Bakıda bir qrup vətəndaşa qarşı "TikTok" platformasında "Daşqın əmlak ofisi" adlı səhifə vasitəsilə kütləvi dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin icraatında olan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə araşdırması ərəfəsində məhkəmə tərkibi dəyişərək hakim Telman Hüseynovun icraatına verilib.
Cinayət işi yeni icraata verildiyi üçün işlə tanış olmaq məqsədilə proses 5 noyabradək təxirə salınıb.
Qeyd edək ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdikləri həmin şirkətin rəhbəri Daşqın Məmmədov 100 nəfərdən çox vətəndaşın külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona qarşı cinayət məcəlləsinin 178.2.3-cü (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Bizim.Media