Azərbaycanın UFC-dəki ilk təmsilçisi Nəriman Abbasovdur! - SENTYABRDA döyüşə çıxacaq

Azərbaycanın UFC-dəki ilk təmsilçisi Nəriman Abbasovdur! - SENTYABRDA döyüşə çıxacaq

Hazırda oxunan: Azərbaycanın UFC-dəki ilk təmsilçisi Nəriman Abbasovdur! - SENTYABRDA döyüşə çıxacaq

82765

Qarışıq döyüş növləri üzrə azərbaycanlı döyüşçü Nəriman Abbasov MMA-nın ən populyar təşkilatı UFC-də döyüşəcək.

Bizim.Media xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında rəsmi məlumat verilib.

İndiyədək 5 döyüş üçün müqavilə imzalanıb. İlk döyüş sentyabrın 6-da UFC prezidenti Dana Uaytın “Çellencir” seriyası çərçivəsində baş tutacaq. Rəqib braziliyalı İsmael Bonfimdir. UFC-nin özündə debüt bu ilin dekabrına planlaşdırılıb.

Nəriman Abbasov UFC-də Azərbaycan bayrağı altında yarışan ilk döyüşçüdür. Xatırladaq ki, o, Rusiyanın “AMC Fight Nights” təşkilatının hazırkı çempionudur.

Bu gün keçirilən mətbuat konfransında Nəriman deyib:

“UFC ilə müqavilə bağladığım və Azərbaycanın oradakı ilk təmsilçisi olduğum üçün çox şadam. Çempionluq üçün UFC-yə gedirik. Azərbaycan bayrağı altında çıxış edən ilk şəxs kimi bu arzuma çatmaq istəyirdim. Kəmər mənim üçün önəmlidir. Mən maliyyə komponenti haqqında düşünməmişəm”.

Nərimanın məşqçisi Şəhriyar Abbasov avqustun əvvəlində ABŞ-a yola düşəcəklərini bildirib.

“Düşünmürəm ki, hazırlıq zamanı nəyisə dəyişəcəyik. Son döyüşlərdə Nərimanı diqqətlə izləyirdilər. Möhtəşəm qələbələr qazandı. O, möhtəşəm döyüşçüdür. Son üç döyüşündən ikisində o, rəqiblərini ağ dəsmal atmağa məcbur etdi.
Nəriman danışmağı çox sevmir. O, çempion olmaq üçün UFC-yə gedir. Təbii ki, bunun üçün heç bir zəmanət yoxdur. Amma bizə kəmər lazımdır. Nərimanın potensialını görürəm, onun çox şeyə qadir olduğunu hiss edirəm. O, UFC-də heç kimə şans buraxmayacaq. Nəriman UFC tarixinə düşəcək. O, buna qadirdir.

Rusiyada bizə çox şans verilmədi. Nərimanın Moskvadakı son döyüşündə çoxlu erməni bizə qarşı köklənmişdi. Qələbədən sonra Nərimanı “Bayraktar” adlandırmağım təsadüfi deyil. Bu sözün ermənilər üçün nə demək olduğunu bilirsiniz. İndi Bayraktar Las Veqasa enəcək (gülür)."

Şəhriyar Abbasov da Nəriman müəllimə göstərilən böyük diqqətə və bu mətbuat konfransının təşkilinə görə gənclər və idman naziri Fərid Qaibova təşəkkür edib.

“Biz özümüzə belə diqqət gözləmirdik. Axı MMA olimpiya idman növü deyil. Dəstəyinizə görə nazirə təşəkkür edirəm”.

Nəriman Abbasovun meneceri Şiraslan Kərimov UFC ilə danışıqların 7 aydır davam etdiyini bildirib.

“2021-ci ilin dekabrında idman nazirinin köməyi sayəsində viza aldıq. Təbii ki, danışıqlar prosesi çətin keçdi. Amerikalılar çox da maraqlı deyildi. Amma bizə şans verildi. “Dana White Challenger Show”da ilk döyüşü etməyə razılaşdıq. Düşünürəm ki, biz digər azərbaycanlı döyüşçülərin də yolunu açmışıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO