Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyətinin təşkili üçün

Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyətinin təşkili üçün "Yol xəritəsi" hazırlanacaq - FOTO

Hazırda oxunan: Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyətinin təşkili üçün "Yol xəritəsi" hazırlanacaq - FOTO

148257

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının ilk iclası keçirilib. 

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən bildirilib. 

Azərbaycan-Qırğız İnkişaf Fondunun ilk iclasında funksional fəaliyyətə başlama istiqamətində müzakirələr aparılıb. 
Tədbirdə çıxış edən Şuranın sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş"in dövlət başçısı İlham Əliyevin ötən ilin oktyabr ayında Qırğızıstana dövlət səfəri çərçivəsində imzalandığını xatırladıb və bu Sazişin qüvvəyə minməsi üzrə hər iki tərəfdən dövlətdaxili prosedurların başa çatdırıldığını bildirib. 

İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılan Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatıracaq.

Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərəcək və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verəcək. 

Tədbirdə Fondun maliyyə alətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu, kredit, qrant, investisiya, payın alınması kimi alətlər olacaq və alətlərin proporsionallığı müəyyənləşdiriləcək.

İclasda Şuranın üzvləri Fondun fəaliyyətinin təşkili üçün həll edilməli olan məsələlərə dair zəruri çərçivəni nəzərdə tutan "Yol xəritəsi"nin hazırlanması, eləcə də maliyyələşmə, kreditin verilmə proseduru, layihələr üzrə meyarların müəyyən edilməsi və s. məsələlər ətrafında müzakirələr aparıblar. 
Qeyd edək ki, mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO