“Abşeron” yatağında yeni səhmdar, SOCAR-ın növbəti ANLAŞMALARI – İlham Şabanın ŞƏRHİNDƏ

“Abşeron” yatağında yeni səhmdar, SOCAR-ın növbəti ANLAŞMALARI – İlham Şabanın ŞƏRHİNDƏ

Hazırda oxunan: “Abşeron” yatağında yeni səhmdar, SOCAR-ın növbəti ANLAŞMALARI – İlham Şabanın ŞƏRHİNDƏ

149580

“Bizim Barel”in başına gələnlər

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Bu həftə artıq yayın sonuncu ayına qədəm qoyduq. Havalar Azərbaycanda hələ ki, mülayim keçir. Belə bir hal ölkəmizin enerji istehlakı üçün münbit bir şərait yaradıb. Bundan başqa yola saldığımız həftə Azərbaycan iqtisadiyyatının lokomotivi sayılan Dövlət Neft Şirkətinin (SOCAR) xeyli aktivliyi ilə yadda qaldı. Bu haqda bir qədər sonra, hələlik isə nəzərimizi dünya bazarlarına yönəldək, çünki Azərbaycanın gəlirlərinə birbaşa təsiri olan amildir. 

Qlobal bazarlar. 

Dünya bazarlarında “qara qızılın” qiymətinə təsir edəcək hadisə həftə sonuna təsadüf etdi. Belə ki, OPEC+ Nazirlərinin Monitorinq Komitəsi növbəti iclasını oktyabrın 4-nə planlaşdıraraq özünün sayca 49-cu iclasını başa çatdırdı.

Ənənəvi olaraq,  Monitorinq Komitəsi OPEC+ sazişinin taleyi ilə bağlı qərar qəbul etmir, lakin alyansa sazişin parametrlərinin tənzimlənməsinin və bütün nümayəndə heyətləri başçılarının növbədənkənar iclasının çağırılmasının məqsədəuyğunluğu barədə tövsiyə verir.

Hazırda qüvvədə olan razılaşmaya əsasən, OPEC+ 2023-cü ilin sonuna qədər neft hasilatını gündəlik 2 milyon barel azaldır. İyun ayında keçirilən nazirlərin son toplantısında alyans 2024-cü ildən etibarən neft hasilatını gündəlik 1,4 milyon barel azaldacağını açıqlamışdı.

İndi isə Monitorinq Komitəsi iclasdan bir gün öncə Səudiyyə Ərəbistanının könüllü olaraq gündəlik 1 milyon barel hasilatı azaltmasını təqdir edib və sentyabrda əlavə olaraq Rusiyanın 300 min barel könüllülük əsasında ixracatını azaldılmasına görə rəsmi Moskvaya təşəkkürünü ifadə edib. 
Nəticədə cümə günü axşam dünya neft qiymətləri 1,5%-dən çox bahalaşdı, Brent markalı neftin qiyməti 17 apreldən bəri ilk dəfə olaraq 86 dollar/barel səviyyəsini aşmağa müvəffəq oldu. Çünki bazar iştirakçıları neftə tələbat perspektivlərini qiymətləndirərkən görürlər ki, yaxın zamanlarda “qara qızıla” tələbat artıma doğru getdiyi halda, qlobal bazara xammalın çıxarılması daha aşağı templərlə həyata keçiriləcək. 

Yəni iqtisadiyyatı neftə bağlı ölkələr dünya iqtisadiyyatında ötən ildən müşahidə edilən qeyri-stabillik nəticəsində onlara dəyən maddi ziyanı məhz “qara qızılın” qiymətinin tənzimlənməsi yolu ilə kompensasiya etdiklərini artıq açıqca ortaya qoyurlar. Bu prosesə qarşı inkişaf etmiş ölkələrin (yəni dünya enerjisinin əsas istehlakçıları) atacaqları addımlar hələ qeyri-müəyyəndir. 

Qaz bazarında yaşanan komfortlu hesab edilə biləcək qiymətlər (cümə günü London birjası bağlanarkən qazın 1000 kubmetrinin qiyməti 339 dollar təşkil etdi) isə əsasən klimatik faktorlardan qaynaqlanır və ümumən mülayim hava şəraiti mavi yanacağa olan tələbatı azaltsığından onun qoyməti də cari ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə Avropada 4,5 dəfə ucuzlaşıb.    

SOCAR-da dəyişikliklər. 

Ötən həftənin cümə günü SOCAR-da başlayan böyük kadr dəyişiklikləri bu həftə də davam etdi. Avqustun 1-də Azərbaycan prezidenti İlham Əliyev SOCAR-ın ekoloji məsələlərə cavabdeh vitse-prezidenti Rəfiqə Hüseyn-zadəni vəzifəsindən azad edib. Hüseyn-zadə 2011-ci ildən bu vəzifəni tuturdu. 

Ümumilikdə, dövlət başçısının sərəncamları ilə iyulun 28-dən indiyə qədər SOCAR-ın 6 vitse-prezidenti tutduqları vəzifələrindən azad edilib və SOCAR-a 7 yeni vitse-prezident təyin edilib. 

Bundan əlavə, yola saldığımız həftə SOCAR-ın vəzifələrindən azad edilmiş 4 vitse-prezidenti (Xalik Məmmədov, Yaşar Lətifov, Daşqın İsgəndərov və Süleyman Qasımov) şirkət prezidentinin müşavirləri təyin edilib. Bu addım onu göstərir ki, şirkət rəhbərliyinin uzun illər neft-qaz sənayesində işləmiş şəxslərin təcrübəsinə müəyyən ehtiyac duyur. 

“Abşeron” layihəsində yeni səhmdar. 

Həftə sonu Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) Xəzərdəki "Abşeron" qaz-kondensat yatağının səhmdarı oldu. 

Cümə günü Bakıda SOCAR, Fransanın “TotalEnergies” şirkəti və ADNOC arasında "Abşeron" qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair saziş imzalanıb. Abu Dabi əmirliyinin şirkəti SOCAR və “TotalEnergies” şirkətlərinin hər birindən bu layihədəki səhmlərinin 15%-ni alıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35% təşkil edəcək.

İndiyədək SOCAR və “TotalEnergies” “Abşeron” layihəsində bərabər – hər biri 50% iştirak payına malik olub. SOCAR sazişin Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin daha da gücləndirilməsinə və ölkəmizin etibarlı təbii qaz təchizatçısı kimi mövqeyinə dəyərli töhfəsini verəcəyini vurğulayıb.

SOCAR-ın rəsmi açıqlamasında həmçinin bildirilir ki, “ADNOC”un Birləşmiş Ərəb Əmirliklərinin hüdudlarından kənarda hasilat layihəsində ilk investisiyasını Azərbaycana yatırması ölkəmizdə xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürüdür”.

Fikrimcə, Azərbaycanla siyasi-iqtisadi əlaqələri kifayət qədər anlaşımlı olan Birləşmiş Ərəb Əmirlikləri şirkətinin “Abşeron” layihəsində yer alması ona görə baş verib ki, "Totalenergies" və SOCAR  Xəzərin dərin hissəsində yerləşən və kifayət qədər mürəkkəb geoloji struktura malik "Abşeron" yatağının növbəti fazası üzrə işlər üçün daha iri həcmli kapital qoyuluşlarını nəzərə alaraq, maliyyə risklərini azaltmaq haqda yekdil fikrə gəliblər. 

Nəticədə Birləşmiş Ərəb Əmirliklərinin 90%-dən çox neftini hasil edən Abu-Dabi əmirliyi şirkətinin Xəzərin qaz layihəsinə yatırım etməsi 

- onun kifayət qədər azad kapitalının olması;

- Qərb şirkətləri kimi özünün inkişaf strategiyasında "yaşıl enerji" ilə əlaqədar ənənənvi enerji daşıyıcıları layihələrinə yatırımlarla bağlı hansısa limitlə çərçivələnməməsi;

- "Abşeron" kimi layihəyə vasitəsi ilə həm Xəzər regionunda təmsil olunmaq, həm də dolayısı ilə Avropanın enerji təhlükəsizliyində iştirak etmək kimi faktorlardan qaynaqlanır. 

Qeyd edək ki, 10 iyul 2023-cü il tarixdə "TotalEnergies” və onun layihə tərəfdaşı SOCAR şirkəti “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində hasilata başladığını elan ediblər və qarşıda bu yatağqdan daha çox karbohidrogenlərin hasil edilməsi üçün növbəti etap üzrə işlər durur. 

Elə bu mövzuya SOCAR prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz ilə görüşündə də toxunub. Görüşdə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi çərçivəsində görüləcək işlər nəzərdən keçirilib, tərəflər arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR-ın anlaşma memorandumları.  

Avqustun 4-də SOCAR və ADNOC arasında Anlaşma Memorandumu da imzalanıb. Sənəd SOCAR-ın Abu Dabidə həyata keçirilən hasilat layihələrində iştirakını və bu istiqamətdə ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. SOCAR-ın məlumatına görə, Memorandum çərçivəsində tərəflər, eyni zamanda, bərpa olunan enerji və aşağı karbon həlləri sahəsində, habelə hər iki şirkət tərəfindən razılaşdırılmış üçüncü ölkələrdə neft-qaz sahəsində investisiya imkanları ilə bağlı potensial əməkdaşlıq istiqamətlərini araşdıracaq.

Elə həmin gün SOCAR ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə kəşfiyyat, hasilat, emal, marketinq, nəqliyyat, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.

Həftə sonu SOCAR həmçinin  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb.  Sənədə əsasən, tərəflər elmi-texniki məsələlər üzrə birgə məsləhətləşmələr, təcrübə mübadiləsi həyata keçirəcək, qarşılıqlı metodoloji yardımın göstərilməsi və yüksək ixtisaslı mütəxəssislərin akkreditasiya prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Bu həftə ölkəmizin enerji həyatına təsiri olan bir hadisə isə BP şirkətinin Azərbaycandakı layihələr üzrə açıqladığı yarımillik hesabat idi. 

BP-nin hesabatı. 

Bu hesabatlardan məlum olur ki, neft hasilatında vəziyyət heç də ürək açan səviyyədə deyil, qaz hasilatında isə 2017-ci ildən bəri ilk dəfə artım qeydə alınmayıb. 

Altı ay ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda neft hasilatı 2023-cü ilin birinci yarısında təqribən 68 milyon barel təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon barel və ya 11,7% azalma deməkdir. Müqavilə sahəsində hasilatın azalması 2010-ci ilin dördüncü rübündən etibarən müşahidə edilir, amma hazırda azalma tempi kifayət qədər yüksəkdir. Təsəvvür edin ki, indiyə qədər hasilatda azalma tempi yalnız 2011-ci ilin nəticələrinə görə 12,8% olmuşdu. Ondan sonrakı dövrdə bu göstərici ortalama yarıbayarı azalmışdı.  İndi isə son iki ildə hasilatın azalması yenidən sürətlənib.

“Şahdəniz” layihəsi çərçivəsində isə hasilat praktiki olaraq artmasa da, xərclərin 12% artdığı ortaya çıxıb.

BP-nin məlumatına görə, 2023-cü ilin birinci yarısında “Şahdəniz” yatağından 13 milyard kubmetr qaz hasil edib ki, bu da 2022-ci ilin yanvar-iyun ayları üçün göstəriciyə uyğundur.

Yataqdan həmçinin 18 milyon barel kondensat hasil edilib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisinə uyğundur.

Amma “Şahdənizin” işlənməsi çərçivəsində 2023-cü ilin birinci yarısında konsorsiumunun xərcləri 1 milyard 616 milyon dollar tə.kil edib ki, bu da ötən ilin eyni dövrün ilə müqayisədə 11,8% çox olub. Layihə üzrə əməliyyat xərcləri 1 milyard 208 milyon dolları, əsaslı xərclər isə 408 milyon dolları ötüb. BP əlavə edir ki, xərclərin əsas hissəsi “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” çərçivəsində görülən işlərin payına düşüb. 

Mənim neft sektorundakı mənbələrdən aldığım məlumata görə isə, “Şahdəniz”də hasilatın artmaması və xərclərin yüksəlməsi dənizin dibində robotlaşdırılmış hasilat qurğularının birində - manifoldda proqnozlaşdırılmayan dayanma prosesi ilə əlaqədar olub. Onun nəticələrinin aradan qaldırılması dövründə isə müəyyən zaman həmin qurğuda hasilat olmayıb, əvəzində əlavə xərclər yaranıb. 

Amma istənilən halda BP Azərbaycanın neft və qaz hasilatında liderlik edən şirkət olaraq qalır və onun fəaliyyətinin səmərəliyinin ölkəmiz üçün gələn xarici valyutanın həcminə birbaşa təsir imkanlarına malikdir.    

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO