Torbalardan qazanılan pul EKOLOJİ LAYİHƏLƏRƏ xərclənsin - TƏKLİF

Torbalardan qazanılan pul EKOLOJİ LAYİHƏLƏRƏ xərclənsin - TƏKLİF

Hazırda oxunan: Torbalardan qazanılan pul EKOLOJİ LAYİHƏLƏRƏ xərclənsin - TƏKLİF

120862

Ötən gündən başlayaraq ticarət şəbəbkələrində bəzi polietilen torbalar pulla satılır. Layihə ilk baxışdan ekoloji addım kimi görünsə də, reallıqda korporativ mahiyyət təsiri bağışlayır. 

Çünki, bu təklifi irəli sürən təşkilatlar demir ki, polietilen torbalardan imtina edin. Demir ki, bu torbalar insan orqanizminə zərərlidir və müxtəlif xəstəliklər yaradır. 

Məsələyə sadəcə ekoloji aspektdən yanaşılır. Guya havayı olduğu üçün əhali bu torbalardan daha çox istifadə edir. Və sonda bu torbaları hara gəldi atılır. Nəticədə ətrafımıza baxanda hər yerdə uçuşan polietilen torba görürük.
Amma məsələ təkcə uçuşan torbaları yığışdırmaqla bitmir. Əsas insan faktorudur. O torbalar havadan uçmazdan əvvəl hər birimizin səhətinə bu və digər səviyyədə mənfi təsir edir.

Digər bir məsələ isə problemin inzibati yolla həll edilməsidir. Sanki, əhali pulla cəzalandırılır ki, polietilen torba almayın. Baxmayaraq ki, kifayət qədər alternativ variantlar var. Vaxtilə ən xırda ticarət obyektlərində kağız torbalar var idi. Və əhali əsasən bundan istifadə edirdi.

Bu gün bunu da gündəmə gətirmək olar. Bu hesaba da yeni istehsal sahələri və iş yerləri yaradılar. Üstəlik, həm sağlamlığımız, həm də cibimiz zərər görməz.

Məsələ ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynovun fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, biz bu qərarı dəstəkləyirik:

“Çünki, uzun illər biz demişik ki, polietilen torbalar dövriyyədən çıxarılsın. İndi belə bir qərar verilib. Lakin, qərar yarımçıqdır. Beləki, qərar ancaq nazik və kiçik həcmli torbalara şamildir. Amma qalın və daha iri polietilen torbalara aid deyil.

Bu məsələnin bir tərəfi. Məsələnin ikinci və daha vacib tərəfi ondan ibarətdir ki, burda qazanan ticarət şəbəkələri, itirənsə sadə xalqdır. Yaxşı olar ki, bu məsələdə dünya təcrübəsi tətbiq edilsin.
Məsələn, inkişaf etmiş ölkələr ekologiyaya vurduğu ziyana görə hər il dövlət büdcəsinə külli miqdarda pul ödəyir və bu pullar ekologiyanı sağlamlaşdırmaq üçün istifadə edilir. Yaxşı olardı ki, bizdə də ekoloji fond yaradılsın və polietilen torbalara qoyulan 3-5 qəpik pul da həmin fonda yönəldilsin.

Orada milyonlar yığılacaq, həmin vəsaiti də biz yaşıllaşdırılma, torpaqların təmizlənməsi və digər ekoloji layihələrə xərcləyə bilərik. Belə olsa həm ekologiyamız, həm xalqımız, həm də büdcəmiz qazanar. İndiki halda isə qazanan ancaq ticarət şəbəkələri olacaq. Bu kimə lazımdır?!”

Məsələnin digər tərəfi də maraq doğurur. Doğrudanmı, polietilen torbalar bu vaxtadək bizə pulsuz verilirdi?

Sualın cavabını iqtisadçı ekspert Eldəniz Əmirovdan öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür: 

“Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir.
Torbanın xərci də məhz xərclərin içində gizlənir. İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Bu ideya nə qədər effektiv olacaq onu zaman göstərəcək. Görünən odur ki, torbaların özü ekoloji tələblərə uyğun olmalıdır. Bunun üçünsa başqa variantlar var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO