Əmanətlərin Sığortalanması Fondu fəaliyyətini dayandırmış bankların daşınar və daşınmaz əmlaklarını satışa çıxarır.
Bizim.Media xəbər verir ki, may ayının 25-də, saat 11-də “Bakı Hərrac Mərkəzi”ndə həyata keçiriləcək satışda ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin, “DəmirBank” ASC-nin, “NBCBank” ASC-nin, “AtaBank” ASC-nin, “AmrahBank” ASC-nin balansındakı daşınmaz əmlaklar təkrar açıq hərraca çıxarılacaq.
MÖVZU İLƏ BAĞLI:
“Günay Bank”da 70 milyon manat əmanət niyə batdı? – ARAŞDIRMA
Qeyd edək ki, “Texnikabank” ASC-nin satışa çıxarılan daşınmaz əmlakı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanında istifadədə olan 0,0261 ha torpaq sahəsində yerləşən (ü/s 278,90 kv.m) qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 420.000 manatdır.
“DəmirBank” ASC-nin isə əsasən daşınar əmlaklar siyahısına daxil olan müxtəlif növ avadanlıq və əşyaları satışa çıxarılacaq. Onların ilkin satış qiyməti 11.955 manatdır.
Mayın 25-də satışa çıxarılacaq daşınar əmlaklar arasında “NBC Bank”ın 3 ədəd, “Ata Bank”ın isə 7 ədəd ödəmə terminalı da olacaq. Bunların ilkin satış qiyməti isə müvafiq olaraq 1800 manat və 4200 manatdır.
Satışa çıxarılan daşınmaz əmlaklar arasında “AmrahBank” ASC-nin balansındakı ilkin satış qiyməti 128600 manat olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 53A ünvanında yerləşən (ü/s 118,40 kv.m) 35 saylı mənzili, eləcə də “RoyalBank” ASC-nin balansındakı ilkin satış qiyməti 22000 manat olan və Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, ev 99 ünvanında yerləşən (ü/s 24,2 kv.m) mənzil var.
Hərracın şərtlərinə görə, adıçəkilən əmlakları almaq istəyən şəxslər satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir.
Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Rövşən Ziya, Bizim.Media