Dövlət Statistika Komitəsi mayın 18-də yaydığı aylıq hesabatda cari ilin 4 ayı ərzində Azərbaycanda istilik elektrik stansiyaları (İES) tərəfindən 9 milyard 241,7 milyon kVt/saat elektrik enerjisi istehsal olunduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, hesabatda, bu istehsalın 8 milyard 964,7 milyon kV/saatının əmtəəlik elektrik enerjisi təşkil etdiyi əks olunub. Bunun da 451,5 milyon kV/saatı su elektrik stansiyalarının, 21,2 milyon kVSaatı küləklə işləyən elektrik stansiyaların, 18,9 milyon kV/saatı günəş enerjisi ilə işləyən elektrik stansiyalarının payına düşüb.
Ancaq mayın 15-də energetika naziri Pərviz Şahbazovun özünün tviter hesabında verdiyi məlumatda, bu ilin 4 ayı ərzində istehsal olunan elektrik enerjisinin ümumi həcminin 9 milyard 266,1 milyon kVt/saat təşkil etdiyini bildirdi.
Burdan belə aydın olur ki, hər iki dövlət strukturu arasında ciddi anlaşılmazlıq var və onlaın paylaşdığı məlumatlar bir-biri ilə kəsişmir. Yəni, hər iki məlumat arasındakı fərq birdən-birə 24,4 milyon kVsaat təşkil edir.
O zaman belə bir sual yaranır: Bəs, bu rəqəm hara yoxa çıxıb?
“Statistika Komitəsi ancaq enerji istehsal edən müəssisələrin göstəricisini qeydə alır”
Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlama verən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, əslində burada milyonlarla kV/saat enerjininoğurlanması və ya statistikadan gizlədilməsi halları yoxdur:
“Sadəcə, hesablamanın metodologiyasında problem var. Dövlət Statistika Komitəsi hökumətin hesablamalarla bağlı imzaladığı beynəlxalq konvensiyalar və əməkdaşlıq haqqında müqavilələrə və statistikanın beynəlxalq norma və qaydalarına uyğun olaraq, hesabalanmasını və ictimaiyyətə açıqlanmasını həyata keçirir və hökumətin bir qurumu kimi üzərinə götürdüyü öhdəliklərə əməl edir”.
Hər iki qurumun açıqlamalarında yaranmış 24,4 milyon kVsaatlıq fərqin səbəbini izah edən ekspert bildirdi ki, DSK ancaq enerji istehsal edən müəssisələrin göstəricisini qeydə alır:
“Əsasən də “Azərenerji” ASC-nin və “Azərişıq” ASC-nin balansında olan böyük SES-lərin, eyni zamanda hansısa kiçik su, günəş və ya külək elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisi nəzərə alınır. Elə müəssisələr də var ki, onlar elektrik enerjisi istehsal etmirlər, ancaq köməkçi funksiya olaraq, onlarda bu hasilatı yaranır.
Məsələn, “Azərkimya” Dövlət Şirkətinin məqsədi, neft və kimya məhsulları istehsal etməkdir. İstehsal zamanı yaranan buxarı müəyyən texniki vasitələrlə elektrik enerjisinə çevirirlər və öz daxili tələbatlarının bir hissəsini ödəmək üçün istifadə edirlər. Yaxud da “Bakı Metropoliteni” QSC və bu kimi digər müəssisələr bəzi vaxtlarda dizel generatorlarından istifadə edirlər və əldə etdikləri elektrik enerjisini öz balanslarında qeyd edirlər.
Dövlət Statistika Komitəsi isə bu məlumatları toplamır. Buna görə də Azərbaycanda istehsal edilən elektrik enerjisinin ümumi həcmi barədə Energetika Nazirliyi ilə DSK məlumatları üst-üstə düşmür. Hazırda qurumların açıqlamaları arasındakı 4 aylıq fərq 24,4 milyon kVsaatdırsa, ilin sonunda bu, 100 milyon kVsaata qədər yüksələcək”.
“Energetika Nazirliyi isə tam başqa bir üsulla hesablama aparır”
İqtisadçı-ekpert Toğrul Vəliyev isə Bizim.Media-ya açıqlamasında, DSK ilə energetika naziri Pərviz Şahbazovun açıqlamaları arasında elə də ciddi fərq görmədiyini diqqətə çatdırdı:
“Hesablamalar arasındakı fərqin əsasən uçotla bağlıdır. Amma çox cüzi, yəni 3 faizdən də aşağı olduğu üçün elə də nəzərə çarpmır. Əgər 5 faizdən yuxarı olsaydı, bunu nəzərə ala bilərdik. Ola bilər ki, müəssisələr elektrik enerjisi istehsal ediblər, amma satış dövrünə çatmadığı üçün uçota almayıblar”.
Onun sözlərinə görə, Statistika Komitəsi bir üsulla, Energetika Nazirliyi isə tam başqa bir üsulla hesablama aparırlar:
“DSK məlumatları əsasən “Azərenerji” ASC-dən və “Azərişıq” ASC-dən əldə edir. Onlar da istehsal edilən və satılan enerjini toplayaraq, bu quruma təhvil verirlər və bunun əsasında statistik məlumatlar hazırlanır. Energetika Nazirliyi isə məlumatları tam fərqli üsulla toplayır və hesablama aparır.
Bir sözlə, EN-nin hesablaması istehsalatın, DSK-nin hesablaması isə əsasən istehlakın və ya satılan həcmin üzərində aparılır. Buna görə də belə bir fərq yarana bilər.
DSK-nin hesabatında da yazılıb ki, əsas fəaliyyəti elektrik enerjisi istehsalı olmayan müəssisələr nəzərə alınmır. Azərbaycanda elə müəssisələr var ki, neft-qaz neft-mədən sənayesi ilə məşğuldurlar və özlərinin elektrik enerjisi istehsal edən stansiyaları var və Statistika Komitəsi bu stansiyaları nəzərə almır. İlin əvvəlində adətən belə fərqlər yaranır, ilin sonunda isə hesablamalar tənizmlənir ki, daha dəqiq rəqəmlər ortaya çıxsın”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:00 / 20.05.2023
Nazirlik və Komitədən FƏRQLİ STATİSTİKA – 24,4 milyon kVsaat enerji hara YOXA ÇIXIB?
Hazırda oxunan: Nazirlik və Komitədən FƏRQLİ STATİSTİKA – 24,4 milyon kVsaat enerji hara YOXA ÇIXIB?
Hazırda oxunan: Nazirlik və Komitədən FƏRQLİ STATİSTİKA – 24,4 milyon kVsaat enerji hara YOXA ÇIXIB?
136986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.