“Əsrin müqaviləsi”nə gedən ƏZABLI YOL – Heydər Əliyevin NEFT STRATEGİYASI

“Əsrin müqaviləsi”nə gedən ƏZABLI YOL – Heydər Əliyevin NEFT STRATEGİYASI

Hazırda oxunan: “Əsrin müqaviləsi”nə gedən ƏZABLI YOL – Heydər Əliyevin NEFT STRATEGİYASI

135791

Heydər Əliyevin “Neft strategiyası” İlham Şabanın təqdimatında

2023-cü ilin mayını yaşayırıq. Əhvalımız ümumən yaxşıdır, ona görə yox ki, ətrafımızda qeyri-stabil ab-havalı məkanlar çoxalıb. Əsla belə deyil, çünki ətrafımızdakılara da, uzaqdan bizi seyr edənlərə də ZƏFƏRƏ sahib çıxmaq qabiliyyətli millət olduğumuzu sübut etmişik. Buna görə də gələcəyə baxışlarımız ümidli, qurub yaratmaq hislərimiz yetərincədir. 

Nədən bunları söylətirəm? Müstəqilliyinin 3 onilliyi aşan yaşında yuxarıda dediklərimə sahib çıxmaq dünyada nə hər millətə, nə də hər dövlətə nəsib olmur. Özü də bizim müstəqilliyimizin ilk on ili çox çətin olub, tale bizləri əzablı yollardan keçirib, inanılmaz dərəcədə çətin sınaqlardan keçirib və şükürlər olsun ki, hazırda başqalarından yaxşı mənada seçilə bilinənlər sırasında yer tutmağa nail olmuşuq. 
Əzablı yollarla. Bu yerə gəlib çıxmağımız üçün isə Ümummilli Liderə ehtiyac vardı, hansı ki, cəmiyyəti öz ətrafında birləşdirə bilsin, onun tükənmiş hesab edilən enerjisini zərrəciklərlə toplayaraq böyük bir dartı qüvvəsinə çevirsin və ümumi maraqları reallaşdıra biləcək yola çıxartsın. Bəli, Heydər Əliyevin 1993-cü ildəki qayıdışı Azərbaycanı o zaman üçün ölçülüb-biçilmiş inanılmaz fəlakətlərdən qurtulmağa imkan yaratdı. Amma qarşıda həll ediləsi çox mürəkkəb məsələlər dururdu.

Bir anlıq təsəvvür edin. İllik inflyasiya 1200-1600 faiz arasındadır, dövlət sektorunda işləyənlərə belə vaxtı vaxtında əmək haqqı vermək mümkün olmur. Başqa bir tərəfdən də ölkə Birinci Qarabağ savaşından təkcə məğlub edilmiş görkəmində deyil, həm də psixoloji sarsıntılarla çıxıb. 

Sosializm arxada qalıb, adı eşidilən, üzü hələ görülməyən kapitalizm isə insanlara ancaq küçə-bacalardan boylanırdı, özü də nə düz əməlli qayda vardı, nə də onlarla davrananlar, çünki həyatın çağırışı “bir təhər başını dolandırmaq”dan ibarət idi.

Və belə bir şəraitdə ölkənin siyasi rəhbərliyi imkanlar arayırdı ki, necəsə qısamüddətli olsa da, əvvəlcə sakitliyə, sonra isə sabitliyə nail olsun. Ağız deyəni qulaq eşitməyən şəraitdə axı necə danışıq apara bilərsən gələcəyə addımlamaq üçün. 

İlk addım 1994-cü ilin mayında cəbhədə atəşkəs razılaşmasından başlandı. Elə bilməyin ki, “Bişkek razılaşması”nı hamı sevincək qarşıladı, amma rəsmi Bakı bilirdi ki, bu, müvəqqətidir, lazımi güc və qüdrəti əldə edənə qədər məcburiyyətdən irəli gələn addımdır. Düz 26 il o lazımi anı gözlədik, hətta onu lağlağıya çevirənlər də oldu, amma məqsəd lazımi enerjini toplamaq idi axı...
Ulu Öndər Heydər Əliyev Azərbaycanın həmin enerjisinin neft olduğunu bilirdi və başqalarından fərqli olaraq onu da gözəl dərk edirdi ki, Azərbaycana siyasi mülayimlik nümayiş etdirən ölkələrinin məqsədi heç də bazar qiymətinə o nefti almaq deyil. 

Beləliklə, böyük siyasətə ikinci qayıdışı zamanı Heydər Əliyevin qarşısında duran əsas məsələ xarici şirkətlərin artıq hazırladıqları variantda müqaviləni imzalamağa yol verməməsiydi. Çünki Azərbaycanın mövcud vəziyyətdə düşdüyü hərbi, siyasi, iqtisadi vəziyyət nə qədər ağır idisə, təklif edilən şərtlər də ona adekvat idi. Nəticədə Azərbaycan özünün əsas, mən deyərdim ki, o zaman üçün yeganə aktivinin onilliklər boyu daha ucuzuna istismar edilməsi ilə razılaşmış olardı. 

Neft strategiyasının başlanğıcı. Heydər Əliyev çox düşünülmüş addım atır: əvvəlcə, 1993-cü il 24 iyun tarixində Azərbaycanda siyasi böhranın hökm sürdüyü bir şəraitdə xarici neft şirkətləri ilə danışıqların  dayandırılması haqda qərar verir. Bir müddət sonra, avqustun 17-də Bakıda neftçi-mütəxəssislər və alimlərlə görüş keçirərək Xəzərin Azərbaycan sektorunun dərin hissəsində yerləşən yataqların xarici şirkətlərin köməyi ilə işlənməsinin ölkə üçün əhəmiyyəti vurğulanır və daha sonra danışıqların bərpa edilməsi haqda qərar verir. Amma danışıqlar yeni şərtlərlə gündəmə gəlir. Bununla da Heydər Əliyev uzaqgörən bir siyasətçi kimi ölkənin yeni neft strategiyasının həyata keçirilməsinə start verir. 

Danışıqların başlanması. Azərbaycan mümkün qədər zaman qazanmağa çalışır və rəsmi Bakı özünün əsas enerjisini beynəlxalq əlaqələrin gücləndirilməsinə və daxili vəziyyətin stabilləşməsinə yönəldir. 4 fevral 1994-cü ildə Prezident Heydər Əliyev Azərbaycan Respublikasında “dəniz neft və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzalayır. 

Bu sənədlə ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Şirkətinə Amoco, British Petroleum, Statoil, Pennzoil, Ramco, Unocal, McDermott və TPAO şirkətləri ilə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsinə dair danışıqların aparılması, müqavilənin hazırlanması və bağlanılması səlahiyyətləri verilir. 
Xarici neft şirkətləri ilə müxtəlif ölkələrdə baş tutan görüşlərin təfərrüatına “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr olunmuş təntənəli mərasimdə SOCAR-ın birinci vitse-prezidenti İlham Əliyev öz çıxışında xüsusi yer ayırır: “Müqavilə üzrə danışıqlar faktiki olaraq yenidən başladı.

Deyə bilmərəm ki, onlar asan gedirdi. Hər bir tərəf, təbii ki, öz maraqlarını maksimum dərəcədə təmin etməyə çalışırdı. Hərdən işlər düyünə düşürdü. Danışıqların 1994-cü ilin yazında və yayındakı – Istanbul və Hyustondakı son mərhələləri xüsusilə çətin keçdi.

Danışıqların gedişi zamanı böhran anları da olurdu və Azərbaycan tərəfi danışıqları dayandırmağa yaxın idi. Çünki bəzi şərtləri ölkənin milli maraqları üçün qəbuledilməz hesab edərək onlarla razılaşa bilmirdi. Biz xarici şirkətlərə deyirdik: Siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl yetirəcək. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik.

Xəzərin qəfil statusu. Amma bundan öncə xarici şirkətlər Azərbaycanla anlaşandan sonra bilirsinizmi ortaya qəfil nə problemi çıxır? Xarici şirkətlər bildirilər ki, yaxşı biz o zamanın qiymətləndirilməsi ilə 7 milyard dollar kapital qoyuluşu etdik, bəs bu yataqların Azərbaycana aid olmasının hüquqi sənədi hanı? Axı birdən, burada ad çəkməsələr də, bilinir ki, Rusiyanı nəzərdə tuturlar, gəlib müdaxilə etsələr, məsələni beynəlxalq məhkəmə vasitəsi ilə sübut etmək mümkün olacaqmı? Və burada rəsmi Bakı təkcə 1971-ci ildə SSRİ Nazirlər Kabinetinin Xəzərin sahilyanı müttəfiq respublikalar arasında iqtisadi zonalar üzrə fəaliyyətini tənzimləyən sənədlərlə kifayətlənmir, həmçinin Rusiyanın LUKoil şirkətinin də layihədə yer almasının müqaviləyə ola biləcək risklərin azaldılması yönümündə atılan addım kimi göstərir.

Həqiqətən də, indiyə qədər yadımdadır, o zaman müxalifət mətbuatında LUKoil şirkətinə pay verilməsinə görə rəsmi Bakını necə topa tuturdular. Daha anlamırdılar ki, sahilimizdən 120 km Xəzərin dərinliklərinə doğru olan bir yerdə, donanmamızın olmadığı, özümüzün isə dünyayla ticarətə o zaman Rusiya bacasından boylandığı dövrdə Kremllə kəllə-kəllə gəlmək siyasəti yürütməklə nəinki yataq, heç quruda quyu işlətmək özü də müşkül bir iş idi axı. Belə olmasaydı, 1990-cı ildə 12 mln ton neft hasilatı olan Azərbaycan 1994-cü ilə qədər 9 milyon tona qədər azalmanı nəylə izah edə bilərdi ki? Yəni bahalı ticarət böyük siyasət deməkdir, böyük siyasətdə isə hər incə məqam nəticəyə bu və ya digər formada təsir edə bilir.  

“Əsrin müqaviləsi”. Nəticədə, Azərbaycan prezidentinin 14 sentyabr 1994-cü il, 206 №-li Fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkəti ilə 10 xarici neft şirkəti arasında saziş imzalanmasına göstəriş verilir. Hansı ki, 20 sentyabr tarixində Gülüstan sarayında imzanaraq tarixə “əsrin müqaviləsi” adı ilə daxil olur. 

Mən diqqətinizi o tarixi gündə Heydər Əliyevin çıxışında səsləndirdiyi bir fikrə çəkmək istərdim.

“Bu müqavilə Azərbaycan xalqının bu gününə, gələcəyinə böyük mənfəətlər verəcək, onun rifah halının yüksəlməsi üçün etibarlı və möhkəm zəmin yaradacaqdır... Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Beləliklə, Azərbaycanın həyatında yeni dövr başlayır”, deyə Heydər Əliyev bəyan etmişdi.

Görürsünüzmü, təqribən 29 il əvvəl söylənilmiş fikirlər bu gün də aktuallığını itirməyib. Ulu Öndərin o zamanın mürəkkəb dövründə dedikləri bu günün gerçəkliyini necə də ifadə edir. Müqavilə sahəsi üzrə neft hələ hasil edilməyə başlamamışdan Azərbaycanın həyatını dəyişməyə başladı. 1994-cü ilin dekabrından Azərbaycan manatının kursu stabilləşməyə başlayır. 1995-ci ildə Azərbaycan iqtisadiyyatının 5 illik daimi enişi dayanır və 1996-cı ildən artıma keçir. 

“Əsrin müqaviləsi”nin imzalanması və onun icrası digər xarici şirkətlərdə Azərbaycana investisiya etmək risklərini xeyli azaldır, nəticədə ölkə hər il yeni yeni neft-qaz müqavilələri imzalayır. 
1994-2003-cü illərdə Azərbaycan Hasilatın Pay Bölgüsü Sazişləri üzrə 20 müqavilə imzalayır. Bu müqavilələrin 14-ü dənizdəki yataq və strukturlarda, 6-sı isə qurudakı yataqlarda birgə əməliyyatları nəzərdə tuturdu. Onları təhlil edərkən çox maraqlı bir statistika ortaya çıxartdım:

belə ki, ilk 3 müqavilənin nəticələri Azərbaycana marağı hədsiz artırıb. Bunlar “AÇG”, “Qarabağ” və “Şahdəniz” olub. Qarabağ üzrə kəşfiyyat işləri 1998-ci ildə müqavilə sahəsində yatağın açılmasına gətirib çıxarıb, amma o zaman ehtiyatları 30 milyon ton ətrafında olub, üstündən 22 il ötəndən sonra aparılan yeni qazma işləri ehtiyatların həcminin 2 dəfə artımına gətirib çıxarıb.

Şahdəniz-də isə yataq 1999-da açılıb. Və “Əsrin müqaviləsindən” sonrakı 10 ildə təkcə Xəzərin Azərbaycan sektorundakı kəşfiyyat qazma işlərinə 3 mlrd dollar vəsait xərclənibmiş. O dövr üçün fantastik bir rəqəm idi bizim üçün. 

Heydər Əliyevin baxışları isə yataqlar üzərində cəmləşmir, horizonta qədər uzanıb gedirdi. Çünki o, həm neftin gətirəcəyi dividentləri, həm də neft ətrafında yaranacaq iqtisadiyyatın konturlarını görürdü. 

Elə bu baxımdan da Azərbaycan “Azəri-Çıraq-Günəşli” üzrə ilk mənfəət neftini alan kimi, yəni 1999-cu ilin dekabrında – Dövlət Neft Fondunun təsis edilməsi haqda fərman imzalayır. Məqsəd xarici şirkətlərlə əməkdaşlıq nəticəsində neftdən əldə edilən mənfəətin bir strukturda cəmləşməsini həyata keçirmək, sonradan neft gəlirlərinin mərkəzləşdirilmiş qaydada ölkənin daha çox ehtiyac duyulduğu sahələrə yönəldilməsini təmin etmək idi. 

Qeyd edim ki, postsovet respublikaları arasında neft və qazla zəngin olanları arasında heç biri Azərbaycanın Neft Fondu strukturunda idarə edilən suveren fond yaratmadılar. Baxmayaraq ki, rifah fondu adlanan qurumlar həm qonşu Qazaxıstanda, həm də Rusiyada vardı. Sadəcə onların idarəçilik forması tam fərqli idi. Ötən illər isə onu göstərdi ki, neft gəlirlərinin ən effektli idarəçilik sistemini məhz Azərbaycan yaratmağa müvəffəq oldu. 

Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycanın neft strategiyasının tərkib hissəsi sayılan Neft Fondu praktiki fəaliyyətətə başlayarkən onun aktivləri 281 milyon dollar idi. 1 aprel 2023-cü il tarixinə isə onun aktivləri artaraq 53,4 milyar dollara çatıb. Ölkənin ümumi valyuta-qızıl ehtiyatlarının 86%-i məhz Neft Fondunun payına düşür.
Qeyd edim ki, 2015-ci ildə dünyada neft qiymətlərinin 2 dəfədən çox ucuzlaşması baş verən zaman istər ölkənin müstəqil iqtisadçıları, istərsə də ölkə xaricindəki ekspertlərin bir xxeylisi hesab edirdilər ki, Azərbaycanın Dövlət Neft Fondunun aktivləri neftin aşağı qiymətlərində 3-4 ilə tükənə bilər. Amma bu baş vemədi, çünki neftin ucuzlaşması xroniki xarakter almadı, ikincisi, hökumət neft vəsaitlərindən daha rasional istifadə etməyə nail oldu, Neft Fondundan xərcləmələr artıma doğru meylli olmadı və nəhayət, fondun aktivlərinin diversifikasiyası nəticəsində neftin aşağı qiymətində belə digər mənbələrdən qazanc əldə etmək imkanları yarandı. Bu baxımdan Azərbaycan son üç ildir ki, işğaldan azad edilmiş ərazilərin bərpası zamanı xarici maliyyələşmə olmadan bir xeyli infrastruktur layihələrini və quruculuq işlərini gerçəkləşdirə bilib.      

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin yerinə düşən bir fikrinini diqqətinizə çatdırmaq istərdim. 

“Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi im-kanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin müqaviləsi” yaratdı”.

C-b İlham ƏLİYEV bu fikirləri bilirsinizmi harada bəyan edib? 14 sentyabr 2017-ci il tarixində “Azəri-Çıraq-Günəşli” yataqları üzrə yenilənmiş müqavilənin imzalanması mərasimində. O zaman 1994-cü ildə 30 illiyə imzalanmış AÇG müqaviləsinin müddəti 31 dekabr 2049-cu ilə qədər uzadıldı. Və bu fikirlərə bir daha bu ilin 10 mayında Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə Şuşadan xalqa etdiyi müraciətində toxundu. 

Burada da heyrətimi gizlətməyə bilmirəm. Çünki Heydər Əliyevin neft strategiyasını araşdırarkən elə bir fakta rast gəldim ki, bu şəxsin nə qədər uzaqgörən olduğuna təəccüblənməyə bilməzdim. 

10 oktyabr 1996-cı il tarixində “Əsrin müqaviləsi”nin iki illik fəaliyyətinin yekunlarina həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyev yekunda çixiş edərkən bildir ki, “mən hesab edirəm ki, 30 il birinci müqavilənin vaxtıdır. Biz 30 ildən sonrakı on illərdə də bir yerdə olacağıq. “Mən buna əminəm”, deyə Ulu Öndər bəyan edir.

Təsəvvür edirsinizmi, hələ AÇG-dən ilk neftin hasil edilməsinə 13 ay qalmış Heydər Əliyev 21 il sonra baş tutacaq hadisənin anonsunu etmişdi. 

Ona görə də xarici neft şirkətləri “ilkin neft layihəsi” çərçivəsində xərclərinin çox olmaması üçün yalnız Bakı-Novorossiysk neft kəməri ilə kifayətlənmək istərkən Heydər Əliyev özünəməxsus əzmkarlıqla onları “qərb ixrac kəməri”, yəni Bakı-Supsanın çəkilişinə məcbur edir desəm yanılmaram. Və həmin kəmərin 1999-cu ilin aprelində açılışından bir müddət sonra Şimali Qafqazda Rusiyanın başladığı genişmiqyaslı hərbi əməliyyatlar zamanı Bakı-Novorossiysk kəməri mütəmadi partlayışlara məruz qalır. Amma Azərbaycan neftinin ixracı bir gün də dayanmır, çünki alternativ marşrutu vardı. Bəlkə də  bu fakt xarici neft şirkətləri üçün böyük bir dərs idi, Heydər Əliyevin “master klas”dərsi... Çünki onlar Bakı-Tiflis-Ceyhanı da tikmək istəmirdilər axı. 

Bilməyənlərə xatırladım ki, bəli ortada Vaşinqtonun, Brüsselin və Ankaranın siyasi dəstəyi vardı. Hətta Xəzərin o tayından olan Qazaxıstan və Türkmənistan da bu layihəyə öz dəstəklərini rəsmiləşdirmişdilər. Amma yenə də xarici neft şirkətləri uzun və müxtəlif ölkələri aşan nəhəng boru çəkməyə meylli deyildirlər. Onların istəyi ya Supsa, ya da Novorossiyskə doğru mövcud kəmərə paralel bir infrastruktur yaratmaq idi. Hətta İranla nefti barter etmək, Ermənistan üzərindən Türkiyəyə boru layihələri də vardı.

Exxon kimi dünyanın neft nəhəngi belə Azərbaycanın əsas ixrac boru kəmərini kommersiya baxımından qeyri-rentabelli layihə hesab edirdi. 

Amma yenə Heydər Əliyevin əzmkarlığı, BTC-nin rentabelliyinin artırılması naminə Azərbaycan ərazisində dövlət üçün nəzərdə tutulmuş tranzit haqqından imtina edilməsi və daha münbit investisiya şəraiti. Şirkətlər çaşıb qalmışdılar, çünki onlar ancaq mühasibat uçotunda neftin gətirdiyi qazancı görmək imkanındaydılar, Heydər Əliyevin maraqları isə türk dünyasını bir ticari həlqədə birləşdirməkdən başlayan ta gələcək hərb meydanın qazanılacaq ZƏFƏRlə yeni müstəviyə qalxan dövrə tuşlanmışdı... 

İndi məncə hər birinizə aydındır həm Heydər Əliyevin neft strategiyası, həm də o sirli qara qızılın ölkəmizə gətirdiyi qazancın real dəyəri.     

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO