İT sahəsinə böyük vergi güzəştləri tətbiq ediləcək – DETALLAR 

İT sahəsinə böyük vergi güzəştləri tətbiq ediləcək – DETALLAR 

Hazırda oxunan: İT sahəsinə böyük vergi güzəştləri tətbiq ediləcək – DETALLAR 

110621

Vergi və Miqrasiya Məcəllələri, “Gömrük tarifi haqqında” və “Sosial sığorta haqqında” qanunlara dəyişiklik edilməsilə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, qanun layihələri İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan işçilərə, xarici vətəndaşlara 1 yanvar 2023-cü il tarixdən 10 il müddətinə mühüm vergi, sosial və miqrasiya güzəştləri təklif edir.

Dəyişikliklər aşağıdakılardan ibarətdir:

1. Texnologiyalar parkından kənarda fəaliyyət göstərən İT sahibkarlıq subyektləri də parkın rezidentləri sayılacaq.

2. Rezident şəhadətnaməsi alan “sistem inteqrasiyası, proqram təminatının hazırlanması, inkişaf etdirilməsi, onlara dəstək göstərilməsi və təlim verilməsi” fəaliyyəti ilə məşğul olan sahibkarlar mənfəət (20%) və gəlir (14%) vergisindən tam azad ediləcəklər.

3. Bu sahibkarlar üçün mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan dividend vergisi (10%) ləğv ediləcək.

4. Bu sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin gəlir vergisi 01.01.2026-cı ilə qədər – 8000 manatadək 0%, 8000 manatdan çox olan hissəsi 5% (hazırda 14%), 01.01.2026-cı ildən isə 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.

5. İşçilər məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq ya minimum aylıq əmək haqqı məbləğinin dörd misli (1200 manat) miqdarından ya da muzdlu işdən əldə edilən gəlirlərdən indiki qaydada davam edərək ödəyə biləcəklər.

6. Əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi lazım olmayacaq.

7. Əcnəbilər və ya vətəndaşlığı olmayanlar Azərbaycan şirkətlərində işlədikləri halda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər.

Qanun layihələrini parlamentə təqdim edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, təklif edilən dəyişikliklər Azərbaycanda İKT sahəsində yeni eranın başlanğıcı olacaq:
“İT mütəxəssislərin cəlb olunması üçün bütün dünyada ciddi rəqabət gedir. Təxmini hesablamalara görə, ölkəmizdə ildə 3500 İKT mütəxəssisi yetişir. Lakin bu sahədə tələbat 20 min nəfərə yaxındır. Qonşu ölkələrdə İKT mütəxəssislərinin cəlb edilməsi üçün müvafiq qanunlar hazırlanıb.

Azərbaycan da bu tendensiyadan geri qalmamalıdır. İKT sahəsi çox az sahələrdəndir ki, xarici mütəxəssisləri cəlb etmədən onun inkişafına nail olmaq qeyri-mümkündür”.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO