The Wall Street Journal” nəşri OPEC nümayəndələrinə istinadən yazıb ki, OPEC+ ölkələri gündəlik hasilatı artırmaq barədə düşünür. Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı və kartelin digər üzvləri hasilatı sutkada 500 min barel artırmağı müzakirə edirlər. Bu məsələ təşkilata daxil olan ölkələrin, o cümlədən Rusiyanın dekabrın 4-də keçiriləcək növbəti iclasında müzakirə predmeti olacaq.
Qeyd edək ki, OPEK+ ölkələri oktyabrın 5-də hasilatı azaltmaq barədə razılığa gəliblər. Həmin razılığa əsasən gündəlik kvota 2 milyon barrelə qədər azaldılmalıdır. Hansı ki, bu qərar da noyabrda qüvvəyə minib.
Həmin qərarın üzərindən heç bir ay keçməmiş fikirlər səslənir ki, dekabrda OPEK hasilatı artırmaq barədə düşünür. Özü də maraqlıdır ki, belə bir qərarın veriləcəyi barədə məlumat neftin qiymətinin kəskin azalması fonunda gündəmə gəlir. Hazırda bir barrel neftin qiyməti 83 dollardır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda neft hasilatı ötən ay nə qədər olub?
Bizim.Media-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bu fikirdədir ki, OPEK+ ölkələrinin gündəlik neft hasilatını artıracaqları barədə yayılan xəbərlər indiki şəraitdfə məntiqə uyğun deyil:
“Əslində neftin gündəlik hasilatının artırılması məsələsinin müzakirə ediləcəyinin məntiqlə heç bir izahı yoxdur. Ona görə ki, mötəbər mənbəyə istinadən hasilatla bağlı OPEK+ ölkələrinin dekabrda çıxaracaqları qərarın 5 milyon barrel civarında olması xəbəri dünən neftin dünya bazarındakı qiymətinin birdən-birə 5 faizə qədər azalmasına gətirib çıxardı. Dünən axşam neftin qiyməti 83 dollaradək aşağı düşdü. Ardınca Səudiyyə Ərəbistanının neft nazirinin çıxışından sonra qiymət 85 dollaradək yüksəldi. Ancaq noyabrın əvvəlində neftin qiyməti 95-96 dollar arasında idi”.
Ekspert qeyd edir ki, indiki halda, hasilatın artırılması qərarı qəbul edilsə, deməli yenidən neftin qiymətinin azalmasının şahidi olacağıq:
“OPEK çərçivəsində bunu istəyib-istəmədikləri hələlik qaranlıq məsələdir. İndiki şəraitdə qiymətin 90 dollardan aşağı düşməsi onlar üçün əvvəllər olan 50 dollardan aşağı qiymətə bərabərdir. Ona görə də iclas öncəsi yayılan məlumatın reallıqda həqiqətə uyğun olduğu fikrində deyiləm”.
İ. Şaban bildirir ki, OPEK-in iclası öncəsi yayılan bu sayaq xəbərlər spekulyativ xarakter daşıyır və əslində bazarda neftin qiymətinin daha da azalmasına xidmət edir.
Rüfət Sultan, Bizim.Media