“Daşıyıcı şirkətlər ziyanla işləyir” – Avtobuslarda gedişahaqqı yenidən artırılır?

“Daşıyıcı şirkətlər ziyanla işləyir” – Avtobuslarda gedişahaqqı yenidən artırılır?

Hazırda oxunan: “Daşıyıcı şirkətlər ziyanla işləyir” – Avtobuslarda gedişahaqqı yenidən artırılır?

135685

Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib. Məsələ ilə bağlı Baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayan şirkətlər gediş haqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildiriblər.

Məlum olduğu kimi Tarif Şurasının 31.01.2023-cü il tarixdə keçirilən iclasında yeni tariflər təsdiq edilib və aparılan müzakirələrdən sonra  sərnişin daşımada qiymətlər 10 qəpik və yaxud 33 faiz artırılıb.

Lakin Tarif Şurasının bu qərarından sonra daşıyıcı şirkətlərə dizel yanacağına görə verilən subsidiya dayandırılıb. 

Daşıyıcı şirkətlərin müraciətində bildirilir ki, subsidiyanın kəsilməsi sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib. 

Görünən odur ki, sərnişindaşıma şirkətləri metro və dəmiryoluna edilən dövlət dəstəyinin onlara da göstərilməsini istəyir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, dizel yanacağına görə daşıyıcı şirkətlərə verilən subsidiyanın dayandırılması ciddi problemlər yaradacaq:

“Subsidiya, dövlət dəstəyi olmadan ictimai nəqliyyat inkişaf edə bilməz. Əslində dizel yanacağının qiymətinin 80 qəpik olmasından sonra daşıyıcı şirkətlərə Nazirlər Kabinetinin 01.12.2021-ci il tarixli, 379 saylı qərarı ilə subsidiya verilirdi. Bu da o məqsədlə edilmişdi ki, o zaman daşıyıcı şirkətlər qiymət artımına getməsinlər. Və doğrudan da o zaman daşıyıcı şirkətlər qiymət artımına getmədilər. Lakin, bu ilin fevralında sərnişindaşımada qiymətlərin 10 qəpik artmasından sonra həmin subsidiya dayandırıldı. Nəticədə, qiymət artımının daşıyıcı şirkətlərə heç bir xeyri olmadı”. 

Ekspert onu da qeyd edib ki, hər kəs keyfiyyətli xidmət tələb edir:

“Keyfiyyətli xidmət üçün isə yeni avtobuslar almaq lazımdır. Yeni avtobusların da qiyməti 200 min manatdan başlayır. İndiki vəziyyətdə isə daşıyıcı şirkətlər nəinki yeni avtobus ala bilmir, əksinə yanacağa və ehtiyat hissələrinə olan borcun məngənəsində sıxılır. Hazırda “Bakubus” başda olmaqla bütün daşıyıcı şirkətlər ziyanla işləyir. 

Əgər yanacağa görə verilən subsidiya bərpa edilməsə, acınacaqlı vəziyyətlə üz-üzə qalacağıq.

Yenə də marşruta az avtobus buraxılacaq, yenə köhnə avtobuslar marşruta çıxarılacaq. Bütün bunlar isə son nəticədə ictimai nəqliyyatı iflic edəcək, narazıqlıqlar artacaq. Ona görə də daşıyıcı şirkətlərin müraciətinə həssaslıqla yanaşılsa yaxşı olar. Əks təqdirdə bizi yaxşı heç nə gözləmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO