Dövlət Statistika Komitəsinin bu gün açıqladığı hesabata əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 milyard 681,7 milyon manat xərclənib. Bu göstərici 2022-ci ilin müvafiq dövrünün göstəricisini 5,7% üstələyir.
“Avtomobil idxalının artması yanacağın sərfiyyatına da təsir edir”
Bunun səbəblərini Bizim.Media-ya açıqlayan neft Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bu xərclərin ildən-ilə daha da artdığını bildirib.
Onun sözlərinə görə, hər il ölkəyə 50-60 minə qədər avtomobil idxal olunur ki, bu da yanacağın sərfiyyatının artmasına təsir edir.
“Hər bir kilometr üçün 0,8 – 1,2 litrə qədər yanacağın sərf olunduğunu nəzərə alsaq və hər 100 km-ə isə 80-120 litr götürsək, il ərzində kifayət qədər yanacağın istifadə olunduğunu açıq görmək olar”.
Ölkəmizdə yanacağın istehlakının son 2-3 ildə daha da artdığını söyləyən ekspert qeyd etdi ki, bu da illik 2,6-27 milyard ton yanacaq deməkdir:
“Ondan əvvəlki illərdə isə bu sərfiyyət bir qədər aşağı idi. Ölkəmizdə yanacaqla işləyən avtomobillərin say həddindən çoxdur. Əgər ölkəmizə elektromobillərin idxalına üstünlük verilsəydi, o zaman yanacağa xərclənən vəsaitin həcminin azalmağı ilə nə isə demək olardı. Bu zamanda, nə qədər elektrik enerjisinin sərf olunması ilə bağlı statistik rəqəmləri açıqlayacaqlar.
Bu gün istifadə olunan avtomobillərin çoxu paytaxtın üzərinə düşür ki, bu da küçələrimizdə böyük sıxlıqlarla müşayiət olunur”.
Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 milyard 768,7 milyon manat xərclənib, bu göstərici 2021-ci ilin göstəricisini 7,9% üstələyir.
Ölkəmizdə yanacaq sərfiyyatının artması qiymətlərə necə təsir edəcək? Bu sahədə bahalaşma baş verəcək, yoxsa qiymətlər sabit qalacaq?
“Ölkədə yacacağın qiymətinin artmasını düşünmürəm”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevin fikrincə, əgər ölkədə tələb və təklif artırsa, o zaman buna uyğun olaraq qiymətlər də arta bilər:
“Ancaq burada başqa bir faktor əsas rol oynayır. Azərbaycanda benzin və dizel ehtiyatları kifayət qədərdir, üstəlik yanacaq istehsal edən zavodların gücü çox böyükdür. Bu baxımdan da qiymətlərin bahalaşacağını düşünmürəm. Bunun sonuncu dəfə 2022-ci ilin əvvəlində baş verdiyini nəzərə alsaq, ölkədə qiymət artımı baş verməməlidir. Burada bir məsələ də var ki, əhalinin artması sərfiyyatın da artımına təsir edir”.
Onun sözlərinə görə, pandemiya dövründən sonra ölkəyə müxtəlif növ minik avtomobillərin idxalı digərlərinə nisbətən 14-15 faiz artıb:
“Bu göstərici ildən-ilə daha da artır. Bizi narahat edən əsas məsələ, paytaxt küçələrində hər gün baş verən tıxaclarla bağlıdır. Hər il də bu problem kəskin xarakter alır ki, bunlar da öz növbəsində sərfiyyata öz təsirini göstərir”.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:00 / 12.08.2023
Benzin və dizel BAHALAŞACAQ?
Hazırda oxunan: Benzin və dizel BAHALAŞACAQ?
Hazırda oxunan: Benzin və dizel BAHALAŞACAQ?
150515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.