Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 3729 şəxsə şamil olunacaq.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Mərkəzi Bankdan əhaliyə XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin imzaladığı yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 26 aprel 2023-cü il tarixli Sərəncam həmin kateqoriyadan olan vətəndaşlara yüksək diqqət və qayğının daha bir təzahürüdür.
Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3672 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım veriləcək.
Beləliklə, Sərəncam 3729 şəxsi əhatə edəcək.
Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.
Bizim.Media