İçməli suyun qiyməti yenə BAHALAŞIR? –

İçməli suyun qiyməti yenə BAHALAŞIR? – "“Azərsu” suyun 1 kubmetrini 40 manata satır”

Hazırda oxunan: İçməli suyun qiyməti yenə BAHALAŞIR? – "“Azərsu” suyun 1 kubmetrini 40 manata satır”

138035

Azərbaycanda içməli suyun bahalaşacağı bildirilir. Daha doğrusu bu təkliflə deputat Rüfət Quliyev Milli Məclisin son iclasında çıxış edib. “Azərbaycan dünyada içməli sudan əziyyət çəkən ölkələrdən biridir. Bu problem ilbəil artır. Biz suyun qiymətini saxlaya bilməyəcəyik”, – deyə deputat bildirib.

Deputatın belə bir çıxışı suyun qiymətinin yenidən bahalaşacağına işarədir? Maraqlıdır, tariflər qaldırılsa, nə qədər olacaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Akif Nəsirlinin sözlərinə görə Azərbaycanda hazırda suyun qiyməti həddinən artıq yüksəkdir və yenidın tarifləri qaldırmaq absurddur: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda içməli su ilə bağlı yeni dövlət standartı qüvvəyə mindi


“Bakı və Sumqayıtdan başqa digər regionların içməli su problemi demək olar ki, yoxdur. Sadəcə olaraq bu potensialları reallaşdırmaq lazımdır. Su mənbələrindən sistemlər vasitəsilə əhalini su ilə təmin etmək lazımdır. Bunu isə dövlət etməlidir. Bu, bizim işimiz deyil. “Azərsu” ASC hər il milyonlarla manat dotasiya alır.

Bir tərəfdən də deyir ki, suyun qiyməti ucuzdur. Bilirsizmi ki, “Azərsu” bizə suyun bir kubmetrini 1 manata deyil, təxminən 40 manata satır?  Sadəcə olaraq onun 1 manatını bizdən, 39 manatını isə dövlət büdcəsindən alır. Belə olan halda biz nə qədər suyun qiymətini qaldırmalıyıq ki, “Azərsu” rentabelli işləsin?! Deməli, hökumətin təbirincə desək, “Azərsu” ASC-nin rentabelliyini təmin etmək üçün biz 1 kubmetr suyun qiymətini 40 manata qaldırmalıyıq.  

Bu isə mümkün olan bir şey deyil. Dünyanın heç bir yerində suyun 1 kubmetri 1, 2 və ya 3 dollardan artıq deyil. Elə ölkələr var ki, əhalinin gəlirləri Azərbaycandakından qat-qat yüksəkdir.  Təsəvvür edin ki, abonent ayda 10 kubmetr su işlədir. Bunun üçün o, “Azərsu” ASC-nin rentabelli işləməsi üçün 400 manat pul ödəməlidir. Halbuki Azərbaycanda minimum əməkhaqqı 350 manatdır. “Azərsu”yu rentabelli etmək üçün hər bir abonent əhalinin minimum əməkhaqqından 50 manat da çox suya pul ödəməlidir. Bu isə mümkün olan bir şey deyil”.

Ekspert əlavə edib ki, ümumiyyətlə, Azərbaycanda su qıtlığı problemi yoxdur:

“Respublika ərazisi üzrə hər il 30 milyard kubmetrdən çox su yaranır. Sadəcə olaraq bu suyu idarə etmək lazımdır. Suyun qiymətinin bahalaşması heç də problemi aradan qaldırmayacaq. Əvvəl suyun qiyməti aşağı olanda guya qıt idi, artırılanda su bollaşdı? Suyun qiymətini bahalaşdırmaqla su mənbələri yarada bilmərik. Əksinə, su mənbələrindən səmərəli istifadə etməyi bacarmalıyıq”. 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı saytımıza bildirib ki, hazırda suyun tarifinin bahalaşması gündəmdə deyil. 

Xatırladaq ki, Azərbaycanda su tarifləri ən son iki il əvvəl, yəni 2021-ci ilin fevralında bahalaşıb.

Bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

Ondan əvvəl isə suyun qiyməti əhali üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr üçün 35 qəpik, digər inzibati ərazi vahidlərində 30 qəpik, qeyri-əhali üçün 1 manat idi. Tullantı sularının axıdılması qiymətləri əhali üçün 1 kub metrə 15 qəpik, qeyri-əhali üçün 1 manat idi.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO