Bankomatlarla bağlı problemlərə son zamanlar daha çox rast gəlinir. Əksəriyyət, bankomatların azlığından və bu səbəbdən növbələrin yaranmasından şikayətlənirlər.
Digər narahatlıq doğuran məqam isə bankomatlardakı əskinas qıtlığı ilə bağlıdır. Xüsusən də, bankomatlardan kiçik əskinaslar çıxarmaq ciddi problemə çevrilir.
Məsələn, “Unibank” bankomatlarında bu problemə daha çox rast gəlinir. Redaksiyamıza daxil olan şikayətlərdə bildirilir ki, “Unibank” bankomatlarından 1 manatlıq əskinaslar çıxarmaq müşkülə çevrilib.
Təbii ki, bu vəziyyət narahatlıq doğurur. Çünki istənilən halda vətəndaşların xırda əskinaslara ehtiyacı yaranır. Başqa bankların bankomatlarından pul çıxarmaq istədikdə isə, komissiya faizinin tutulması vətəndaşların büdcəsində itkilərə yol açır.
Problemlə bağlı “Unibank”ın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova Bizim.Media-ya açıqlamasında bildirib ki, bankomatlarında xırda əskinasla bağlı problem yoxdur:
MÖVZU İLƏ BAĞLI:
Banklarda pul köçürmələri ilə bağlı faizlər niyə YÜKSƏKDİR? – SƏBƏBLƏR
“Sadəcə müvəqqəti hal kimi bəzən belə hallar baş verir. “Unibank” bankomatlarında bütün əskinaslar olur. Əskinasın kartla bağlılığı yoxdur. Sadəcə ola bilər ki, həmin vaxt həmin bankomatda xırda əskinas bitmiş olsun. Ya da ola bilər ki, siz davamlı olaraq eyni bankomatdan nağdlaşdırma edirsiz. Bu zaman həmin filialın inkassasiya xidmətinə bildirilir və məsələ qeydə alınır”.
Bankomatlarda yaranan bu sıxıntının səbəbini iqtisadçı ekspert Emin Qəriblidən öyrənməyə çalışdıq.
Ekspert bildirir ki, bu halların baş verməsinə səbəb bankomatlarda böyük əskinaslara tələbatın çoxluğu ola bilər:
“Təcrübə onu göstərir ki, insanlar bankomatlara, əsasən, böyük əskinaslara görə müraciət edir. Bunu qeyri-adi hal kimi də hesab etmək olmaz. İstənilən halda insan gedib iri əskinası xırdalaya bilər. Ancaq ümumi narazılıqlar varsa, şikayətlərin olması təbiidir. Belə hallarda həmin bankların filiallarına müraciət edərək şikayətlərini bildirirə bilərlər”.
Ekspert bildirir ki, bu barədə hər hansı bir qayda və tələb olmadığı üçün banklar, çıxış yolu kimi ictimai rəy əsasında problemi aradan qaldıra bilərlər:
“Məsələ ondadır ki, bu barədə müvafiq qaydalar və yaxud tələblər yoxdur ki, əskinasların mütənasibliyi gözlənilsin. Bu mövzuda banklar özləri çevik olmalıdır. Yəni, bu haqda ictimai rəy formalaşırsa və banklar müvafiq addımlar atmırsa, insanlar digər bankomatlardan istifadə edərək onlara üstünlük verəcəklər”.
Röyanə Oğuz, Bizim.Media