“Qarabağ” komandasının Avropada məşhurlaşan AZARKEŞİ – “Rəşad Sadıqovun duruşu, hərəkəti…” - Özəl MÜSAHİBƏ

“Qarabağ” komandasının Avropada məşhurlaşan AZARKEŞİ – “Rəşad Sadıqovun duruşu, hərəkəti…” - Özəl MÜSAHİBƏ

Hazırda oxunan: “Qarabağ” komandasının Avropada məşhurlaşan AZARKEŞİ – “Rəşad Sadıqovun duruşu, hərəkəti…” - Özəl MÜSAHİBƏ

81805

İlk dəfə 11 yaşında televiziya ekranlarından futbolla tanış olan Sevinc Məmmədova bir gün təsadüfən Qarabağ Futbol Klubunun oyununu izləyir. Qarabağın meydanda nümayiş etdiyi əzmkarlıq onu elə cəlb edir ki, 2013-cü ildən bu günə kimi komandanın heç bir oyununu qaçırmadan yaşıl meydanlarda izləyir. Sevinc Məmmədova hazırda iki müxtəlif işdə çalışır.

Qazandığı pulları isə gözünü qırpmadan Qarabağın oyunlarını izləmək üçün xərcləyir.

Dünyanın ən uzaq ölkəsinə belə bilet alaraq Qarabağa dəstək olmaq, meydanları coşdurmaq üçün yollanır. Onun azarkeşliyi hətta UEFA-nın da diqqət mərkəzinə düşüb. 2018-ci ildə UEFA Qarabağ azarkeşi kimi onunla müsahibə yayımlayıb.

Qarabağın yaşıl meydanlardakı xanım azarkeşini Bizim.Media-ya verdiyi özəl müsahibəsi ilə yaxından tanıyaq.

- Bizdə olan məlumata görə siz uzun illərdir bir oyun da qaçırmadan Qarabağın bütün oyunlarını izləyirsiniz. Bu sizdə daxili bir həvəsdir, yoxsa sadəcə dəstək üçün bunu edirsiniz?

- Qarabağı izləmək mənim üçün ilk növbədə sevgidən irəli gəlir. Bu hissi hansısa kluba ruhən bağlı olan kəs yaşayır. 90 dəqiqə boyunca yaşıl meydanlarda Qarabağın oyununu izlədiyin zaman gün ərzində işdə, evdə, dərsdə yaşadığın hər şeyi unudursan. Tribunada olmaq, komandana var gücünlə dəstək vermək həm insanın yorğunluğunu yox edir, həm də stressini aparır. İnsan orda olanda sanki hansısa müqəddəs bir ayini yerinə yetirmiş kimi rahatlıq tapır. Həm sevgini verirsən, həm də zövq alırsan. Bu çox qarışıq, gözəl bir duyğudur.

- Bəs Qarabağın məğlub olduğu zamanlar özünüzü necə motivasiya edirsiniz?

- Qarabağın məğlub olmasını heç vaxt istəmirəm. Ancaq mənim üçün məğlubiyyətdən məğlubiyətə fərq var. Məsələn, sıradan bir çempionat oyununda, sadə bir rəqibə uduzubsa, deyirəm ki, olan şeydir. Ümumiyyətlə, məğlubedilməz komanda yoxdur. Pesimist duyğularda çox da ilişib qalmıram. Ancaq hansısa önəmli oyunda, deyək ki, ölkə kubokunun hansısa mərhələsində, avro kuboklarda, yaxud prinsipial hesab etdiyim rəqiblərə qarşı oyunlarda məğlub olanda çox pis oluram. Əhvalım o qədər dəyişir ki, günlərlə danışmağım belə gəlmir. Ancaq başa düşürəm ki, məğlubiyət futbolun ayrılmaz hissəsidir və azarkeş öz klubunu məğlubiyəti ilə birlikdə sevməlidir. Elə bunları düşünüb toparlanaraq, növbəti oyunlara köklənməyə çalışıram.

- Qarabağ oyunçularından ən çox kimi sevmisiniz? Nə üçün?

- Qarabağda ən sevdiyim futbolçu Rəşad Sadıqov idi. Onun xarakteri, duruşu, meydandakı fəaliyəti, meydandan kənardakı xarakteri mükəmməl idi. Mən o insanı əvvəlcə futbolçu kimi bəyənirdim. Zamanla haqqında oxuduqca, onu tanıyanların danışdıqlarını eşitdikcə, necə möhtəşəm biri olduğuna əmin oldum. O, sağlamlığını risk altına alaraq oyunlara çıxırdı, ağır əməliyatlar keçirsə də, komandasını tək buraxmırdı. Belə fədakar oyunçu məncə ən xoş sözlərə layiqdir.

- Adətən bizdə qızlar futbola maraq göstərmirlər. Sizcə bu nədən irəli gəlir və xanımlarımızda futbola necə həvəs yaratmaq olar?

- Məncə qızların futbola maraq göstərməməsi məsələsi artıq keçmişdə qalıb. Dünyada, eləcə də ölkəmizdə futbolu sevən qadınların sayı durmadan artır. Mən 2013-cü ildən stadionlara mütamadi olaraq getməyə başlamışam. Mənim meydanlara ilk gəldiyim vaxtlarda orada qadınlar o qədər də çox deyildi. İndi maşallah az zaman keçib, ancaq meydanlarımızda xanımlar çoxalmağa başlayıb. Üstəlik həyat yoldaşı ilə gələn bəylər də çoxdur. Bu görüntülər insanı çox xoşbəxt edir. Artıq ölkəmiz inkişaf edir. Yavaş-yavaş cəmiyyətimiz mənasız köhnə fikirləri başından atır. Əvvəlcə hansısa kişilər qadına stadionu yaraşdırmırdısa, bu gün artıq bir ata qızıyla gəlir, başqa bir bəy xanımı ilə gəlir, kimsə qızını ürək rahatlığı ilə rəfiqələri ilə futbola baxmağa göndərir. Bu çox əladır. Keyfiyətli futbol nümayiş olunduqca, stadionlarda mədəni insanlar olduqca artacaq.

- Bəzən oyundan sonra azarkeşlər arasında əlbəyaxa döyüşlər baş verir. Meydanlarda belə məqamlara tuş gəlməmisiniz ki?

- Mən ümumiyyətlə, dava-dalaşın əleyhinəyəm. Futbol sevgidir, sülhdür, dostluqdur, paylaşmaqdır. Futbol mənim üçün gözəl olan hər şeydir. Dünyada milyonlarla bir-birini tanımayan insan, rəngindən, milliyətindən, dinindən, dilindən aslı olmayaraq futbol ətrafında birləşirlər. Bundan daha gözəl nə ola bilər? Və bu gözəlliyi kimsə dava-dalaşla qanqaraçılığına çevirəndə təəssüf hissi keçirirəm. Tam olaraq hadisələrin mərkəzində olmasam da, ara sıra prinsipial oyunlardan sonra azarkeş qrupları arasında yaranan insidentə şahidlik etmişəm. Ultras düşüncəsini, onların futbola baxışını, fəlsəfəsini heç vaxt sevməmişəm və qəbul etməmişəm. Hətta sevgi də, radikal olanda təhlükəli olur.

Leyla Şah, Bizim.Media

 















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO