Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda istismar müddəti başa çatan 9 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evlərinin söküləcəyini elan edib.
Onun sözlərinə görə, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlilərdir.
Şəhər meri qeyd edib ki, həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.
Bəs, köhnə binaların mərhələli şəkildə sökülməsi daşınmaz əmlak bazarına necə təsir göstərəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “Vecon Consulting” şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc qeyd edib ki, bu məsələ uzun müddətdir təklif olaraq irəli sürülüb:
“Bakı şəhərinin planlaşdırılmasında da köhnə binaların mərhələli şəkildə sökülüb, yeni tikililərin inşa edilməsi nəzərdə tutulub. Bu da vətəndaşlarımızın daha müasir şəraitdə yaşaması, təhlükəsizliyinin təmin olunması məqsədilə atılan addımdır. Qeyd olunduğu kimi, köhnə tikililər öz ömürlərinin böyük hissəsini istismarda keçiriblər və yararlılıq faizləri çox aşağıdır. Ümumiyyətlə, müasir dünya sistemində mənzil-kommunal tələblərinə cavab vermədiklərinə görə, həmin mənzillər o qədər də arzuolunan deyil. Ona görə də, onların sökülməsi təbiidir”.
Ekspertin sözlərinə görə, bu proses mərhələli şəkildə aparılacaq:
“Bunun reallaşdırılması üçün cidd büdcə lazımdır. Hesab edirəm ki, ilk növbədə 100 ildən çox yaşı olan tikililər söküləcək. Sonrakı mərhələdə isə yararlılıq yaşı meyarına uyğun olaraq digərləri söküləcək, ən sonda isə sıra beşmərtəbəli yaşayış binalarınındır. Çünki onlar nisbətən daha yenidirlər.
Proses davam etdikcə, bu daşınmaz əmlak bazarına da təsirsiz ötüşməycək. Ona görə ki, yeni tələbat meydana gəlir. Ola bilsin ki, köhnə tikililərin sökülməsi nəticəsində öz yaşayış yerlərini müvəqqəti itirən sakinlər, kompensasiya alıb, başqa binalarda mənzil əldə etmək fikrinə düşsünlər. Bu da bazarda dinamizm formalaşdıra bilər ki, nəticədə qiymət artımı mümkündür”.
Vüqar Oruc mənzil bazarında qiymətlərin artacağı ilə bağlı da proqnozlarını bölüşüb:
“Bütünlükdə, 2020-2022-ci illər üçün daşınmaz əmlak bazarını təhlil etsək, görərik ki, qiymətlər günbəgün artır. Belə olan halda baş verəcək hər hansı dəyişiklik, qiymətlərin artım tempini yüksəldə bilər. Sonda Bakı əhalisi bu günə qədər rastlaşmadığı qiymətlərlə qarşılaşa bilər.
Digər tərəfdən Azərbaycan sosial dövlətdir və müəyyən tədbirlər görülməlidir ki, tikinti biznesi üçün bürokratik əngəllər azalsın. Nəticədə tikintinin bir kvadratmetrinin başa gəlmə qiyməti aşağı ola və rəqabətlilik təmin oluna bilər. Dövlətin bu istiqamətdə sosial evlər, güzəştli ipotekaların verilməsi kimi layihələri var.
Amma hesab edirəm ki, tikinti biznesi stimullaşdırılmalı, dövlətlə bu sektorda fəaliyyət göstərən biznesmenlər arasında müqavilələr bağlanmalıdır.
Məsələn, torpaqların verilməsi, bürokratik əngəllərin aşılması, normativ qaydalara uyğun inşa, eyni zamanda xərclərə uyğun olaraq mənfəət məbləğinin tənzimlənməsi razılaşdırıla bilər.
Sonuncu təkliflə bağlı azad bazar şəraitində yaşadığımızı əsas gətirə bilərlər. Lakin yaşayış məkanı strateji məhsuldur. Ona görə də, digər bu tip məhsullarda olduğu kimi, vətəndaşların ağrılı yeri olan mənzil sektorunda da dotasiyalar vasitəsilə müvafiq addımlar atılmalı, reallığa uyğun olmayan qiymətlərə təsir edilməlidir”.
Murad Əhmədov, Bizim.Media