Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Artıq iyulun ortasındayıq. Və bu elə zamandır ki, ilin ilk yarısının nəticələri açıqlanır. Bu məlumatlar əsasında isə proqnozlara korrektələr etmək, illik gözləntilərin hansı göstəricilər üzərində tamamlanacağına dair daha səhih fikirlər yürütmək olar.
Qlobal bazarlar.
Bu həftə neft bazarlarında hələ mayın əvvəlindən ilin ikinci yarısı üçün qiymətlərlə bağlı edilən proqnozlar özünü büruzə verməyə başladı. Daha doğrusu, istər OPEC, istərsə də Beynəlxalq Enerji Agentliyi hesab edirdi ki, ilin II yarısından dünya bazarlarında neft qiymətlərinin artımı müşahidə edilməyə başlayacaq, çünki bazarda tələbat çoxalacaq, təklif isə yetərli olmadığından qiymətlərin artımı labüddür.
Beləliklə, iyulun 3-də Brent markalı neftin qiyməti London birjasında 80 dollar həddini, bir gün sonra isə 81 dollar həddini aşa bildi. Bu, cari ilin 26 aprel tarixindən sonra neftin hərraclarda satıldığı ən bahalı qiyməti idi. Bəs nədən neft qiymətləri belə artım nümayiş etdirdi?
Bunun iki səbəbi vardı: birincisi, dollar həftə ərzində avroya nisbətdə təqribən 10 faizlik ucuzlaşma nümayiş etdirdi. İkincisi isə OPEC və Beynəlxalq Enerji Agentliklərinin işıq üzü görən yeni hesabatları idi. Bu sənədlərə görə, neftə olan tələbat artmaqda davam edəcək, neft hasilatının artımı isə tələbatın artım templərindən geri qalacaq. Nəticədə bazarda neftə olan tələb yüksələcək və qiymət artımı ilin ikinci yarısında daim özünü göstərəcək.
Qiymətlərlə bağlı müxtəlif proqnozlar səsləndirilir, daha çox 85-90 dəhlizində olan qiymətlərə rast gəlinir. Hətta qiymətlərin 80 dollar civarında qalması belə, Azərbaycan hökumətinin büdcəyə cari ildə etdiyi dəyişikliklərdəki proqnoz göstəricisindən (1 barel üçün 60 dollar) 33% çox olması deməkdir. Bu isə neftin proqnoz edildiyindən Azərbaycan üçün daha çox gəlir gətirəcəyini deməyə əsas verir ki, nəticədə büdcənin kəsirlərinin bağlanması üçün hökumət əlavə tədbirlərə əl atmadan keçinə bilər, necə ki, bunu 2020-ci ildən sonrakı dövrdə həyata keçirir.
Proqnozlar.
OPEC 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin orta gündəlik hasilatını 0,7 milyon barel səviyyəsində proqnozlaşdırır ki, bu da 2022-ci illə eynidir. Bu cür məlumatlar təşkilatın aylıq hesabatında verilir.
Hesabata görə, may ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə bütövlükdə sabit qalıb və gündə orta hesabla 0,7 milyon barel olub, lakin 2022-ci ilin may ayı ilə müqayisədə sutkada 65 min barel azalıb. Neft hasilatı orta hesabla 511 min barel, kondensat hasilatı 145 min barel təşkil edib.
OPEC-in məlumatına görə, bu il “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları kimi köhnə yataqlarda neft hasilatının azalmasının, “Şahdəniz”, “Abşeron” və “Ümid” kimi yataqlarda isə kondensat hasilatının artımı hesabına kompensasiya olunacağı gözləyir.
OPEC 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatını da orta hesabla gündəlik 0,7 milyon barel səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, AÇG blokunda hasilat yeni Mərkəzi Şərqi Azəri platformasının istismara verilməsi hesabına artmalıdır.
“Abşeronun” ilk qazı.
Həftənin ilk günü “Abşeron” qaz-kondensat yatağından hasilatın başlanması xəbəri rəsmən elan edildi. Azərbaycan Prezidenti İlham Əliyev isə çərşənbə günü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə “Abşeron” qaz yatağından ilk quyusunun məhsuldarlığının nəticələrinin gözlənildiyindən də yaxşı olduğunu açıqlayıb.
Prezident “Abşeron” yatağından hasilata başlanmasının Azərbaycanın enerji təhlükəsizliyini yüksək səviyyədə təmin edəcəyini, ixrac qazının həcminin təkcə “Şahdəniz” yatağının hesabına deyil, həm də “Abşeron”un hesabına ildən-ilə artacağını vurğulayıb.
“Artıq “Abşeron”un birinci fazasında işlər gedir. Yəqin ki, SOCAR tezliklə xarici tərəfdaşları ilə bu yatağın işlənməsinin ikinci mərhələsi ilə bağlı daha fəal danışıqlara başlamalıdır. Yenə deyirəm, biz, açığını desəm, belə əlamətdar nəticələr gözləmirdik. Bu, Azərbaycanın enerji potensialına kölgə salmağa çalışan bəzi “ekspertlərə” çox yaxşı xəbər və layiqli cavabdır. Ona görə də bundan sonra qaz ixracı ilə bağlı planlarımız daha sürətlə və daha böyük həcmdə həyata keçiriləcək”, - deyə Əliyev bildirib.
Qeyd edək ki, Fransanın “TotalEnergies” şirkəti SOCAR ilə birlikdə Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində iyulun 10-da hasilata başlayıb. Bu mərhələ çərçivəsində sutkada 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil edilməsi planlaşdırılır. Qaz Azərbaycanın daxili bazarında satılacaq”, - deyə “TotalEnergies” şirkətinin saytında bazar ertəsi dərc edilmiş press-relizdə deyilir.
“Abşeron” qaz yatağı Bakıdan 100 km məsafədə, dənizin 600 metr dərinliyində yerləşir. 2019-cu ildə “Abşeron” yatağında dərinliyi 7411 metr olan “ABD-001” istismar-qiymətləndirmə quyusunun qazılmasını başa çatdırıldı. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir və onun işlənməsi mərhələli şəkildə həyata keçiriləcək.
Qaz əməkdaşlığı.
Bu həftə Macarıstan XİN başçısı Azərbaycanla qaz saxlanmasına dair müqavilənin imzalanmasının anonsunu verib.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Macarıstan Azərbaycanla qaz tədarükü ilə bağlı bütün lazımi sazişləri bağlayıb, tərəflər həmçinin qazın saxlanmasına dair müqavilə imzalayacaqlar.
"Biz Aİ-ni gözləmirik: biz bu il Macarıstana qaz tədarükünə başlayacaq azərbaycanlı dostlarımızla ilk mərhələdə ilin sonuna qədər 100 milyon kubmetr həcmində qaz tədarükünə dair bütün lazımi müqavilələri bağlamışıq. Biz hətta 50 milyon kubmetr qazın saxlanması üçün müqavilə imzalamağa yaxınıq", - Siyarto bildirib.
Xatırladaq ki, iyulun 10-da Siyarto Bakıda Azərbaycanın enerji naziri Pərviz Şahbazovla danışıqlar aparıb.
Onun sözlərinə görə, Avropa ciddi enerji təchizatı böhranı ilə üzləşməkdə davam edir.
"Brüsseldə bir sıra səhv qərarlar səbəbindən qiymətlər həddən artıq yüksəldi və bir çox hallarda tədarükün təhlükəsizliyi təhdid altına düşdü. Ölkəmizin enerji təchizatının təhlükəsizliyinə zəmanət vermək üçün mümkün qədər çox sayda mənbədən təbii qaz almaq üçün əlimizdən gələni edəcəyik", - xarici işlər naziri vurğulayıb.
Siyarto qeyd edib ki, «Azərbaycan ən real şaxələndirmə mənbələrindən biridir».
Neft və qaz statistikası.
Dövlət Statistika Komitəsinin açıqladığı aylıq hesabata əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 15 milyon 203 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 7,7% azdır. Əmtəəlik “qara qızılın” həcmləri isə 15 milyon 160 min ton təşkil edib (azalma yenə 7,7%).
2023-cü ilin birinci yarısında Azərbaycanda 24 milyard 247,5 milyon kubmetr qaz (artım 3,6%), 18 milyard 177,8 milyon kubmetr əmtəəlik qaz (artım 3,2%) hasil edilib.
Xatırladım ki, 2022-ci ildə Azərbaycanda 32 milyon 667,7 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin göstəricisindən 5,5% azdır. Qaz hasilatı 46 milyard 743,3 milyon kubmetr (artım 6,6%), əmtəəlik qaz hasilatı 34 milyard 958,3 milyon kubmetr həcmində (artım 7,3%) olub.
Azərbaycan hökuməti 2023-cü ildə ölkədə neft hasilatını 31 milyon 222,3 min ton, əmtəəlik qaz hasilatını isə 35 milyard 900,3 milyon kubmetr həcmində proqnozlaşdırır.
İlin birinci yarısının nəticələrinə əsasən demək olar ki, qaz hasilatı proqnoz ediləndən daha çox olacaq. Çünki ilin ikinci yarısında “Abşeron” yatağından 700 milyon kubmetrə yaxın qazın çıxarılması planlaşdırılır, hasilatın indiki tempi saxlanılarsa, ölkədə cari ildə ümumilikdə 37 milyard kubmetrə qədər əmtəəlik qaz hasil etmək mümkündür. Neftə gəlincə isə, hökumətin verdiyi proqnozlara əməl edilməsi mətin işdir, çünki hasilatın aşağı düşmə tempi yüksəkdir. Əgər “Abşeron” yatağından 200 min ton kondensat çıxarılmasını da nəzərə alsaq belə, illik hasilat 30,4 mln tondan yuxarı həddə qalxmayacaq.
Neft tranziti.
2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə vurulan neftin həcmi 15 milyon 25,4 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5% çoxdur.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunmuş neftin ümumi həcminin 76,5 faizi BTC neft kəməri ilə vurulub.
Nazirliyin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında BTC vasitəsilə nəql olunmuş bütün neftin 83,7 faizi və ya 12 milyon 570,2 min ton (artım 7 faiz) Azərbaycan neftinin payına düşüb.
2023-cü ilin yanvar-iyun aylarında BTC ilə nəql olunmuş Qazaxıstan və Türkmənistandan tranzit neftin payı nəqlin ümumi həcminin 16,3 faizini və ya 2 milyon 455,2 min tonunu (artım 4 faiz) təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə BTC kəməri ilə daşınan neftin həcmi 29 milyon 749,6 min ton (artım 12,6 faiz), o cümlədən 5 milyon 103,9 min ton tranzit nefti (artım 41,8 faiz) təşkil edib.
Qaz ixracı.
2023-cü ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağından Azərbaycan qazının ixracı 10 milyard 915,1 milyon kubmetr təşkil edib ki, bu da 2022-ci ilin 6 ayı ilə müqayisədə 6,6% çoxdur.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin 6 ayı ərzində magistral qaz kəmərləri ilə nəql olunmuş qazın ümumi həcminin 52,5 faizi “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Ümumilikdə, 2023-cü ilin birinci yarısında Azərbaycanın magistral qaz kəmərləri ilə 20 milyard 796,5 milyon kubmetr (artım 4,5 faiz) qaz nəql edilib.
Qeyd edək ki, 2022-ci ildə “Şahdəniz” yatağından qaz ixracı 20 milyard 803,7 milyon kubmetr (artım 18,1%) təşkil edib.
“Şahdəniz” yatağından hasil edilən qaz hazırda Gürcüstan, Türkiyə və Avropaya (İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniya) ixrac edilir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:00 / 15.07.2023
Neftin qiymətindəki artım nə vaxta kimi davam edəcək? – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: Neftin qiymətindəki artım nə vaxta kimi davam edəcək? – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: Neftin qiymətindəki artım nə vaxta kimi davam edəcək? – İlham Şabanın ŞƏRHİ
146347
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.