Həftəsonu Misli Premyer Liqasında 26-cı tura start veriləcək.
Bizim.Media xəbər verir ki, milli komandaların çıxışı ilə bağlı yaranmış fasilədən sonrakı ilk turu iki futbolçu buraxmaq məcburiyyətində qalacaq.
Qarşıdakı turda “Turan Tovuz”u qəbul edəcək “İmişli” Luis Silvestrin xidmətindən məhrum olacaq. Buna səbəb braziliyalı yarımmüdafiəçinin passivində 4 sarı vərəqənin olmasıdır.
“Zirə”nin qonağı olacaq “Şamaxı” isə daha ciddi itki ilə üzləşib. Portuqaliyalı qolkiper Rikardo Fernandes əvvəlki turda 4-cü sarı vərəqəsini aldığı üçün Bakı səfərində çərçivədəki yerini tuta bilməyəcək.
Qeyd edək ki, “İmişli” – “Turan Tovuz” və “Zirə” – “Şamaxı” oyunları aprelin 7-də keçiriləcək.
Bizim.Media






























































































