Büdcə ödəmələrində qaz nefti üstələməyə başladı – Azərbaycan Avropadan NƏ İSTƏYİR?

Büdcə ödəmələrində qaz nefti üstələməyə başladı – Azərbaycan Avropadan NƏ İSTƏYİR?

Hazırda oxunan: Büdcə ödəmələrində qaz nefti üstələməyə başladı – Azərbaycan Avropadan NƏ İSTƏYİR?

102932

Həftə ərzində “Bizim Barel”in başına gələnlər İlham Şabanın təqdimatında

Yola saldığımız həftə qlobal qaz bazarlarında əsasən nikbin əhval-ruhiyyə ilə ilə yadda qalıb.

Nikbinliyə səbəb isə Avropada payızın sonuncu ayının belə mülayim keçməsi və ümumən Avropa İttifaqı ölkələrinin yeraltı anbarlarda qaz tədarükünü 95%-ə çatdırması olub. 

Qlobal bazarlar. Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis bildirib ki, Birləşmiş Ştatlar Norveçdən sonra Avropa İttifaqına ikinci ən böyük “mavi yanacaq” tədarükçüsü olub. 

Rusiyanın Avropa qaz bazarında mövqeyinin zəifləməsi həm də kiçik qaz tədarükçüsü olan Moldovada da baş verib. Noyabrın 3-də Moldova tarixində ilk dəfə olaraq Avropadan qaz idxal etməyə başlayıb. Moldova baş nazirinin müavini Andrey Spın bildirib ki, bununla da ölkəsində “qaz və işıq ancaq Rusiyadan gələ bilər mifi” dağıldı. 

Həftə ərzində Avropada satılan qaz qiymətlərində hiss ediləcək dəyişkənlik olsa da (1000 kubmetr qaz üçün 1157-1412 dollar arasında), amma Brent markalı neft stabil olaraq 95 dollar ətrafında ticarət edilib.  Qaz qiymətlərini aşağı salan amil rolunda yuxarıda sadaladığım nikbinlik əhval-ruhiyyəsi, qiymətləri bahalaşdıran səbəb kimi isə Beynəlxalq Enerji Agentliyinin 2023-cü ilin yayında 30 milyard kubmetr qaz kəsiri ilə üzləşəcəyi proqnozlar idi.  
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


Bahalı neft və Azərbaycan iqtisadiyyatı. Enerji daşıyıcılarının qlobal bazarda cari ildə xeyli bahalı olması Azərbaycan iqtisadiyyatına birbaşa təsir edən amildir. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı proqnoz verib. Onun sözlərinə görə, dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər indiki səviyyədə qalarsa, 2022-ci ilin yekunları üzrə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 130 milyard manat təşkil edə bilər. 

Qeyd edək ki, 2022-ci ilin 9 ayının nəticələrinə görə, Azərbaycanda ÜDM-in nominal həcmi 98,08 milyard manat təşkil edib. Bu həcmin 48,7 faizii və ya 47,79 milyard manatı neft-qaz sektorunda yaranıb. 

Ötən ilin yekunları üzrə ölkəmizin ÜDM-i nominal ifadədə milyard manat təşkil etmişdi. Dağ rayonları isitmə mövsümünə başladı. Azərbaycanın enerji bazarında həftə ərzində diqqətimi çəkən bir məsələ də dağ rayonlarımızın noyabrın 1-dən etibarən istilik mövsümünə keçməsi xəbəri idi. İstiliklə təminatın həmin bölgələrdə mayın 1-dək davam etdirilməsi planlaşdırılır. Ölkə üzrə isə isitmə mövsümü hər il olduğu kimi noyabrın 15-dən aprelin 15-dək davam edəcək. 

Ümumiyyətlə, Azərbaycanda enerjidən daha qənaətlə istifadə edilməsinin optimal yolu ölkənin paytaxtında və iri yaşayış məskənlərində müasir mərkəzləşdirilmiş istilik sisteminin yaradılmasından keçir. Biz bunu işğaldan azad edilmiş ərazilərdə planlı şəkildə həyata keçirməyi artıq qarşımıza məqsəd qoymuşuq, amma təəssüflər olsun ki, ölkə paytaxtında yeni tikililər yaranan zaman şəhərsalma standartlarında bu cür vacib məsələni diqqətdən kənarda saxladıq və mənzillərin isidilməsi fərdiləşdi. Həm çoxlu pul aparır, həm də enerji.

Bir maraqlı məsələ isə bu həftə Azərbaycan qazını almaq istəyən yeni şirkətlərin ortaya çıxmasıdır. 

Azərbaycan qazının yeni müştəriləri. Bu günlərdə iki Macarıstan şirkətinin Azərbaycan qazının idxalı ilə bağlı danışıqlara başlaması bəlli olub. Bunu Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma yerli mediaya açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Macarıstan Azərbaycan qazını gələcək enerji kompleksinə daxil etməkdə maraqlıdır. “Siyasi liderlərimiz bu niyyəti müxtəlif forumlarda təsdiq ediblər. Artıq Azərbaycanın Dövlət Neft Şirkəti ilə Macarıstanın MOL və MVM enerji şirkətləri arasında Cənub Qaz Dəhlizi vasitəsilə qaz alınması ilə bağlı danışıqlara başlanılıb. 

Macarıstanlı diplomat Azərbaycan təbii qazının ölkəsinə hansı marşrutla çatdırılması məsələsini də açıqlayıb.

“Bu kontekstdə biz oktyabrın 1-də Yunanıstan-Bolqarıstan interkonnektorunun istismara verilməsini alqışlayırıq və Cənub-Şərqi Avropada digər birləşdirici kəmərlər üzrə işlərin tamamlanmasını səbirsizliklə gözləyirik. Eyni zamanda, ümid edirik ki, Azərbaycan tezliklə Avropanın artan tələbatını ödəmək üçün kifayət qədər qaz tədarük edə biləcək”, deyə səfir fikrini tamamlayıb.

Görürsünüzmü, Bolqarıstan, Rumıniya, Serbiya kimi ölkələrdən sonra Macarıstan da Azərbaycanın əlavə qaz həcmlərinin istehlakçısına çevrilmək niyyətlərini ortaya qoyur. Qeyd edim ki, Macarıstan Rusiya qazından xeyli asılıdır və daim rəsmi Brüsselin qınaq obyektinə çevrilir ki, bəs bu asılılığın azaldılması üçün lazımi qədər işlər görmür. Bu da iş, iki şirkəti birdən alternativ mənbədən qaz almaq istəyir.  

Azərbaycanın Avropadan təminat istəyi. Bu arada rəsmi Bakı Avropa İttifaqının 2027-ci ildən sonra Azərbaycandan əlavə qaz həcmlərinin alınacağı ilə bağlı zəmanət verməsində maraqlı olduğunu bəyan edib. Özü də bunu Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropanın adlı-sanlı biznes nəşri olan “Financial Times”-a müsahibəsində bildirib.
 

Məqalədə qeyd edilir ki, 2022-ci ilin 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycan qazının Avropaya ixrac həcminin ən azı 20 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur.


“Avropanın indi alternativ təchizatçılara ciddi ehtiyacı var. Biz əmin olmalıyıq ki, bu, Ukraynadakı müharibə fonunda yaranan bir tələb deyil və müharibənin dayandığı təqdirdə və Avropanın yenidən Rusiyadan qaz almaq istəyinə bağlı deyil”, - deyə xarici işlər nazirinin müavini vurğulayıb. 

Yəni diplomatın dediklərinin açması odur ki, Azərbaycan əmin olmalıdır ki, Avropa onun əlavə qaz həcmlərini uzunmüddətli müqavilələr əsasında 2027-ci ildən sonra da almaqda davam edəcək.  

Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya tədarükünü iki dəfə artırmaq üçün istər qaz resurslarının işlənməsi, istərsə də qazın stabil nəqlinə nail olmaq üçün infrastruktura müvafiq sərmayə qoyuluşu lazımdır və bunu bütün maraqlı tərəflər həyata keçirməlidir.

Məmmədov əlavə edib ki, Azərbaycan bu prosesə öz töhfəsini verməyə hazırdır, eyni zamanda, Aİ-nin bu istiqamətdə fəallaşacağını gözləyir.

Göründüyü kimi, Azərbaycan tərəfi aydın şəkildə qarşıdakı iri qaz sövdələşməsində onu narahat edən bəzi məsələlərin həllinə çağırış edir. Yəni Avropaya çatdırır ki, indi bazarlarda 10 il əvvəlki vəziyyət deyil ki, Azərbaycan öz tərəfdaşları ilə əzmkarlıq nümayiş etdirərək Avropa sərhədlərinə qədər mükəmməl bir infrastruktur yaratdı və Qərbdə də bunu alqışlamaqla, siyasi dəstək verməklə öz işlərini bitmiş hesab etdilər.

Əgər indi 10 il əvvəlki kimi enerji daşıyıcılarının qiyməti kifayət qədər bahalıdırsa, bu o demək deyil ki, şirkətlər qazandıqlarını 3500 km-lik infrastrukturun genişləndirilməsinə sərf etməklə məsələ həll olunacaq. İndi vəziyyəti mürəkkəbləşdirən bir xeyli amillər yaranıb ki, şirkətlər onları öz qüvvələri hesabına çətin həyata keçirsinlər. 

Əvvəla, 2020-ci ildən ənənəvi enerjiyə qarşı Qərbdə genişmiqyaslı kampaniya başlayıb:

2050-ci ilədək Avropanın karbon emissiyalarını sıfır səviyyəsinə endirmək arzusu onunla nəticələnib ki, neft və qaz yataqlarının işlənməsi üçün nəinki banklar və beynəlxalq maliyyə institutları əlverişli şərtlərlə kreditləşməni dayandırıblar, hətta iri maliyyə fondları da ənənəvi enerji layihələrini maliyyələşdirməkdən imtina edirlər (məsələn, 1,2 trilyon dollar aktivlərə malik Norveçin suveren fondu), bundan əlavə bəzi ölkələr qanunvericilik aktlarında belə dəyişikliklər edərək ənənəvi enerji biznesini bazarlarda məhdudlaşdırmağa çağırışlar edir, hətta şirkətlərin səhmdarları yeni yataqların kəşfiyyatı və işlənməsinə kapital xərcləmələrinin qarşısını alırlar, çünki Avropa İttifaqı hökumətlərinin bütün diqqət və marağı “yaşıl enerjiyə” yönəlib. 

İkincisi, məsələni mürəkkəbləşdirən başqa bir amil isə artıq 8 aydan çox davam edən Rusiya-Ukrayna müharibəsi fonunda əsasən Avropa iqtisadiyyatının əvvəlcədən proqnozlaşdırılmayan iqtisadi, sosial böhranla üzləşməsidir. Hərbi əməliyyatlar qəfil başladığı kimi də bitə bilər, amma masştablı bu müharibənin dünya iqtisadiyyatına və o cümlədən Avropa iqtisadiyyatına vurduğu ziyanın nəticələrinin aradan qaldırılmasını bu gün proqnoz etmək çox çətindir.

Bunun üçün hətta bir beşillikdə yetərli olmaya bilər. İqtisadi böhran zamanı isə bəllidir ki, enerjiyə tələbat azalır, çünki iqtisadi fəallıq aşağı düşür.

Ona görə də rəsmi Bakı Brüsselə diplomatikcəsinə çatdırır ki, “bu işin bütün yükünü Azərbaycanın və burada çalışan şirkətlərin çiyninə qoymaqla” indiki şəraitdə arzu edilən nəticənin hasil edilməsi düzgün deyil. Çünki biznesin, ələxsus da neft-qaz şirkətləri üçün risklər qat qat artıb.    
 

Azərbaycanın qaz bazarında isə 2018-ci ildən başlayan hasilat və ixrac məsələlərindəki artım davam etməkdədir. BP şirkəti cari ilin 9 ayının yekunları ilə bağlı açıqladığı hesabatda bildirib ki, “Şahdəniz” yatağından 1 milyard 772 milyon dollarlıq istismar xərcləri hesabına 18 milyard kubmetr qaz və 27 milyon barel kondensat hasil edib. 


Bu dövrdə “Şahdəniz” layihəsi üzrə əsaslı xərclər isə ötən ilin doqquz ayı ilə müqayisədə 40% azalaraq 314 milyon dollar təşkil edib. Əsaslı kapital xərclərinin azalması isə qaz qazancının artımına açılan bir yoldur. 

Bu nəticəni kommersiya baxımından təhlil etsək görürük ki, SOCAR-ın sözügedən dövr üçün açıqladığı Azərbaycan neftinin orta ixrac qiyməti ilə, yəni bir barel üçün ortalama 107,22 dollar hesabı ilə Şahdənizdən hasil edilən kondensatdan 2,89 milyard dollar gəlir əldə edilə bilər.

Buradan görünür ki, “Şahdəniz” layihəsinin iştirakçıları bütün xərclərini yalnız kondensatın satışı hesabına ödəmək imkanındadırlar, hətta kondensatın Bakı-Tiflis-Ceyhan boru kəməri ilə daşıma xərclərini çıxmaqla belə. Bu isə o deməkdir ki, “Şahdəniz” layihəsi çərçivəsində satılan təbii qazdan əldə olunan gəlir reallıqda mənfəətdir. Bu isə az vəsait deyil. 

Büdcə ödəmələrində qaz nefti üstələyir. Elə hökumət də bu faktora diqqət yetirib və Azərbaycanın ən iri qaz layihəsi üzrə dövlət büdcəsinə ödənilməsi planlaşdırılan verigləri digər neft-qaz layihələrindən ayırıb. 

Azərbaycan hökuməti 2023-cü ildə dövlət büdcəsinə Hasilatın Pay Bölgüsü Sazişləri üzrə ölkədə fəaliyyət göstərən neft-qaz şirkətlərindən mənfəət vergisi şəklində 3 milyard 367 milyon manat məbləğində daxilolma proqnozlaşdırır. Bu, 2022-ci ilin hədəfindən 26,1% çoxdur.

Proqnozlara görə, 2023-cü ildə dövlət büdcəsinə “Şahdəniz” layihəsindən mənfəət verigisi kimi daxilolmalar 2022-ci il üçün nəzərdə tutulan göstəricilərdən 78,5% qədər arta bilər.

Gələn il “Şahdəniz”dən dövlət büdcəsinə daxilolmalar 2 milyard 875 milyon manat səviyyəsində planlaşdırılır. Bu isə ümumən Hasilatın Pay Bölgüsü üzrə sazişlərin icrası zamanı ödənilməsi planlaşdırılan məbləğin nə az, nə çox düz 85,4%-dir. 

Yadınızdadırmı, “Şahdəniz” layihəsi üzrə ilk qaz 2007-ci ildə ixrac olunmağa başlayandan zaman zaman cəmiyyətdə belə suallar yaranırdı: bizim qaz gəlirlərimiz neft gəlirlərimizi üstələyə bilərmi? 


Dövlət büdcəsinə neft-qaz sektorundan daxilolmalar cədvəlinə diqqət yetirsək, görərik ki, bu hadisə 2023-də yox, elə bu ilin yekunu üzrə də reallaşa bilər. Çünki “Şahdəniz”dən ödənilməsi planlaşdırılan vergilər həm SOCAR-ın ödənişlərindən, həm də digər HPB Sazişləri üzrə ödəmələri üstələməlidir. Necə deyərlər, dövlət büdcəsinə ödəmələrdə qazdan gələn gəlirlər artıq nefti üstələyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO