Sığorta ekspertlərinin fəaliyyəti necə TƏNZİMLƏNƏCƏK?

Sığorta ekspertlərinin fəaliyyəti necə TƏNZİMLƏNƏCƏK?

Hazırda oxunan: Sığorta ekspertlərinin fəaliyyəti necə TƏNZİMLƏNƏCƏK?

139844

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna müstəqil ekspertlərin fəaliyyətini tənzimləyəcək yeni fəslin əlavə edilməsi təklif olunub. 

Belə ki, sığorta sahəsində müstəqil ekspert fəaliyyətinin əsasları müəyyənləşdiriləcək, onların reyestri aparılacaq və fiziki şəxslər sığorta sahəsində müstəqil ekspert sertifikatı almaq üçün imtahan verəcək.
Yeni qaydaya əsasən, müstəqil ekspert fəaliyyəti Mərkəzi Bankın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən sahələr üzrə həyata keçirilir.

Aşağıdakı tələblərə cavab verən fiziki və hüquqi şəxslər müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra reyestrə daxil edildiyi sahə (sahələr) üzrə müstəqil ekspert fəaliyyəti ilə məşğul ola bilərlər:

- fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə və müstəqil ekspert sertifikatına malik olmalıdır;

- hüquqi şəxsin əmək müqaviləsi əsasında işləyən ən azı iki işçisi müstəqil ekspert olmalıdır;

- hüquqi şəxsin iştirakçısı və icra orqanının rəhbəri sığortaçı, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və ya hüquqi şəxs olan sığorta vasitəçisi ilə əmək və ya mülki-hüquqi müqavilə münasibətlərində olmamalı və sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirməməlidir;

- hüquqi şəxsin adı bu Qanunun 94-4-cü maddəsinin tələblərinə uyğun olmalıdır.

Qanuna ediləcək əlavələrlə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov, layihəni mütərəqqi və  gələcəyə doğru inkişafı özündə əks etdirən bir sənəd kimi xarakterizə etdi:

“Bundan əvvəl sığorta ekspertləri Mərkəzi Bankda öz fəaliyyətləri ilə bağlı bəyan edirdilər. Bunun əsasında da müstəqil ekspetlərin siyahısı hazırlanırdı. Bununla belə, onların hüquq və vəzifələri bəlli deyildi. Əslində, bir müddət əvvəl biz də müstəqil ekspert kimi təkliflərimizi vermişdik. Bəyan etmişdik ki, bütün məsələlər aydınlaşdırılmalı, hüquq və vəzifələrimiz müəyyən edilməlidir ki, sonradan məsuliyyət daşıya bilək”.

“Ekspert, layihədə, müstəqil sığorta ekspertlərinin imtahana cəlb olunması, onların reyestrinin aparılması, hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı müddəaların da yer aldığını və bunun düzgün olduğunu diqqətə çatdırdı. 

Aqrar Sığorta Fondunun müstəqil ekspertlərlə bağlı belə bir layihəsinin olduğunu xatırladan müsahibimizin sözlərinə görə, burada da müvafiq sahələr üzrə tələblər qoyulmuşdu:

“Belə ki, həmin ekspertlərin imtahan verərək, setifikat almalarının vacibliyi önə çıxarılmışdı. Ancaq bu məsələ ölkə daxilində bir qədər mübahisəyə səbəb oldu. ASF ölkədə yeni olduğu üçün bu məsələ ilə yeni qaydalar tətbiq etmək istəyirdi. Müstəqil ekspertin vəzifəsi ondan ibarətdir ki, əgər sığorta şirkəti ilə vətəndaş arasında hər hansı bir məsələyə görə mübahisə yaranırsa, hər iki tərəfin razılığı ilə müstəqil ekspert Mərkəzi Bankın reyestrində olan şəxslərin arasınan seçilə bilər. Həmin ekspert də tərəflər arasında ədaləti bərpa etmək üçün qanunvericiliklə müəyyən olunmuş addımlar atır”.

Hazırda Mərkəzi Bankın reyestrində müstəqil ekspert kimi fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin siyahısının olduğunu deyən müsahibimiz qeyd etdi ki, yenu qanun ola bilsin, bundan sonrakı ekspertlərə aid edilsin:

“Layihə ya əvvəllər reyestrdə olmuş şəxslərə aid edilməyəcək, ya da hansısa bir kompromis bir variantdan istifadə olunacaq. Əvvəlki eksperlərin bu məsələyə uyğunlaşdırılması ilə bağlı hər halda hansısa qaydalar müəyyən ediləcək”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO