"Milli komanda və "Qarabağ"ın beynəlxalq oyunlarının təşkilində hər zaman dəstək göstəririk".
Bizim.Media xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Növbəti Konfrans və İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Milli assosiasiya rəsmisi Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransada "Marsel"lə görüşü üçün UEFA-ya müraciət etdiklərini bildirib:
"Həftəsonu təhlükəsizliklə bağlı video-konfrans olacaq. Fransa Futbol Federasiyasının prezidenti və baş katibinə təhlükəsizliklə bağlı məktub göndərmişəm. Baş katib UEFA-da rəhbərlik etdiyim komitədə müavindir. Bizə qarşı hər zaman təxribatlar etməyə çalışırlar. UEFA-nın xüsusi nümayəndəsi "Qarabağ"ın "Bazel"lə oyununda iştirak edirdi. "Marsel"lə qarşılaşmada da xüsusi nümayəndə olacaq.
Fransadakı cənab səfirə də məktub göndərmişik. O da dövlət səviyyəsində məsələni gündəmi gətirəcək".
Məmmədov vurğulayıb ki, futbolda təxribatlar olmamalıdır: "Bizim nümayəndələrimiz heç vaxt heç kimə təxribat etmirlər. UEFA da belə hallara öz mənfi rəyini verir və inanıram ki, qarşısını alacaqlar".
Bizim.Media