Dollar bahalaşır? – Mərkəzi Bankın qərarı ilə bağlı İQTİSADÇILARDAN PROQNOZ

Dollar bahalaşır? – Mərkəzi Bankın qərarı ilə bağlı İQTİSADÇILARDAN PROQNOZ

Hazırda oxunan: Dollar bahalaşır? – Mərkəzi Bankın qərarı ilə bağlı İQTİSADÇILARDAN PROQNOZ

118226

Xəbər verdiyimiz kimi, fevralın 1-də Azərbaycan Mərkəzi Bankı uçot dərəcələri ilə bağlı yeni qərarını açıqladı. Qərara müvafiq olaraq, uçot dərəcələri artırıldı. Faiz dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılıb.

Eyni gündə bütün dünya maliyyə bazarını maraqlandıran daha bir yenilik baş verdi. Belə ki, Amerika Federal Ehtiyatlar Sistemi (FED) də uçot dərəcələrini 0,25 faiz bəndində artıraraq, 4,50-4,75 % həddinə çatdırıb.

Bu artımlar bir sıra sualları da bərabərində gətirib. Xüsusilə də, dollar-manat balansının dəyişməsi ehtimalları daha çox müzakirə olunur.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, faiz dərəcəsinin 0,25 faiz artırılması hazırki məqamda daha ehtiyatlı yanaşmanın göstəricisidir:

“Faiz dərəcəsinin artırılması, monetar siyasətlə inflyasiyanın cilovlanmasına hesablanır. İnflyasiyanın artım tempini yavaşlatmaq üçün bütün ölkələr bu metoda baş vururlar. FED də dollar uçot dərəclərini artırmaqla ABŞ-dakı inflyasiyanı cilovlamağa çalışır. Amma bu ehtiyatlı yanaşmadır. Azərbaycan tərəfində də vəziyyət bu cürdür.

Uçot dərəcələrinin daha çox artırılması pul kütləsinin azalması, kredit faizlərinin artması və iqtisadiyyatın daralması deməkdir. Yəni, uçot dərəcələrinin artırılması hesabına inflyasiyanın cilovlanması, iqtisadi aktivliyin sıxışdırılması hesabına buna nail olmaq deməkdir.

Aşağı həddin 0,5 faiz artırılması isə aradakı dəhlizin daralmasına hesablanıb. Bu, bir növ valyuta alqı-satqısında müəyyən qədər nəzarətin gücləndirilməsi, manipuliyasiya imkanlarının daraldılması və hərraclara daha çox nəzarətin olmasına gətirib çıxarır. Hesab edirəm ki, bu vəziyyət valyuta alqı-satqısında olan dövriyyəyə də öz təsirini göstərəcək”.

Digər iqtisadçı-ekspert Natiq Cəfərli isə FED və Mərkəzi Bankın uçot dərəcələrini artırmaq qərarının dollar-manat balansına mümkün təsir ehtimallarını dəyərləndirib:

“Bizdə Mərkəzi Bankən uçot dərəcələri inflyasiyaya təsir edən, bəlkə də ən sonuncu amildir. Mərkəzi Bankın uçot dərəcəsini artırması daha çox kredit faizlərinə təsir edir. Bu da onsuz da yüksək olan kredit faizlərinin daha da yüksəlməsinə təsir edə bilər.

Birbaşa inflyasiyaya təsir göstərmədiyindən, bu qərarın manat-dollar məzənnəsinə də aktiv təsiri yoxdur.

Çünki Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir və buna görə də, hökumətin verəcəyi qərar dollar-manat balansında həlledici rol oyanayacaq. Dollar-manat məzənnəsinin sabit saxlanılması qərarının bundan sonra da dəyişəcəyini düşünmürəm. Bu dəyişimə Azərbaycan iqtisadiyyatı institutsional olaraq da hazır deyil”.


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi - bəndinə uyğun olaraq hazırlanıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO