Çanaqqala zəfərinin 105 illiyinə həsr olunmuş yubiley pul nişanlarının tədavülə buraxılması ilə bağlı təkliflər hazırlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Mərkəzi Bankdan məlumat verilib.
Yubiley pul nişanı “Bir millət, iki dövlət” mövzusunda və Türkiyə Cümhuriyyəti ilə bağlı, həmçinin bütövlükdə türk dünyasının şanlı tarixlərindən olan Çanaqqala zəfərinin 105 illiyinə həsr olunacaq.
Məlumat üçün bildirək ki, qardaş Türkiyə Cümhuriyyəti Xəzinədarlıq və Maliyyə Nazirliyi tərəfindən də 2018-2019-cu illərdə Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Milli Məclisinin və Azərbaycan Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə bağlı xatirə əskinaslar hazırlanıb.
Həmin il dahi klassikimiz İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş xatirə pul nişanları da tədavülə buraxılıb.
Gülşanə Müstafayeva, Bizim.Media