Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ”ın qış transferi dönəmində bir neçə futbolçu ilə yollarını ayırması gözlənilir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Ağdam klubu qışda Nəriman Axundzadə ilə yollarını ayıra bilər. Son oyunlarda göstərdiyi performans səbəbilə tənqdi edilən futbolçu ayrılmaq istəməsi ilə bağlı kluba məlumat verib. Lakin hələ ki, N.Axundzadə üçün real təklif yoxdur.
Klubdan ayrılması gündəmdə olan digər azərbaycanlı futbolçu Ramil Şeydayevdir.
Daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə "Qarabağ"da forma geyinən Şeydayev sentyabrda Ağdam klubuna yenidən transfer edilib. Lakin futbolçu əsas heyətə düşməkdə və özünü sübut etməkdə çətinlik çəkir. Klubun qışda onunla müqaviləyə xitam verəcəyi gözlənilir.
2022-ci ilə “Qarabağ”a gələn və 2027-ci ilin yayına qədər müqaviləsi olan Marko Yankoviçin də qışda klubdan ayrılacağı ilə bağlı iddialar var. İddialara görə, futbolçunun ayrılmaq istəməsinin səbəbi maliyyə məsələləridir.
Ötən ilin sentyabrından “Qarabağ”ın formasını geyinən Aleksey Kaşukun isə rəqabətə tab gətirə bilməməsi səbəbindən klubdan göndəriləcəyi bildirilir.
Xatırladaq ki, Qurban Qurbanov ötən gün baş tutan “Qəbələ” – “Qarabağ” matçından (1:2) sonra mətbuata açıqlamasında bildirib ki, hazırda demək olar ki, futbolçuların 90 faizinə təkliflər var.
Bizim.Media





























































































