Toyuq əti ucuzlaşacaq – BU TARİXDƏN

Toyuq əti ucuzlaşacaq – BU TARİXDƏN

Hazırda oxunan: Toyuq əti ucuzlaşacaq – BU TARİXDƏN

136491

Son günlər dünya bazarında taxıl məhsullarının qiymətində kəskin ucuzlaşma müşahidə olunur. Təbii ki, bu ucuzlaşma bu və ya digər şəkildə ölkəmizdə də hiss olunur. Artıq daxili bazarda arpa və buğda yeni qiymətlərlə təklif olunur. 

Nəzərə alaq ki, taxıl məhsullarının qiymətinin aşağı düşməsi quşçuluq sənayesinə də öz təsirini göstərir.

Bəs, yeni qiymətlərə müvafiq olaraq quşçuluq məhsullarında qiymətlərin enməsini nə zaman görə biləcəyik?

Suala Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli aydınlıq gətirib. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, dünya bazarında qiymətlərin düşməsinin ölkəmizə təsiri hardasa 2-3 ay sonra bilinir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda toyuq əti ucuzlaşa bilər – VİDEO


“Çünki, yeni qiymətlərlə gələn məhsulun ölkəmizə gəlməsi, burda satışa çıxarılması müəyyən vaxt alır. Üstəlik, yeni məhsulun quşa verilməsi və bu məhsuldan qidalanan quşların bazara çıxması ən azı 45 gün çəkir. Amma bir məlumat verim ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda toyuq ətinin qiyməti 40 qəpik, və yaxud 5-7 faiz ucuzlaşıb”. 

Assosiasiyasının sədri onu da qeyd edib ki, 2022-ci ilin avqust ayından Ölkə Başçısının tapşırığı ilə soya bitkilərinə və yem qatqılarına ƏDV və gömrük rüsumunun ləğv edilməsindən sonra toyuq ətinin qiymətində stabillik yaranıb:

“Eyni zamanda, bu ilin fevralında da bu qərar daha bir il qüvvədə saxlanıldı. Ona görə də digər məhsullarla müqayisədə toyuq ətinin və yumurtanın qiymətində son aylar heç bir artım qeydə alınmayıb. İstənilən halda yay aylarında ət məhsullarına tələbat azalır. Ona görə də qiymətlər aşağı düşür. Amma, dünya bazarında arpa və buğdanın qiymətinin düşməsi səbəbilə Azərbaycanda toyuq ətinin qiymətinin avqust-sentyabr aylarında aşağı düşəcəyi gözlənilir”.

Mürvət Həsənli əlavə edib ki, hazırda ölkəmizin toyuq ətinə olan ehtiyacın 85-90 faizi, yumurtaya olan tələbatınsa 100 faizi yerli istehsal hesabına ödənilir:

“Biz quşçular çalışırıq ki, bu ilin sonuna qədər toyuq ətinə olan daxili tələbatın ödənilməsindəki payımızın minimum həddini ən azı 92 faizə qədər qaldıraq. Təbii ki, bu da həm iqtisadiyyatımızın böyüməsinə bir töhfəmiz, həm də qiymət artımının aşağı salınmasına bir dəstəyimiz olardı”. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO