Mərkəzi Bankın son qərarı siyasi partiyaların GÜNDƏMİNDƏ – “Xaricdən qrant almaq olmaz”

Mərkəzi Bankın son qərarı siyasi partiyaların GÜNDƏMİNDƏ – “Xaricdən qrant almaq olmaz”

Hazırda oxunan: Mərkəzi Bankın son qərarı siyasi partiyaların GÜNDƏMİNDƏ – “Xaricdən qrant almaq olmaz”

150412

Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 iyul tarixli 38/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib. 

Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilmiş, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20000 (iyirmi min) ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilmiş, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub. 

Qaydalarda edilən digər dəyişikliklər “Siyasi partiyalar haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlara, habelə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.
“Siyasi partiyalar haqqında” qanunla bağlı olan hissəsidir. Belə ki, həmin qaydaların 4.2-1 maddəsində göstərilir ki, “Qrant haqqında”, “Siyasi partiyalar haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rezidentlərin xarici valyutada, qeyri-rezidentlərin milli və xarici valyutada bank hesabları üzrə qrant müqavilələri, həmçinin siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələr ilə bağlı bank əməliyyatları yalnız müvafiq olaraq qrant verilməsi və ya alınması haqqında müqavilənin (qərarın) qeydə alınmasını və ya ianə barədə məlumatın təqdim edilməsini təsdiq edən sənəd  təqdim olunduqda aparılır. 

Qrant müqavilələri (qərarları) ilə bağlı bank əməliyyatlarına dair tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur. 

“Siyasi partiyalar xarici ölkələrdən, hətta bu ölkələrdə yaşayan azərbaycanlılardan ianələr və ya qrantlar ala bilməzlər”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, mövcud qanunvericiliyə əsasən, siyasi partiyaların xarici ölkələrdən ianə və ya qrant alması, hətta xarici ölkə vətəndaşlarının bu partiyalara üzv olması da qadağandır:

“Ana Vətən Partiyası 30 ildir fəaliyyət göstərsə də, nə xaricə pul göndərmək ehtiyacı olub, nə də xaricdən hansısa formada pul daxil olub. Bu baxımdan da düşünürəm ki, partiyalar xarici ölkələrdən, onların vətəndaşlarında, hətta bu ölkələrdə yaşayan azərbaycanlılardan ianələr və ya qrantlar ala bilməzlər. 

Ona görə ki, əgər Azərbaycanda siyasi partiya üzvü olan vətəndaş hər hansı bir səbəbdən xarici ölkələrin birində yaşayırsa, deməli, onun həmin ölkənin müvafiq qurumları qarşısında öhdəliklər götürməsi ilə bağlı kifayət qədər əsaslar və şübhələr var. Belə olan halda həmin şəxslərin hər hansı bir pul göndərməsi doğru olmaz. Çünki, bunun arxasında başqa məqsədər dayana bilər”. 

Onun sözlərinə görə göstərilən müddəaların siyasi partiyalara da şamil edilməsi başa düşülən deyil:

“Çünki, onlar Azərbaycan qanunvericiliyi çərçivəsində ancaq ölkə vətəndaşlarından təşkil olunan bir siyasi qurumdur və ancaq ölkə daxilində yaşayan insanlardan ianə və maliyyə yardımı ala bilər. Bu baxımdan da Mərkəzi Bankın bu qərarı siyasi partiyalara şamil edilə bilməz”. 

Məlum olduğu kimi, hər bir Azərbaycan vətəndaşının həm ölkə daxilində, həm də istənilən xarici ölkədə sərmayə yatırmaq və biznes sahəsi yaratmaq icazəsi vardır. Bu baxımdan da ola bilsin ki, hansısa partiya rəhbəri xarici ölkələrin birində biznes sahəs yaradıb və ordan əldə etdiyi gəlirlərin bir hissəsini öz partiyasına ianələr şəklində yatırsın. Yeni qərar isə bunu müəyyən qədər məhdudlaşdıra bilərmi?

AVP sədrinin fikrincə, bu məsələ qanunda müəyyən boşluqların olduğunu göstərir:

“Əslində, siyasi partiya rəhbərinin bizneslə məşğul olub-olmaması ilə bağlı hansısa məhdudiyyət yoxdur. Əgər həmin şəxs xaricdə biznes qurubsa və bir azərbaycanlı kimi yaşadığı ölkənin və ölkələrin xüsusi xidmət orqanları qarşısında öhdəliyi yoxdursa, qazandığı vəsaitdən öz partiyası üçün ayıra bilər. 

Əgər ölkəmizdəki partiyaların istənilən funksioneri, və ya sədri öz biznesini xaricdə qurursa və pul qazanırsa, niyə öz partiyasına ianə göndərməlidir? Ondansa, burada da biznes quraraq qazanc əldə edə və təşkilatına ianələr ayıra bilər”.

“Siyasi partiya yalnız Azərbaycan vətəndaşından ianə qəbul edə bilər”

Milli Məclisin digər deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də, siyasi partiyaların xaricdən maliyyələşməsinin mümkün olmadığını diqqətə çatdırıb.

O, fikrini belə əsaslandırıb ki, “Siyasi partiyalar haqqında” qanun demək olar ki, siyasi partiyaların maliyyə axınlarına tam nəzarət edə bilir və xarici yardımı isə qadağan edir: 

“Əvvəlki qanunda bu sahədə boşluqlar vardı və xarici fondlar siyasi partiyaların bilik və bacarıqlarının artıırlması üçün vəsait ayıra bilərdi. Demək olar ki, ABŞ, Böyük Britaniya, Fransa, Niderland, Polşa, Məcarıstan, Almaniya və digər ölkələrin siyasi partiyaları öz nəzdində faəliyyət göstərən siyasi fondlar vasitəsilə Azərbaycan siyasi partiyalarına təlim keçir və müəyyən tədris proqramları da həyata keçirirdilər. Hazırkı qanun bütün bunları birmənalı olaraq qadağan edir. 

“Siyasi partiyalar haqqında” qanunun 24.1 bəndində deyilir ki, “Siyasi partiya yalnız Azərbaycan Respublikasının vətəndaşlarından ianə qəbul edə bilər”.  Qanunun 23.2.4 bəndi “beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər”in, 23.2.5 bəndi isə “əcnəbilər və vətəndaşlığı olmayan şəxslər”in vəsait ayırmasını və yardmını qadağan edir. Qanunda digər müddəalar da var və Milli Bankın qəbul etdiyi dəyişikliklər bu məsələləri tənzimləmək üçündür və əsasən uyğunlaşdırma xarakterlidir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO