Fındıqçılıqla məşğul olan fermerlər ÇƏTİN VƏZİYYƏTDƏ – Məhsuldarlıq az, qiymətlər ucuz...

Fındıqçılıqla məşğul olan fermerlər ÇƏTİN VƏZİYYƏTDƏ – Məhsuldarlıq az, qiymətlər ucuz...

Hazırda oxunan: Fındıqçılıqla məşğul olan fermerlər ÇƏTİN VƏZİYYƏTDƏ – Məhsuldarlıq az, qiymətlər ucuz...

150894

“Bu il  təbiətin şıltaqlığı, dolunun düşməsi təsərrüfalara ciddi ziyan vurdu. O cümlədən fındıq təsərrüfatlarında vəziyyət ürəkaçan deyil. Başqa sahədə fəaliyyət göstərən fermerlərin satdığı məhsulun qiyməti az da olsa, inflyasiyaya uyğundur və özü-özünü indeksasiya edir. Yəni, bu məhsulu satan sahibkar ən azı qazandığı pula digər məhsul ala bilir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib.

Ekspert bildirir ki, son illərdə fındığın ucuzlaşması bu sahənin inkişafına mənfi təsir göstərib.

“Bir neçə il əvvəl kiloqramı 4-5 manata satılan fındığı bu gün sahibkar 2-3 manata sata bilmir. Ötən il də qiymət aşağı düşdü. Yəni əksinə fındığın qiymətində hər hansı artım olmur. Bunun da bir sıra ciddi səbəbləri var. Ümumilikdə isə fındıqçılıqla bağlı vəziyyət digər kənd təsərrüfatı sahələrindən daha ağırdır”.

Kənd təsərüffatı üzrə ekspert Vahid Məhərrəmov da bildirib ki, fındıq sahələrinin çoxalması, eyni zamanda daxili tələbatın, alıcılıq qabiliyyətinin aşağı olması qiymətin ucuz olmasının əsas səbəbidir:

“Tələbi artıran amil heç də təklifin artması deyil. Bütün hallarda ölkə əhalisinin alıcılıq qabiliyyətinin artımı ilə tələbat, qiymət arta bilər. Ölkə əhalisinin alıcılıq qabiliyyəti getdikcə aşağı düşüb. Yəni, gərək fındığin alıcısı olsun ki, qiyməti artsın. 

Son illərdə fındıqçılığın inkişafı ilə bağlı sahələr genişləndirilir ki, bununla da məhsuldarlıq aşağı düşür, istehsalda azalma yaranır. Dünya bazarında son 4-5 ildə fındığın qiyməti 2 dəfədən çox ucuzlaşıb. Əvvəllər də biz deyirdik ki, fındıqçılığı inkişaf etdirmək intensiv yolla olmalıdır. Sahələri genişləndirməklə ekstensiv yolla deyil”. 

Ekspertin sözlərinə görə hələlik, bu məhsulun qiymətinin artması gözlənilmir: 

“Rəqabət mühiti olsa, çox sahibkar fındığın daha dərin emalı ilə məşğul olar və o sahədən daha çox qazanc əldə edər. Bu məhsulun xaricə ixrac olunması əslində qiymətə təsir etməlidir”.

Vahid Məhərrəmov qiymətlərin aşağı olmasının fermerlərə mənfi təsir etdiyini də diqqətə çatdırıb. 

Ekspert onu da vurğulayıb ki, bu sahəyə dövlət tərəfindən nəzarət olunmalıdır: 

“Kənd Təsərrüfatı Nazirliyi fermerlərin problemi ilə maraqlanmalı, istehsalın neçəyə başa gəlməsini hesablamalıdır”.

Qeyd edək ki, Azərbaycan fındıqçılıq sahəsində ixtisaslaşmış ölkələrdən biri hesab olunur. Dünyada fındıq istehsalına görə ölkəmiz 5-ci sırada qərarlaşıb.

Röyanə Oğuz, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO