İT sahəsində ən böyük VERGİ GÜZƏŞTLƏRİ Azərbaycanda olacaq

İT sahəsində ən böyük VERGİ GÜZƏŞTLƏRİ Azərbaycanda olacaq

Hazırda oxunan: İT sahəsində ən böyük VERGİ GÜZƏŞTLƏRİ Azərbaycanda olacaq

111099

Xəbər verdiyimiz kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış mütəxəssislər və şirkətlər üçün ölkəmizdə bir sıra vergi, miqrasiya və sosial güzəştlər tətbiq olunacaq. Belə ki, sözügedən güzəştləri əhatə edən dörd qanun dəyişikliyi layihəsi artıq Milli Məclisdə I oxunuşdan keçib.

Digər tərəfdən, günümüzdə İT mütəxəssislərinin cəlb olunması üçün dünya ölkələri arasında ciddi rəqabətin getdiyi heç kimə sirr deyil. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bu ölkələrdən olan mütəxəssislərin kütləvi köç dalğası başlayıb.
Və Gürcüstan, Ermənistan, Qazaxıstan və Özbəkistan kimi region ölkələrində bu sahənin mütəxəssisləri, eləcə də şirkətlər üçün vergi güzəştlərinin olması müharibədən qaçan ekspertlərin bu ölkələrə üz tutmasına səbəb olub. Müxtəlif hesablamalara görə, fevralın 24-dən sonra Rusiyanı tərk edən İT mütəxəssislərinin sayı 60 min nəfərdən çoxdur. 

Qeyd olunan qanun layihələrinin qəbulundan sonra ölkəmizdə də İT mütəxəssisləri və şirkətləri üçün bir sıra güzəştlər tətbiq ediləcək: 

1. Texnologiyalar parkından kənarda fəaliyyət göstərən İT sahibkarlıq subyektləri də parkın rezidentləri sayılacaq.

2. Rezident şəhadətnaməsi alan “sistem inteqrasiyası, proqram təminatının hazırlanması, inkişaf etdirilməsi, onlara dəstək göstərilməsi və təlim verilməsi” fəaliyyəti ilə məşğul olan sahibkarlar mənfəət (20%) və gəlir (14%) vergisindən tam azad ediləcəklər.

3. Bu sahibkarlar üçün mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan dividend vergisi (10%) ləğv ediləcək.

4. Bu sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin gəlir vergisi 01.01.2026-cı ilə qədər – 8000 manatadək 0%, 8000 manatdan çox olan hissəsi 5% (hazırda 14%), 01.01.2026-cı ildən isə 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.

5. İşçilər məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq ya minimum aylıq əmək haqqı məbləğinin dörd misli (1200 manat) miqdarından ya da muzdlu işdən əldə edilən gəlirlərdən indiki qaydada davam edərək ödəyə biləcəklər.

6. Əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi lazım olmayacaq.

7. Əcnəbilər və ya vətəndaşlığı olmayanlar Azərbaycan şirkətlərində işlədikləri halda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər.

Bəs, bu güzəştlər mütəxəssislərin ölkəmizə cəlb olunması üçün lazımi şəraiti yaradacaqmı?

Millət vəkili Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında qeyd edib ki, güzəştlərin tətbiq edilməsinin başlıca səbəblərindən biri texnologiya sahəsində daha çox investisiyaların cəlb olunmasından ibarətdir:

“Ukraynada müharibənin başlamasından sonra Rusiyanı kifayət qədər məbləğdə sərmayələr tərk edib. Onların içərisində proqram təminatının hazırlanması daxil olmaqla, informasiya texnologiyalarının fərqli istiqamətləri üzrə çalışan şirkətlər, fiziki şəxslər də var. Bu fəaliyyətlə məşğul olan fiziki şəxslərin əksəriyyətinin böyük ofisləri olmur, onlar öz bizneslərini qısa zaman kəsiyində bir ölkədən, digərinə keçirə bilirlər.  

Azərbaycanda yeni güzəştlərin tətbiqindən sonra İKT sahəsində sərmayələrin cəlb olunmasına nail olacaq. Çünki artıq Azərbaycan, güzəştlərin tətbiqindən sonra regionda praktiki olaraq İKT sahəsində ən çox güzəşt və ən az vergi tətbiq edən ölkəyə çevriləcək”.  
Texnobloger Fərid Pərdşünas isə qeyd edib ki, 2023-dən nəhayət ölkəmizdə texnoloji mövzuda çox ciddi dəyişiklər baş verəcək:

“Rezident texnologiya şirkətləri 10 il müddətə mənfəət, gəlir, divident vergisindən azad olunacaqlar. Əlavə olaraq sosial ödənişlərə də güzəştlər olacaq. Xaricdən gələn əcnəbilərin İT şirkətlərdə çalışmaları üçün də iş icazəsi lazım olmayacaq. Bunlar söz yığını deyil. Çox ciddi və lazımı qərardır. Hətta gecikmişik”. 

Murad Əhmədov, Bizim.Media 



QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO