2022-ci il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1330 mənzil alıblar. Bu da onu göstərir ki, ortalama hər ay 100 soydaşımız Türkiyədə daşınmaz əmlak alır.
Lakin, ötən həftə baş verən dəhşətli zəlzələ və onun gətirdiyi iri miqyaslı dağıntılar həm soydaşlarımızda, həm də Türkiyədən daşınmaz əmlak alan digər əcnəbilərdə tərəddüdlər yaradıb. Artıq Rusiyanın bir çox məşhurları Türkiyədəki əmlaklarını satışa çıxardıqlarını açıqlayıblar.
MÖVZU İLƏ BAĞLI:
Aprel ayından əmlak bazarında BAHALAŞMA olacaq – Ekspertlər SƏBƏBİ AÇIQLADI
Nəzərə alaq ki, ötən həftə həm də Gürcüstanda və Qazaxstanda zəlzələlər olub. Bu bölgələrdəki insanlarda da hazırda təşviş var.
Bu da o deməkdir ki, həm soydaşlarımız, həm də qonşu ölkələrdəki imkan sahibləri daşınmaz əmlak üçün Azərbaycana üz tutacağı gözləniləndir. Çünki, Azərbaycanda seysmoloji vəziyyət sabitdir.
Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert İlkin İbrahimovun fikirlərini öyrəndik.
Bizim.Media-ya açıqlamasında o bildirdi ki, praktikada belə bir şey var ki, risqlər artdıqca investisiya azalır:
“Son vaxtlar həm Türkiyədə, həm də Gürcüstanda və hətta Qazaxstanda baş verən zəlzələ daşınmaz əmlak alıcılarında tərəddüdlər yaradıb. Belə olan vəziyyətdə investorlar əmlaklarını daşımaq üçün üçüncü bir ölkə axtarırlar.
İndiki məqamda qonşu dövlətlərdə baş verən zəlzələlər fonunda Azərbaycandakı seysmoloji sabitlik investorların marağına səbəb olması qaçılmazdır.
Xüsusən də, Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycanda əmlak almaq marağının yaxın zamanlarda artacağı gözlənilir. Ola bilsin ki, yaxın 2 ayda bu artımı tam şəkildə görə bilməyəcəyik. Lakin, aprel ayından sonra əmlakçıların Azərbaycan axını sürətlənə bilər”.
Surxay Atakişiyev, Bizim.Media