DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi turnirə Avropadan 12 milli vəsiqə qazanıb.
Qalan 4 vəsiqə uğrunda isə 16 yığma arasında gərgin mübarizələr baş tutacaq.
Seçmə mərhələdə qrup ikinciləri olmuş 12 kollektiv və UEFA Millətlər Liqasının dörd qrup qalibi dörd qrupa bölünərək iki tək oyunlu raund oynayacaq: yarımfinal və final.
Hər qrupun qalibi DÇ-2026-da iştirak imkanı əldə edəcək.
Seçmə mərhələdə İtaliya, Uels, Danimarka, Polşa, Slovakiya, Kosovo, Ukrayna, Türkiyə, İrlandiya, Bosniya və Herseqovina, Albaniya və Çexiya milliləri qruplarını ikinci sırada başa vurublar.
Rumıniya, Şimali İrlandiya, İsveç və Şimali Makedoniya isə Millətlər Liqasının qrup qalibi kimi pley-offda iştirak edəcək. Yarımfinal və final oyunları 2026-cı ilin martında keçiriləcək. Pley-off mərhələsinin püşkü noyabrın 20-də atılacaq.
Xatırladaq ki, hazırda mundialın final mərhələsinə 42 yığmanın lisenziyası təsdiqlənib, digər iki vəsiqə isə Asiya və Afrika zonasından reallaşacaq.
Bizim.Media































































































