2023-cü ilin iyul ayında Ermənistanın xarici borcu əvvəlki ayla müqayisədə 300 milyon dollar artaraq 6.7 milyard dollar olub.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) yaydığı hesabatda əks olunub. Sənədə əsasən, ümumi dövlət borcu isə hazırda 10 milyard dollar təşkil edir. Verilən proqnozlara görə, cari ilin sonuna qədər bu borcun daha da artacağı və 12 milyard dollara çatacağı gözlənilir.
MÖVZU İLƏ BAĞLI:
Ermənistandan Avropaya gedənlərin sayı 50 faiz artıb
Ermənistan hökumətinin son hesabatlarında isə bildirilir ki, bu ilin martında cari hesabda 351,4 milyon ABŞ dolları kəsir qeydə alınıb. Bu ilin iyul ayındakı ticarət kəsirləri isə ötən ilin eyni dövründəki 275 milyon dollarlıq kəsirlə müqayisədə 70,2 milyon dollar və ya 20,33 faiz artaraq 345,2 milyon dollara çatıb.
Ermənistanın müstəqil siyasi və iqtisadçı ekspertləri borcların artmasının səbəblərini, hökumətin vaxtaşırı xarici dövlətlərdən və təşkilatlardan borc alması ilə əlaqələndirirlər. Lakin iddia edirlər ki, vergi ayırmaları və digər daxil olan məbləğlər kifayət etmir.
Vaxtaşırı yaranan sosial və iqtisadi şok vəziyyətlər nəticəsində borcların cəlb edilməsi daha geniş vüsət alır. Bu baxımdan son on ildə Ermənistanın dövlət borcu iki dəfə artaraq ölkə iqtisadiyyatı və vətəndaşları üçün böyük yükə çevrilib.
Eyni zamanda, son on ildə bu ölkənin xarici borcu təxminən iki dəfə, daxili borcu isə beş dəfə artıb. Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, Ermənistanın xarici borcun yükünə görə, regionda ən fəlakətli həddə çatmış ölkələrdən biridir:
“Bu, ölkənin xarici borcu ÜDM-nin 70 faizinə bərabərdir. Ümumilikdə, Ermənistanda son 10 ildə dövlət borcu 7 dəfəyədək artıb. Beynəlxalq Valyuta Fondunun metodologiyasına əsasən, xarici borc ÜDM-in 40-50 faizini keçəndə təhlükəli sayılır.
Ermənistan bu rəqəmi çoxdan adlayıb. Bu ölkənin valyuta ehtiyatları da yoxdur ki, borcu bağlasın. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda xarici borc ÜDM-in 10 faizinə bərabərdir. Yəni 6,6 milyard dollar. Azərbaycanın 58 milyard dollar strateji valyuta ehtiyatları var və bu ehtiyatlar xarici borcu 9 dəfə üstələyir.
Ermənistanın isə valyuta ehtiyatları 3 milyarddan da azdır ki, bu da xarici borcun 3 dəfə çox olması deməkdir”. A.Hüseynov qeyd edib ki, 2020-ci ildə baş vermiş “COVİD-19” pandemiyası və müharibə Ermənistanı daha da çökdürüb:
“İqtisadiyyat 10 faizdən çox azalıb. Bunun nəticəsi olaraq vergi yığımları azalmış, iqtisadi aktivliyi dəstəkləmək üçün büdcə xərcləri artırılıb ki, bu da büdcə kəsrinin ÜDM-ə nisbətinin 2,25 faizdən 5 faizədək böyüməsinə səbəb olub. Büdcə kəsrinin böyüməsi yeni borcların cəlb edilməsini şərtləndirib. Hazırda bu mənfi tendensiya davam edir”.
Deputat, Ermənistanın milli valyutası olan dramın da ucuzlaşmaqda davam etdiyini diqqətə çatdırıb: “Hazırda 1 dollar 400 drama qədər yüksəlib. Hesablamalara görə, milli valyutanın real effektiv məzənnəsinin 30 faizlik ucuzlaşması ölkənin xarici borcunu ÜDM-in 80 faizinə çatdıra bilər.
Hazırda bu ölkənin büdcəsi xarici donorlardan gələcək qrant yardımları hesabına dolur və ABŞ və Avropadakı erməni fondları, Hayastan Fondunun yardımları ilə əhalinin sosial xərclərini ödəyir. Bu isə borcu daha da artıracaq və Ermənistanın defolta çatmasına səbəb ola bilər”.
Rövşən Ziya, Bizim.Media