Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi "Qarabağ" UEFA Konfrans Liqasında "Kayrat"ı (Qazaxıstan) 2:1 hesabı ilə məğlub etməklə həm xallarının sayını 7-ə yüksəldib, həm də büdcəsini zənginləşdirib.
Bizim.Media xəbər verir ki, Qazaxıstan təmsilçisi üzərində əldə edilən qələbə Qurban Qurbanovun komandasına 500 min avro ( 990 min manat) qazandırıb.
Bu, qrup mərhələsində qazanılan hər qələbəyə görə UEFA tərəfindən verilən mükafatdır. Qitənin ali futbol qurumunun qrup mərhələsində qeydə alınan heç-heçəyə görə ayırdığı mükafat isə 166 min avrodur.
"Qarabağ"ın keçirdiyi üç oyunda iki qələbə qazanıb, bir heç-heçə etməklə təkcə üç matçın nəticəsinə görə 1 milyon 166 min avro gəlir əldə edib.
Ağdam təmsilçisi daha əvvəl 2 milyon 294 min avronu da qrup mərhələsinə vəsiqə qazandığı üçün əldə edib.
Komandanın qrup mərhələsinə vəsiqə qazanması və keçirdiyi üç oyunda əldə etdiyi nəticələrə görə indiyədək 3 milyon 460 min avro qazanıb ki, bu isə 6 milyon 855 min manat gəlir deməkdir.
Bizim.Media