DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Fransa ilə qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Baş məşqçi sabah keçiriləcək oyun barədə düşüncələrini bölüşüb:
“Sabah bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz bəllidir — son illərin ən güclü komandalarından biridir. Bilirik ki, bu komandada ulduz futbolçular çıxış edir.
Biz də oyuna ciddi hazırlaşmışıq. Son matçdan sonra futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Sabah da rəqibə azarkeş dəstəyi olacaq. Amma oyunçularım mübarizədən çəkinməyəcəklər, bütün güclərini meydanda qoyacaqlar. Fransa illərdir eyni məşqçinin rəhbərliyi altında çıxış edir. Bu cür komandaya qarşı oynamaq özü motivasiyadır.”
Mütəxəssis futbolçuların stresdən çıxıb, oyuna hazır olduqlarını bildirib:
“Futbolçuların məşqlərə yanaşması ilk gündən yaxşı idi. Belə oyunlarda gərginlik təbiidir, təzyiq də olur. Çalışırıq ki, bu, oyuna təsir etməsin. Əhval-ruhiyyəni artırmaq üçün bu gün gəzinti də etdik. İnanıram ki, oyunçular həmin stresdən çıxıb, oyuna tam hazır olacaqlar.”
Kilian Mbappenin Jirunun rekordunu qırmaq istəyi ilə bağlı sualı cavablandıran Abbasov deyib:
“Belə futbolçular statistikalarını yaxşılaşdırmaq, rekordlar qırmaq üçün daha çox qol vurmaq istəyirlər. Bu, normaldır. Biz rəqibin son oyunlarını təhlil etmişik. Mbappenin bu fikirləri futbolçularımızda bir az əlavə motivasiya yarada bilər. Amma biz soyuqqanlı və real olmalıyıq. Hələ ki, bu səviyyəyə çatmamışıq. Lakin gələcəkdə nələrsə qazanmaq istəyiriksə, bu cür oyunlarda təcrübə toplamalıyıq.”
Azərbaycan millisinin baş məşqçisi “möcüzə üçün nə etməliyik?” sualına da belə cavab verib:
“Futbolda şans amili hər zaman vacibdir. Bəzən hər şey planlaşdırıldığı kimi getmir. Amma inanıram ki, sabah şans bizim tərəfimizdə olacaq. Futbolçularımdan yeganə istəyim odur ki, nə baş versə də, təslim olmasınlar.”
Heyətlə bağlı suala isə Abbasov belə cavab verib:
“Heyət hazırdır. Son oyuna bənzər tərkiblə meydana çıxacağıq. Qarşıda iki oyun var, üçüncü gündən sonra daha çətin matç olacaq. Bəzi oyunçularımız ağır qrafiklə oynayır, bunu da nəzərə alacağıq. Hər kəsə güvənirik və millidə rəqabətin olması bizi sevindirir.”
Sonda Ayxan Abbasov şəxsi hisslərini də bölüşüb:
“Bu, mənim üçün də ilk belə təcrübədir. Nələrəsə nail olmaq istəyirsənsə, bu cür mərhələlərdən keçməlisən. Dünya və Avropa çempionuna qarşı oynamaq, onları təhlil etmək çox dəyərli təcrübədir. Biz məşqçi heyəti ilə birlikdə futbolçularımızı oyuna ən yaxşı şəkildə hazırlamağa çalışmışıq.”
Bizim.Media

- A-
- A
- A+
İdman
23:08 / 09.10.2025
Ayxan Abbasov: “Fransaya qarşı oynamaq özü motivasiyadır”
Hazırda oxunan: Ayxan Abbasov: “Fransaya qarşı oynamaq özü motivasiyadır”
Hazırda oxunan: Ayxan Abbasov: “Fransaya qarşı oynamaq özü motivasiyadır”
574466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.