Başa vurduğumuz həftə qlobal bazarlarda enerji daşıyıcılarının qiymətlərindəki kəskin dəyişmələrlə yadda qaldı. Bu isə ona dəlalət edir ki, dünyada yaşanan mürəkkəb hərbi, siyasi və iqtisadi hadisələr xammal bazarlarının hansısa qiymət ətrafında stabilləşməsinə imkan vermir.
Qlobal bazarlar. Həftənin əvvəlində minimal partiyası 91 dollardan bir qədər baha satılan Brent markalı neft həftənin sonuna 97 dollara qədər bahalaşdı. Hərraclarda qara qızıla bağlı olmayan qaz qiymətləri də bu həftə 14 iyun tarixindən sonra ilk dəfə 955 dollara qədər ucuzlaşmışdısa, sonradan 1100 dollar həddini aşmağa da müvəffəq oldu.
Əgər həftə əvvəli xammal bazarlarını aşağı çəkən faktor rolunda Çin iqtisadiyyatının verilən proqnozlardan daha az templə inkişafı xəbərlər və Beynəlxalq Valyuta Fondunun qarşıda dünyanı iqtisadi böhranın gözləməsi ilə bağlıi proqnozları idisə, sonradan neft və qazın qiymətlərini üzü yuxarı aparan lokomotiv rolunda ABŞ iqtisadiyyatının daha yüksək templə inkişafı xəbərləri oldu.
Azərbaycan-Gürcüstan enerji əlaqələri. Həftəmiz Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri ilə başladı.
MÖVZU İLƏ BAĞLI:
“Şahdəniz”də qaz hasilatı niyə dayandırıldı? – Dünya qaz bazarında baş verənləri İlham Şaban ŞƏRH EDİR
Və bu səfərdə Azərbaycan rəhbəri iki ölkə arasında artan siyasi-iqtisadi əlaqələr fonunda enerji amilini xüsusilə vurğuladı.
Qeyd edim ki, Azərbaycan üçün Gürcüstan “Qərbə açılan enerji pəncərəsi” rolunu 1995-ci ildən oynamağa başlayıb. Niyə məhz həmin ildən? Çünki Azərbaycanın müstəqilliyini bərpa etməsinin 4-cü ildönümü ərəfəsində “Azəri-Çıraq-Günəşli” layihəsinin reallaşması üçün yaradılan Rəhbər Komitə “ilkin neft layihəsi” üzrə Azərbaycan neftinin iki ixrac variantı haqda qərar qəbul edir. Bunlardan biri Gürcüstan üzərindən keçərək Qara dənizə çıxacaq Bakı-Supsa marşrutu idi. Hansı ki, 1999-cu ilin baharından istifadəyə verildi. Daha sonra isə enerji əlaqələrimiz ildən ilə genişlənməyə başladı.
Elə Tiflisə indiki səfəri zamanı İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatla çıxışında iki ölkə arasında “gələcək enerji siyasəti”nin müzakirə edildiyini bəyan etdi. Onun sözlərinə görə, həyata keçirilən Azərbaycan-Gürcüstan enerji layihələri uğurla işləyir və tərəflər yeni layihələr haqqında düşünür. “Biz dünya bazarlarına qaz ixracını artırmağı planlaşdırırıq.
Bu il ixracımız 22 milyard kubmetr təşkil edəcək, 2023-cü ildə daha da artacaq”, - deyə Azərbaycan prezidenti bildirib.
O, həmçinin bu ilin iyulunda imzalanmış Azərbaycan ilə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memoranduma uyğun olaraq Azərbaycan qazının Avropaya ixracının iki dəfə artacağını xatırladıb.
Burada bir haşiyəyə çıxmaq istərdim. Gürcüstan 2007-ci ilin əvvəlindən Azərbaycan qazını idxal edir. 2021-ci ilin sonunda Gürcüstan 2,2 milyard kubmetrə yaxın, 2022-ci ilin yanvar-sentyabr aylarında isə 1,9 milyard kubmetr Azərbaycan qazı idxal edib. Gürcüstan öz ərazisindən nəql etdiyi hər kubmetr qazımızn 5% mislini tranzit haqqı kimi alır. Özü də pulla deyil, natura ilə - yəni təbii qazla. Bu il bu həcmlərin 975 milyon kubmetrə qədər artımı gözlənilir.
Təsəvvür edirsinizmi – ildə 2,5 milyard kubmetr qaz istehlak edən bir dövlət özünün ehtiyaclarının təqribən 40%-ə yaxınını tranzit qazı hesabına ödəyir.
Bu baxımdan bəzi insanların düşündüyü kimi deyil ki, Gürcüstan bizdən yaxşıca yararlanır. Axı bizim ixracımızın, özü də təkcə enerji deyil, elə qeyri neft-qazın da xeyli hissəsi bazarlara Gürcüstan üzərindən çıxır. Qonşu ilə münasibətləri kompleks şəkildə qurmalısan ki, uzunmüddətli dövr üçün münasib əlaqələrə malik olasan. Azərbaycan isə Gürcüstan üzərindən Avropaya yeni enerji layihələri üzərində düşünür.
BTC ilə ötürülən tranzit nefti. Azərbaycan prezidenti həmçinin 2023-cü ildə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neft ixracının artırılacağını da anons edib. Axı Azərbaycanın neft hasilatı azaldığı bir zaman nəql edilən həcmləri necə artırmaq olar? Əslində artımın tranzit neft həcmləri hesabına gerçəkləşəcəyi planlaşdırılır. Çünki cari ildə bu sahədə aktivlik hiss edilir.
Rəsmi statistikaya görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın əsas ixrac boru kəməri ilə tranzit neft həcmləri 42% artıb. Bu kəmərlə qlobal bazara çıxarılan tranzit neftin əsas həcmləri isə Xəzərin o tayından gəlir.
Bu mövzuya oktyabrın 26-da Aşqabadda işə başlayan “Türkmənistanın Neft və Qaz” Beynəlxalq Forumunda çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf də toxunub. Onun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan boru kəməri ilə indiyə qədər 32 milyon ton Türkmənistan neftini dünya bazarlarına çıxarılıb. Türkmənistan isə Azərbaycanın əsas ixrac boru kəmərindən 2010-cu ilin iyulunda istifadə etməyə başlayıb.
İndi görürsünüzmü, vaxtı ilə böyük əzmkarlıqla və siyasi iradə hesabına yaradılan Azərbaycanın enerj-nəqletmə infrastrukturları hazırda ölkənin həm iqtisadi qazancının artırılması, həm də region ölkələri arasında seçilən edilməsində nə qədər əhəmiyyətli rola malikdir.
Xəzər dibi ilə qaz kəməri layihəsi. Göründüyü kimi Xəzər hövzəsi ölkələri arasında Azərbaycan sanki təbii bir körpüyə çevrilib – qlobal bazarlara çıxmaq istəyi olan hər bir region ölkəsi bizim imkanlardan yararlanmaq istəyir.
Belə ölkələrdən biri ilə bizi yeni kəmər bağlaya bilər. Söhbət Türkməistan qazının Avropaya nəqlində Azərbaycana olan mümkün maraqlardan gedir.
Amerikanın "Trans Caspian Resources, Inc" şirkəti Türkmənistan və Azərbaycan yataqları arasında qaz kəmərinin çəkilməsi ilə yeni imkanların açılacağı layihəsini təqdim edib. Layihənin təqdimatı bu həftə Aşqabadda keçirilən Beynəlxalq Neft və Qaz Konfransında baş tutub.
Şirkət Transxəzər qaz kəmərinin mümkün siyasi və maliyyə risklərini azaltmaq üçün uzunluğu 78 kilometrlik Transxəzər interkonnektorunun, yəni birləşdirici qaz kəmərinin tikintisini təklif edir.
Bu interkonnektor vasitəsilə dəniz yataqlarından çıxarılan Türkmənistan qazı Azərbaycanın mövcud sualtı infrastrukturuna daxil olmalı və sonra Cənub Qaz Dəhlizi vasitəsilə Avropadakı istehlakçılara çatdırılmalıdır.
“Trans Caspian Resources” şirkətinin Məsləhət Komitəsinin direktoru Natali Kostello bu ideyanın Türkmənistandakı mövcud dəniz hasilat platformalarından Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən hasilat platformalarının sualtı infrastrukturu ilə birləşdirilməsindən qaynaqlandığını açıqlayıb.
"Bizim hesablamalara görə, bu birləşdirici qaz kəməri ilə hər il 10-12 milyard kubmetr qaz tədarük etmək mümkündür", - deyə şirkən nümayəndəsi bildirib.
Türkmənistanın Qərb marşrutuna münasibəti. Öz növbəsində dövlət naziri - “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov konfransda Türkmənistanın Avropaya təbii qaz tədarükü üçün perspektivlərin olduğunu dilə gətirib.
Amanov əlavə edib ki, “dünya enerji bazarında təbii qaza böyük tələbatı nəzərə alaraq, “Türkmənqaz” regional enerji təhlükəsizliyini gücləndirmək üçün beynəlxalq enerji bazarlarına tədarük marşrutlarını daha da şaxələndirmək üçün əməkdaşlığa hazırdır”.
Bir bəyanat olaraq, deyərdim ki, Aşqabad rəsmiləri tərəfindən atılan cəsarətli addımdır. Amma belə ciddi layihələrin reallaşması üçün təkcə təqdirə ediləsi çıxışlar deyil, həm də onu irəli aparan praktik addımlara ehtiyac var.
Rusiyadan SOCAR-a əməkdaşlıq çağırışı. “Rosneft”in rəhbəri İqor Seçin Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Krasnoyarsk diyarının şimalında “Vostok Oil” hasilat layihəsində iştiraka dəvət edib.
Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunda çıxışı zamanı Seçin qeyd edib ki, “Vostok Oil” layihəsinin reallaşdırılması öncədən bəyan edilmiş qrafik çərçivəsində davam edir. “Dostlarımızı, o cümlədən “SOCAR”dan həmkarlarımızı bu layihə iştrakçıları qismində görməyə şad olarıq”, - o bildirib.
Qeyd edim ki, bu layihənin məqsədi Rusiya neftinin yazın perspektivdə Cənub-Şərqi Asiya ölkələrinə çıxışını təmin etməkdir, “Vostok Oil” isə çox böyük kapital xərci tələb edən layihədir.
Bu baxımdan “Rosneft”in çağırışını “yardım əlinizi uzadın” təklifi kimi qəbul etmək olar.
Amma “Rosneft”lə SOCAR arasında əməkdaşlığa dair sənədlərin imzalanması tarixi 2014-cü ilə gedib çıxır.
O zaman Sankt-Peterburq İqtisadi Forumunda iki şirkət arasında əməkdaşlığa dair imzalanmış memorandumda nəinki Azərbaycanda və Rusiyada birgə neft-qaz çıxartmaq, hətta üçüncü ölkələrdə birgə fəaliyyət göstərmək imkanlarına dair maddələr də vardı. Amma Ukrayna ərazisini zorla tutduğuna görə Rusiyanın dövlətə bağlı şirkətlərinə Qərbin sanksiyaları artdıqca bu əməkdaşlığın perspektivsizliyi də bir o qədər artır.
Bu baxımdan strateji məqsədi son 30 ildə Azərbaycan neftinin və qazının Qərb istiqamətində ixracı və Qərb şirkətləri ilə əməkdaşlıq olan SOCAR üçün “əzablı yollarla Şərq bazarlarına irəliləməyin” heç bir iqtisadi səmərəsi yoxdur.
Azərbaycanın neft-qaz qazancı. Bu həftə Azərbaycan Dövlət Neft Fondu 2022-ci ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qaz satışından $8 milyard 737 milyon məbləğində gəlir əldə etdiyini açıqladı. Əldə edilən gəlir ötən ilin müvafiq dövrünün göstəricisini 2 dəfə üstələyib.
Neft Fondunun məlumatına əsasən, hesabat dövründə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan dövlətin payına düşən mənfəət neftinin gəliri $7 milyard 528 milyon olub ki, bu da ötən ilin foqquz ayının göstəriciləri ilə müqayisədə 1,9 dəfə artım deməkdir.
Bu dövrdə “Şahdəniz” yatağından dövlətə çatan mənfəət qazı və kondensatın gətirdiyi gəlir isə $1 milyard 209 milyon təşkil edib (artım 3,7 dəfə).
İlham Şaban, ekspert, xüsusi olaraq Bizim.Media üçün