləntiləri azalmayacaq, əksinə biznesin şaxələndirilməsi ilə dayanıqlığı təmin ediləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO