Çində keçirilən 24-cü Qış Olimpiya Oyunlarında mübarizə başa çatıb.
Bizim.Media xəbər verir ki, fevralın 20-də - Olimpiya Oyunlarının sonuncu günündə qadınlar arasında 30 kilometr məsafəyə xizək yarışı, dağ xizəkçiliyi, bobsley, körlinq və hokkey üzrə yarışlar keçirilib.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında birinci yeri Norveç komandası tutub. Bu ölkənin idmançıları 16 qızıl, 8 gümüş, 13 bürünc medal qazanıblar. Norveç qızıl medalların sayına görə Qış Olimpiya oyunlarının tarixində yeni rekorda imza atıb.
İndiyədək bir “Ağ Olimpiada”da heç bir komanda bu qədər çempionluq yaşamayıb. Norveç bütün Qış Olimpiya Oyunları tarixində həm ən çox qızıl, həm də ən çox medal qazanan ölkədir.
İkinci yeri 12 qızıl, 10 gümüş və 5 bürünc medalla Almaniya tutub. Ev sahibi – Çin komandasının aktivində 9 qızıl, 4 gümüş və 2 bürünc medal var. Çin idmançıları indiyədək heç bir Qış Olimpiya Oyunlarında bu cür yüksək nəticə göstərməyiblər.
Fevralın 4-də başlayan “Pekin-2022” Qış Olimpiya Oyunlarında 29 ölkənin atletləri idmanın 15 növü üzrə 109 medal qazanıblar.
arışlar Pekində və yaxınlıqdakı Canciakou şəhərindəki 13 arenada təşkil olunub. Çin paytaxtı həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər kimi tarixə düşüb.
“Pekin-2008” Yay Olimpiya Oyunlarında istifadə olunmuş 5 idman arenasında Qış Olimpiya Oyunlarının yarış və tədbirləri keçirilib.
Pekindəki məşhur “Quş yuvası” stadionu isə idman tarixinə hər iki Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirildiyi məkan kimi düşəcək.
“Pekin-2022” həm də COVID-19 pandemiyası dövründə keçirilən ikinci Olimpiya Oyunları olub. Bu səbəbdən Olimpiya Oyunlarında bəzi məhdudiyyət və qadağalar tətbiq olunub.
Belə ki, Olimpiya Oyunları üçün xaricdən tamaşaçı qəbul edilməyib, yerli tamaşaçılara isə bilet satılmayıb. Məhdud sayda yerli tamaşaçı isə dəvətnamə əsasında arenalarda yarışları izləyib.
Bundan başqa, yanvarın 23-dən etibarən “qapalı sistem” tətbiq olunub. Xaricdən gələn idmançıların və heyət üzvlərinin, habelə yarışlara cəlb olunan yerli heyətin “Olimpiya kəndləri” və yarış məkanlarından kənara çıxmasına icazə verilməyib.
Yanvarın 23-dən bəri xaricdən Olimpiya Oyunları üçün Çinə 13 min 654 nəfər, o cümlədən 6 min 198 idmançı və komanda üzvü gəlib.
Həmin gündən indiyədək “Pekin-2022” ilə əlaqədar 1 milyon 794 min PZR (polimerazalı zəncir reaksiyası) analizi götürülüb. Nəticədə 437 nəfərin, o cümlədən 185 idmançı və komanda üzvünün COVID-19 infeksiyasına yoluxduğu aşkarlanıb.
Qeyd edək ki, 91 ölkədən 2800-dən çox idmançının iştirak etdiyi “Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil ediblər. Vladimir Litvintsev kişilərin fərdi yarışını 18-ci, Yekaterina Ryabova isə qadınların fərdi yarışını 15-ci sırada bitirib.
Olimpiadanın bağlanış mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Növbəti Qış Olimpiya Oyunları 2026-cı ildə İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:16 / 20.02.2022
“Pekin-2022” başa çatdı - Bağlanış mərasiminə saat 16:00-da start veriləcək
Hazırda oxunan: “Pekin-2022” başa çatdı - Bağlanış mərasiminə saat 16:00-da start veriləcək
Hazırda oxunan: “Pekin-2022” başa çatdı - Bağlanış mərasiminə saat 16:00-da start veriləcək
0:00
0:00
60986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.