“Qarabağ” bu gün tarixi oyuna çıxır. Komanda Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Çempionlar Liqasının play-off mərhələsində mübarizə aparacaq. Bu mərhələnin ilk oyununda Ağdam təmsilçisi İngiltərənin “Nyukasl” komandası ilə üz-üzə gələcək.
Azərbaycan çempionu bu oyunda nəyə ümid edə bilər? Təmsilçimizin “Nyukasl”la görüşlərdə şansı necə qiymətləndirilir?
Futbol eksperti Ceyhun Sultanov Bizim.Media-ya açıqlamasında bildirib ki, oyun “Qarabağ” üçün çox ağır keçəcək:
“Nyukasl” səviyyə baxımından “Qarabağ”dan üstündür. Komandanın təmsil etdiyi ölkənin çempionatından tutmuş hər şeyinə görə. Ancaq “Qarabağ”ın bütün klublara qarşı yaxşı oynadığına görə deyə bilərəm ki, maraqlı oyunun şahidi olacağıq. Təbii ki, ümumi götürəndə favorit “Nyukasl”dır. İngiltərə klubları elə çətin komandalardır ki, onlara qarşı oynamaq çox çətindir.
Bakıdakı birinci oyundan sonra hələ səfər oyunu da var. Onu da düşünmək lazımdır. Mən hesab edirəm ki, “Qarabağ” müdafiədə səhv etməsə və düşən qol imkanlarından istifadə etsə, nəticə əldə edə biləcək. Amma ümumi götürəndə işimiz çox ağırdır”.
Milli komandamızın keçmiş baş məşqçisi Arif Əsədov isə Ağdam klubunun “Nyukasl”la ilk oyunu üçün daha optimist danışıb:
“Qarabağ”ın “Nyukasl”la oyunundan gözlədiyim çox şey var. Təbii ki, “Nyukasl”ın səviyyəsi hamıya bəllidir. Oyun göstəriciləri çox yüksəkdir. Amma zəif cəhətləri də var. Xüsusilə də, oturuşmuş bir oyun sistemi görünmür.
Sürət və dimanikası var, bununla xüsusilə müdafiədəki oyunda boşluqlar hiss olunur. “Qarabağ”da bu amildən istifadə edə bilər. “Qarabağ”la rəqibi müqayisə etsək, Ağdam klubunun daha oturuşmuş heyəti var. Amma dediyim kimi, klubun adı-sanı, futbolçuların keyfiyyəti baxımından “Nyukasl” daha üstündür.
“Qarabağ” ilk matçı evdə oynayır, azarkeş dəstəyinin olması, komandaya əlavə üstünlük verə bilər. “Qarabağ” bu oyuna çox sıx qrafiklə hazırlaşıb. Ona görə də, komandanın fiziki cəhətdən nə qədər tab gətirəcəyi də çox önəmlidir. Ağdam təmsilçisinə uğurlar arzulayıram”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” matçı bu gün saat 21-45-də başlanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media































































































