“Bizim Barel”in başına gələnlər
Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Dünyanın enerji bazarlarında bir stabilliyin yarandığını müşahidə edirik, neftin qiymətlərində olsun, istərsə də qazın.
Neft bazarı. Brent markalı neftin qiyməti son bir həftədə faktiki dəyişməyib – 85 dollar ətrafında ticarət edilir. Özü də neftin qiymətinə hətta Beynəlxalq Enerji Agentliyinin dünya bazarlarının 2023-cü ildə vəziyyətinə dair ilk hesabatında göstərilən bəzi məqamlar da təsir edə bilməyib. Göstərilib ki, cari ilin yanvarında OPEC+ çərçivəsində 23 ölkə özlərinin təsdiq etdikləri kvotadan gündəlik olaraq 1,93 milyon barel az neft çıxarıblar.
Özü də hesabatda xüsusilə vurğulanıb ki, imkanları ola ola, bazara nefti daha az çıxaran ölkələr əsasən Yaxın Şərqdən olub. Düzdür, Azərbaycanda Energetika nazirliyinin, bu həftə açıqladığı məlumata görə, Azərbaycan yanvarda gündəlik olaraq orta hesabla 533 min barel neft hasil edib. OPEC+ çərçivəsində bizə ayrılan hasilat kvotası isə 684 min barel təşkil edib. Yəni 151 min barel bazara nəzərdə tutulduğu qədər neft çıxara bilməmişik. Beynəlxalq Enerji Agentliyi Azərbaycanı buna görə nədəsə günahlandırmaq fikrinə belə düşməyib, çünki vəziyyətdən agahdır, bilir ki, bizim işlətdiyimiz yataqların böyük əksəriyyəti işlənmənin son dövrünü yaşayır, ən böyük neft blokumuz olan “Azəri-Çıraq-Günəşli”də isə hasilatın pik dövrü 2010-cu ildə qeydə alınıb.
Bəs bunları OPEC bilmir? Əlbətt ki, bilir. Elə isə bizim və bizim kimi ölkələrin kvotalarını reallığa görə niyə korrektə etmir? Demək, ortada seziləsi o qədər də asan olmayan müəyyən maraqlar var.
Qaz bazarı. Həftə ərzində Avropada mavi yanacağın qiymətləri 572-598 dollar arası dəyişib, ümumiyyətlə isə yanvarın 17-də ilk dəfə qazın qiymətləri 600 dollardan aşağı həddə satılıb.
Avropa Qaz İnfrastrukturu təşkilatının yaydığı məlumata görə, fevralın tən yarısına, yəni 14-nə olan məlumata görə, Avropa İttifaqı yeraltı qaz anbarlarındakı ehtiyatlar 62,2% səviyyəsində olub və bundan sonra hətta havaların qismən soyuq keçəcəyi şəkildə belə yaz mövsümünə 50%-dən yuxarı göstəricilərlə daxil olmaq ehtimalı var. Bu baxımdan da Rusiya ilə Qərbin münasibətlərinin hədsiz kəşkinləşmə dövründə olmasına baxçayaraq, artıq bazarların ötən il təsvir edilən enerji böhranından sovuşduğu aydındır, ona görə də neft və qaz qiymətləri də bazarda yaşanan reallığı əks etdirir.
Müstəqil Azərbaycanın ən böyük elektrik stansiyası. Azərbaycanın enerji həyatında həftənin ən yadda qalan hadisəsi elektriklə bağlı oldu. Ölkəmizin elektroenergetika tarixində gücünə görə ikinci ən böyük elektrik stansiyasının təməli qoyuldu. Özü də istilik elektrik stansiyası olacaq. Yəni qazın enerjisini elektrikə çevirəcək nəhəng bir stansiya.
Bu xəbər gündəm olandan müəyyən insanlarda belə bir suala cavab tapmaq istəyi yaranıb: axı Azərbaycan neçə müddətdir ki, ölkənin alternativ enerji mənbələrinin, külək və günəş enerjisinin potensialından bəhs edir, onun geniş imkanlarının həm quruda, həm də dənizdə cəmləşdiyini bəyan edir, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki çayların böyük enerji potensialını, xüsusən də 50-yə qədər kiçik su elektrik stansiyasının tikilməsi perspektivlərini vurğulayır. Elə isə nədən yenidən istilik elektrik stansiyası tikməyə qərar verir?
Özü də adisini yox, ölkədə müstəqillik illərində gücünə görə tikiləcək ən böyük elektrik stansiyasını. Ötən il Azərbaycanda istehsal edilən əmtəəlik elektrik enerjisinin 93,3%-i istilik elektrik stansiyalarının payına düşmüşdü. Yenəmi o sahəni artırırıq?
Niyə qazla işləyən elektrik stansiyası? Ümumən, düşüncələrdə cərəyan edən fikirlər doğrudur. Bu suallara cavabı isə bizim reallaşdırmaq istədiyimiz meqa layihənin detallarını açıqlamazdan əvvəl enerji məsələləri üzrə dünyada tanınan ekspert, dünya neftinin tarixini “Qənimət” kitabında qələmə almış Daniyel Yerginin bu günlərdə dərc etdiyi “Enerji keçidi reallıqla qarşılaşanda” məqaləsində toxunduğu maraqlı məqamlarla tanış etmək istəyirəm.
Yergin yazır ki, ənənəvi enerjidən uzaqlaşma necə mürəkkəbdirsə, onun hazırkı miqyası düşünüldüyündən daha əhatəlidir. Əvvəlki enerji keçidləri bir əsrdən daha çox müddətdə baş vermişdi – kömür odunu XİX əsrin əvvəlində sənayeləşmənin yeni dövründə əvəz etmişdi və neft kömürün dünya enerji bazarında liderliyini yalnız XX əsrin 60-cı ilində ala bildi. Və bütün bu illər ərzində istər kömür, istər neft, istərsə də qaz yanaşı addımlayıblar.
Daniyel Yergin 2050-ci ildə karbon izsiz enerjinin şəksiz liderliyi məsələsinə toxunaraq qeyd edir ki, ilk dəfə bir enerjinin liderliyinin ənənəvi enerji daşıyıcılarının bazardan tam çıxarılması hesabına əldə edilməsi gündəmə gətirilir. Və qısa bir zamanda. Özü də qeyd edir ki, ayrı-ayrı ölkələrdə buna nail olmaq mümkündür, amma dünyada bunun baş verəcəyi şübhəlidir. Çünki alternativ enerji müasir dünyanın innovativ texnoloji tətbiqinə əsaslandığından bahalı məhsuldur və o, dünyanın varlı ölkələrinin istehlakında özünə yer edə bilər, onun geniş şəkildə yayılması isə əlçatanlığa bağlı məsələdir. Demək, aralıq bir dövr qaçılmazdır və bu, ənənəvi enerjinin ən təmizi olan təbii qazın yaratdığı enerjinin iqtisadi inkişafda oynadığı və bundan sonra oynaya biləcəyi rola bağlı bir zamandır.
Bu baxımdan da hesab edirəm ki, Azərbaycan həmin zaman kəsiyini görür və ondan rasional faydalanmaq üçün fürsətləri reallaşdırmaq üçün addımlar atır.
Yeni elektrik stansiyasının xüsusiyyətləri. Beləliklə, 13 fevral 2023-cü il, Bakı şəhəri, “Gülüstan” sarayı. O məkan ki, Azərbaycanın müstəqillik tarixində böyük dəyişikliklərə önəmli töfələr verib. Və bu dəfə İlham Əliyev Azərbaycanın müstəqillik dövrünün ən böyük elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edir.
Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının tikintisi planlaşdırılır.
Hazırda Azərbaycanda ümumi layihə gücü 7 212 MVt olan 46 elektrik stansiyası fəaliyyət göstərir. Bunlardan 16-sı istilik elektrik stansiyası, 10-nu su elektrik stansiyası, 11-i kiçik su elektrik stansiyası, 4-ü günəş elektrik stansiyası, 3-ü külək elektrik stansiyası, 2-si isə hibrid elektrik stansiyasıdır. Təməlqoyma mərasimində dövlət başçısı maraqlı bir məqama toxunara bəyan edib ki, son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilib və təqribən ümumi gücü 3400 meqavat olan əlavə generasiya mənbələri yaradılıb.
Azərbaycanın ən böyük elektrik stansiyası isə istilik elektrik stansiyasıdır, özü də Mingəçevirdə yerləşir. Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən isə Ulu Öndər Heydər Əliyev olub. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. 8 bloklu 2400 meqavat gücü olan elektrik stansiyanın ilk enerji blokunun açılışı da 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə həyata keçib.
Nədən yeni elektrik stansiyasının yeri kimi yenə də Mingəçevir seçilib. Axı soruşa bilərsiniz ki, ölkə sənayesinin və ümumən iqtisadiyyatının əsas hissəsi Abşeron zonasında cəmləşib. Məsələnin kökündə duran amil – kommersiya və zamandır. Bu baxımdan bütün infrastrukturu – qaz kəmərlərindən tutmuş, hasil edilən elektrikin ötürülməsi üçün nəzərdə tutulan yüksək gərginlikli elektrik xətləri, yarımstansiyaları və həmçinin tikintini aparmaq üçün lazımi sahənin olması yeni elektrik stansiyasının ərsəyə gəlməsi üçün lazım olan kapital xərclərini bir neçə dəfə azaldır. Təsəvvür edin ki, ilkin qiymətləndirməyə görə, 1280 MVt gücündə olacaq stansiyanın ümumi xərcləri 400 milyon dollar olmalıdır.
Yeni infrastrukturun yaradılmasına zaman itirilmədiyinə görə, stansiyanı daha az müddətə tikib başa çatdırmaq planlaşdırılır. İşçi qrafikə görə, 2025-ci elektrik stansiyası istismara verilməlidir.
Stansiyanın tikintisi zamanı yüksək enerji səmərəliyi olacaq avadanlıqların tətbiqidir. Bu məqsədlə yeni elektrik stansiyasında İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan 4 qaz turbini və 4 generatorun quraşdırılması planlaşdırılır.
Yeni tikilən stansiya vasitəsi ilə hazırda istifadədə olan stansiyanın 2 enerji blokunun faydalı iş əmsalının artırılmasına nail olmaqdır. Səmərəliliyi artırmaq üçün “Azərbaycan” İES-in 7-ci və 8-ci enerji bloklarının mövcud buxar turbinləri modernləşdirilərək, 1280 meqavatlıq yeni stansiya ilə əlaqələndiriləcək. Belə ki, yeni elektrik stansiyasının qaz turbinlərində yandırılan qazdan alınan buxarın həcmi kifayət qədər yüksək olduğundan onun bir hissəsini “Azərbaycan” İES-in 7-ci və 8-ci bloklarının buxar turbinlərinə yönəltməklə əlavə qaz işlətmədən enerji almaq mümkün olacaq.
Sovet texnolgiyası əsasında inşa edilmiş turbinlərdə bunu etmək mümkün deyildi. Ona görə də onlar modernləşdirilir, faydalı iş əmsalı artırılır, daha dəqiq ifadə etsək, daha az yanacaqla daha çox elektrik enerjisi almaq imkanı yaranır.
Köhnə nəsil enerji blokunun faydalı iş əmsalı 38,5 faizdən artıq deyil və bu da hər kilovat-saat elektrik enerjisinə sərf edilən şərti yanacağın miqdarının 330 qramdan artıq olması deməkdir.
İndi tətbiq ediləcək müasir, enerjiyəqənaətcil generatorlar isə bundan 110 qram şərti yanacaq sərfiyyatına malik olacaq. Eyni zamanda, yüksək səmərəliliyə malik generasiya kompleksinin formalaşdırılması ilə faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq və illik istehsal 12,5 milyard kilovat-saat təşkil edəcək.
Bu da son deyil. İl ərzində energetiklərimiz 1 milyard kubmetrə qədər təbii qaza qənaət edilməsi imkanı qazanacaqlar. İndi bilirsiniz elektrik almaq üçün Azərbaycan nə qədər qaz yandırır? İldə 5 milyard kubmetr ətrafında. Buna görə də o milyard kubmetrə az bir həcm kimi baxmayın.
Və nəhayət, kommersiya baxımından yeni elektrik stansiyasının cəlbediciliyi onun reallaşmasına qoyulan investisiyanın maksimum 6 ilə geri qayıdılmasına hesablanıb. Bəs investisiyanı kim yatıracaq?
Ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə cəlb edilmiş kreditlər hesabına həyata keçiriləcək.
Cəmiyyətdə bu hadisə ilə bağlı dolaşan söz-söhbətlərdən biri də onunla bağlı idi ki, niyə “Azərenerji” belə mürəkkəb obyektin tikintisində İtaliya şirkəti ilə əməkdaşlığa gedib.
Strateji münasibətlərdən yaranan layihə. Azərbaycan prezidenti İlham Əliyev çıxışında İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakını təsadüfi hal hesab etmədiyini vurğulayıb. “İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edililb. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər ediblər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və “Made in Italy” naziri”, deyə dövlət başçısı bildirib və əlavə edib ki, “Azərenerji” ilə “Ansaldo” arasında ilk müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanıb.
Xatırlatmaq istərdim ki, 2020-ci il dekabrın 18-də “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə tikilmiş 110 kVt gücündə yarımstansiyalar üçün enerji avadanlıqlarının təchizatına dair müqavilə imzalanıb.
İtaliya şirkəti 30 iyul 2021-ci il tarixində Azərbaycanla əlaqələrinin genişləndirilməsi layihələri çərçivəsində ölkəmizdə nümayəndəliyini açıb. 170 yaşı olan İtaliya şirkəti isə Azərbaycanda təkcə 160 milyon avro dəyərində olan turbinlərini quraşdırmaqla işlərini bitmiş hesab etmək fikrində deyil, onun yaşıl enerjinin tətbiqi sahəsində Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verməklə bağlı planları da var.
Beləliklə, yeni stansiyanın tikilməsi ölkənin enerji dayanıqlılığının təmin olunması, ixrac imkanlarının artırılması, bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının balanslaşdırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Nəhayət, Azərbaycan yaxşı dərk edir ki, enerji keçidi “beş günlük” məsələ deyil və bu müddətdə həm özünün inkişafına lazım olan dayanıqlı enerjiyə sahib olmaq, həm də ona ehtiyacı olan dost ölkələrlə münasibətlərini dərinləşdirmək imkanı əldə edə bilər və bu yöndə də təxirəsalınmaz addımlar atır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:30 / 18.02.2023
Müstəqil Azərbaycanın ən böyük elektrik stansiyası ölkəmizə nə qazandıracaq? – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: Müstəqil Azərbaycanın ən böyük elektrik stansiyası ölkəmizə nə qazandıracaq? – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: Müstəqil Azərbaycanın ən böyük elektrik stansiyası ölkəmizə nə qazandıracaq? – İlham Şabanın ŞƏRHİ
121195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.