Gəncədə “Dyadya Kostya”nın stadionu bərpa edildi - FOTO

Gəncədə “Dyadya Kostya”nın stadionu bərpa edildi - FOTO

Hazırda oxunan: Gəncədə “Dyadya Kostya”nın stadionu bərpa edildi - FOTO

59011

“Gəncədə futbol barədə danışılanda ilk öncə “Kəpəz” ağıla gəlirsə, ikinci hamının tanıdığı “Dyadya Kostya” yada düşür. Orta nəsil, Gəncə futbolunun tarixini bilənlər Azərbaycan futbolunda ad qoyan futbolçuları yetişdirən Konstantin Abramenkonu yaxşı xatırlayırlar. Onun Gəncədə uşaq futbolunun inkişafı üçün çəkdiyi zəhmət, qoyduğu iz əvəzsizdir. Bu gün belə bir dahi insanın məşq stadionunun yenidən bərpa edilərək yüksək səviyyədə qurulması həm onun ruhuna hörmət, həm də “Dyadya Kostya” məktəbinin yenidən davam etdirilməsinə bir təkandır”. 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gəncə Futbol Veteranlar cəmiyyətinin sədr müavini Firuz Qulami verib.

Veteran futbolçunun sözlərinə görə onun özü və yüzlərcə yerli futbolçulara böyük arenalara vəsiqə verən, onların futbol həyatlarında önəmli rol oynayan K.Abramenko Gəncə idman ictimaiyyəti arasında təmənnasız futbol məşqçisi kimi yadda qalıb:

“Biz veteranlar xeyli vaxtdır “Dyadya Kostya”-nın məşqlər keçdiyi həmin tarixi məkanı bərpa etmək üçün çalışırdıq. Bir neçə dəfə ziyalılardan ibarət Gəncə İctimai İştirakçılıq Məclisinin üzvləri görüşüb bu məsləni birgə müzakirə etmişdik. Hətta ictimai ianələr hesabında da olsa bu stadionu bərpa etmək fikrində idik. Bu məsələdə Millət vəkili Müşfiq Cəfərov, şəhər rəhbərliyi də bizi dəstəkləyirdi. Həmin dövrdə AFFA-nın vitse prezidenti Elxam Məmmədovun Gəncəyə səfəri bizim bu ideyamızın reallaşmasında yardımçı oldu.
 

Görüş vaxtı biz mərhum Konstantin Abromenkonun stadionunun bərpası fikrini E,Məmmədova bildirdik və o da öz növbəsində bu xeyirxah işi AFFA-nın xəttilə reallaşdıracağına söz verdi və stadion bərpa olundu”.


Veteran futbolçu stadionda işlərin hələ tam yekunlaşmadığını bildirib. Onun sözlərinə görə layihəyə əsasən stadionun ətrafında olan boş ərazidə əyin dəyişmək üçün otaqlar, sanitar qovşaq, məşqçilər üçün otaq da inşa olunacaq:

“Biz bu stadiona “Dyadya Kostya”-nın adının verilməsini və onun büstünün qoyulmasını istəyirik. Gələcəkdə bura Konstantin Abromenko adına Uşaq Futbol Məktəbi olmasına çalışırıq. Bu məktəbdə mərhum məşqçinin ideyalarına uyğun olaraq uşaqlara təmənnasız məşqlər keçməklə Gəncədə yenidən güclü futbolçuların yetişdirilməsinə nail olmaq istəyirik. Ümidvarıq ki, bununla da biz “Dyadya Kostya”-nın ənənəsinə sadiq qalacıq və onun ruhu şad edəcəyik”.
 

“Dyadya Kostya”-nın yetirmələri arasında bu gün Azərbaycan futbolunda öz oyunu və dəsti-xətti ilə iz qoyan futbolçulardan biri də Ceyhun Tanrıverdiyevdir. O bu gün özü də məşqçi kimi çalışır.


Öz müəllimini zəhmətkeş, qayğıkeş, futbolu bütün qəlbi ilə sevən bir insan kimi xatırlayır:

““Dyadya Kostya” ilə uşaqlığım bu meydançada keçib. O, Gəncə dəmiryolu stansiyasında qaynaqçı işləyirdi. Bu stadionu da öz vəsaiti və öz gücü hesabına düzəltmişdi. Bizim hamımızda futbola marağı o yaratmışdı. İşdən sonra uşaqlara bu meydançada futbolun sirlərini öyrədirdi.
 

Maşallah Əhmədov, Asif Əliyev, Mehman və Fizuli Allahverdiyev qardaşları, Əli Rəhimov, Xaliq Mərdanov, Mahmud Qurbanov, Cavid Əhmədov, Rövşən Əhmədov, Anar Kələntərov, Fazil Pərvərov, Ceyhun İmamquliyev. Bu siyahını daha da artırmaq olar.


Çünki o dövrdə bu stadionda yetişən idmançılar dahi məşqçinin rəhbərliyi altında əsl futbolçu kimi həm Azərbaycan, həm də o zamanki sovetlər birliyi məkanında öz sözlərini deyiblər. Mən də bir veteran futbolçu kimi, “Dyadya Kostya” yetirməsi kimi, bu meydançanın yenidən yüksək səviyyədə qurulmasını alqışlayıram. Çox sevinirəm ki, bu məbəddə yenidən uşaq futbolu inkişaf edəcək. Mən də, bütün veteran futbolçular və məşqçilər də “Dyadya Kostya”-nın ənənəsinin davamı kimi bu məktəbdə uşaqlara futbolun sirrlərini sevə sevə öyrətməyə hazırıq”. 

XATIRLATMA: Konstantin Maksimoviç Abromenko 15 iyun 1923-cü ildə Gəncədə anadan olub. Hələ gənc yaşlarından futbola böyük həvəsi ilə seçilən Abromenko Gəncə Dəmir yolunda qaynaqçı kimi çalışırdı. Futbola olan həvəsi sayəsində adi qaynaqçı yaşadığı evin yaxınlında boş ərazidə öz əllərilə mini futbol meydançası yaradır. Azərbaycanın Əməkdar Məşqçisi Konstantin Abromenkonun yüzlərcə yetirmələri var. “Dyadya Kostya” 2005-ci ildə Gəncə dünyasını dəyişib. Bu gün də idman ictimaiyyəti onu dahi bir məşqçi kimi xatırlayır. 

Məqsəd Rəhimov Bizim.Media












 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO