Qeyri-neft sektoru üzrə xaricə valyuta çıxışı çox böyükdür - ŞƏRH

Qeyri-neft sektoru üzrə xaricə valyuta çıxışı çox böyükdür - ŞƏRH

Hazırda oxunan: Qeyri-neft sektoru üzrə xaricə valyuta çıxışı çox böyükdür - ŞƏRH

114792

2020-ci ilin birinci yarısında ölkəmizin tədiyə balansında yaranan kəsirin məbləği birinci rüblə müqayisədə bir qədər azalıb. Birinci rübdə 1,3 milyard dollardan artıq kəsir yarandığı halda ilin birinci yarısında kəsirin məbləği 957 milyon dollara qədər geriləyib.


Sfera.az bildirir ki, tədiyə balansı bir ölkənin ödəmə qabiliyyətinin vəziyyətini müəyyənləşdirilməsi baxımından önəmli göstəricidir. Burada kəsirin olması ödəmə qabiliyyətinin zəifləməsinin göstəricisi hesab edilir.

 

Tədiyə balansı, sadə formada ifadə etsək ölkədən çıxan valyuta ilə ölkəyə gələn valyutanın fərqini əks etdirir. Altı ay ərzində 957 milyon dollar həcmində kəsirin yaranması o anlamı verir ki, birinci yarımildə ölkəmizdən çıxan valyutanın məbləği daxil olan valyutanın məbləğindən çox olub. Bu yaxşı əlamət hesab olunmur.

 

Ölkəmizdən valyuta çıxışının əsas qaynağı qeyri-neft sektorudur. Bunu tədiyə balansının 2 böyük hissəsindən biri olan cari əməliyyatlardan daha aydın görmək mümkündür.

 

Cari əməliyyatlarla bağlı olaraq ölkəmizə 9,52 milyard dollar mədaxil olub, 8,926 milyard dollar ölkəmizdən çıxıb. Ölkəmizdən valyuta çıxışının 5,875 milyard dolları qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sektoru üzrə bu qədər böyük vəsait çıxdığı halda əvəzində cəmi 3,21 milyard dollar valyuta daxil olub.

 

Neft-qaz sektoru isə əksinə ölkəmizin valyuta gəlirinin əldə edilməsində əsas mənbədir. Buradan 6,31 milyard dollar vəsait daxili olub ki, bu da neft-qaz sektoru üzrə xaricə gedən vəsaitdən 3,26 milyard dollar çoxdur.

 

Qeyri-neft sektoru üzrə xaricə daha çox valyuta axmasının səbəbi idxalla bağlıdır. Neft-qaz sahəsində ixrac 6,19 milyard dollar, idxal 818 milyon dollar, müsbət fərq 5,37 milyard dollar təşkil edib. Amma qeyri-neft sektorunda ixrac 887,6 milyon dollar olduğu halda, idxal 3,97 milyard dollar olub. Nəticədə qeyri-neft sektorunda 3,08 milyard dollarlıq ticarət kəsiri yaranıb. Başqa sözlə yalnız qeyri-neft ticarətinə görə 3,08 milyard dollar çox pul ölkədən çıxıb.

2020-ci ilin 6 ayında idxal ümumən 5,1% azalaraq 4,8 milyard dollar təşkil edib.

 

Statistika göstərir ki, idxalın əsas hissəsini istehlak malları təşkil edib. İstehlak mallarının idxalının ümumi dəyəri 2,1 milyard dollar olub ki, bunun da 730 milyon dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft idxalının strukturunda kərə yağının (37,8%), tərəvəz məhsullarının (17,5%), metalların (16,2%), minik avtomobillərinin (5,6%), kağız məmulatlarının (2,3%) və şəkərin (1,4%) idxalı artıb, dəmiryol nəqliyyat vasitələrinin (23,1 dəfə), dənli bitkilərin (28,4%), mebel məhsullarının (28%), tütün və tütün məhsullarının (23,2%), daş və şüşə məmulatlarının (9,3%), kimya məhsullarının (8%), ağac məmulatlarının (5,2%), alkoqollu və alkoqolsuz içkilərin (2,2%) idxalı isə azalıb.


İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilən maşın-avadanlıqların və malların xüsusi çəkisi 7,8% təşkil edərək 375,5 milyon dollar olub.

Qeyri-neft sektoru üzrə xarici ticarət vəziyyətinin acınacaqlı olması bütün diqqətlərin neft qiymətlərinə yönəlməsinə səbəb olur. Neft qiymətləri yüksək olduqda qeyri-neft sektoru üzrə yaranan kəsir qapanır, amma neft qiyməti aşağı olanda kəsiri bağlamaq mümkün olmur. İlin birinci yarısında neftin orta qiyməti tədiyə hesabı üzrə 41,9 dollar (2019-cu ilin birinci yarısında 64,6 dollar idi) təşkil edib. Bu qiymət cari əməliyyatlarda müsbət fərqin yaranmasına, o cümlədən qeyri-neft sektoru üzrə kəsirin bağlanmasına kömək edib. Amma ilin ikinci yarısında neftin qiymətinin yüksəlib-yüksəlməyəcəyi dəqiq bəlli deyil. Əgər qiymətlər yüksəlməsi qeyri-neft kəsirinin bağlanma ehtimalı azalacaq.

 

 

 

Vasif

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO