"1 yanvar 2023-cü il tarixinə işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan 1339 müraciət daxil olub".
Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, müraciətlərin 873-ü yerli, 466-sı isə 37 xarici ölkənin investorlarına aiddir.
"Xarici investorların müraciətləri arasında Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiyadan olan müraciətlər üstünlük təşkil edir. İnvestisiya layihələrinin 90%-i yerli, 10%-i isə xarici sahibkarların investisiya layihələridir.
İnvestisiya layihələrinə dair müraciətlərin 36%-i ticarət və xidmət sahəsini, 27%-i sənayeni, 26%-i kənd təsərrüfatını və digər 11%-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir.
2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində KOBİA-nın kiçik və orta biznesə dair xidmətləri həyata keçirən xidmət pəncərəsi, Agentliyin dəstəyindən yararlanmaqla dövlət-özəl sektor tərəfdaşlığı əsasında tikiş fabriki, Ağalıda yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə KOBİA, TÜİB və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə bazar yaradılıb", - deyə Orxan Məmmədov əlavə edib.
Bizim.Media