AFFA-nın regionlara səfəri, eyni vaxtda reallaşdırılan 2 LAYİHƏ - FOTO

AFFA-nın regionlara səfəri, eyni vaxtda reallaşdırılan 2 LAYİHƏ - FOTO

Hazırda oxunan: AFFA-nın regionlara səfəri, eyni vaxtda reallaşdırılan 2 LAYİHƏ - FOTO

40247

Son illərdə Azərbaycan futbolu adına ən böyük uğurlar “Qarabağ” klubunun aktivindədirsə, təşkilatçılıq baxımından Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) da kifayət qədər böyük işlərə imza atdığını görmək olar.

Futbol üzrə Avropa Liqası finalının, Avropa çempionatının final mərhələsinin 4 (üçü qrup, biri ¼ final mərhələ) matçının Azərbaycan paytaxtında keçirilməsi ölkə idmanı adına böyük hadisə sayıla bilər. 

AFFA ilə bağlı son günlərdə ən çox diqqət çəkən məqam isə icraçı vitse-prezident Elxan Məmmədovun regionlara səfəridir.

Bu səfərlərin yeni Gənclər və İdman naziri Fərid Qayıbovla görüşdən (13 sentyabr) sonra baş tutması nazirliklə federasiyanın futbolun inkişafı üçün birgə planlar üzərində işlədiyini göstərir. 


Yeri gəlmişkən, həmin iclasda federasiyanın gördüyü işlər nazirin diqqətinə çatdırılıb, klub sayının artırılmasının əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Olimpiya İdman Komplekslərinin meydanlarında keçirilən aşağı liqa oyunları müqabilində icarə haqqı AFFA-nın hesabına təmin olunur.

Son bir ayda baş tutan region səfərləri, yeni meydançaların açılması və ya açılışlarının planlaşdırılması AFFA-nın bölgə futboluna göstərdiyi diqqətin nümunəsidir. 

Məsələn, sentyabrın 16 - da Bakı şəhərində AFFA, Yasamal rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verildi. 

Sentyabrın 28-də isə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Tovuz rayonuna səfəri çərçivəsində “Turan Tovuz” klubunun nəzdində fəaliyyət göstərən Futbol Akademiyasına baş çəkib, akademiyanın iş prinsipi, burada təşkil olunan məşqlər, yaradılan şəraitlə yerində tanış olub, hazırlıq keçən uşaqlara AFFA tərəfindən ayrılmış geyim dəstlərini təqdim edib.


Bundan əvvəl isə AFFA-nın “Turan Tovuz” Futbol Akademiyasının saxlanma xərclərinin qarşılanması məqsədilə FIFA-ya ünvanladığı müraciət müsbət cavablandırılıb və qarşıdakı 3 il ərzində akademiya ali futbol qurumunun ayırdığı vəsait hesabına maliyyələşdiriləcək.

Bundan bir gün sonra Elxan Məmmədov Şəki şəhərində müxtəlif yaş qruplarından ibarət komandalarda məşq edən uşaqlarla görüşüb, onlara AFFA-nın adından oyun geyimləri və top təqdim edib. İcraçı vitse-prezident uşaqlarla söhbətləşib, növbəti həftə liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb.

Regionlara səfəri çərçivəsində AFFA-nın icraçı vitse-prezidenti İsmayıllı rayonunda da olub.


Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Elxan Məmmədov İsmayıllıda süni örtüklü meydança inşa olunması üçün münasib ərazilərə baxış keçiriblər. Müvafiq ərazidə yaxın zamanlarda AFFA tərəfindən iki ədəd süni örtüklü meydançanın inşa olunacağı müəyyənləşdirilib. Bundan başqa, AFFA və İcra Hakimiyyəti rəhbərliyi arasında müzakirələrdən sonra Region Liqası turnirində cari mövsümdən etibarən İsmayıllı rayonunu təmsil edən komandanın çıxış etməsi barədə razılıq əldə olunub.

Sentyabrın 30-da Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında da olub.

İcraçı vitse-prezident “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfovla birlikdə akademiyada hazırlıq keçən uşaqlarla görüşüb. “Qəbələ” Futbol Akademiyasının fəaliyyətini yüksək qiymətləndirən E.Məmmədov yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib. Görüş çərçivəsində akademiyanın gələcək fəaliyyəti və futbolun inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub.


Xatırladaq ki, "Qəbələ" Futbol klubunun Premyer Liqada çıxışı və akademiyanın fəaliyyəti ilə bağlı mövsümün əvvəlində AFFA tərəfindən kluba maliyyə yardımı göstərilib.

Lənkəran rayonuna səfər çərçivəsində isə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Xan Lənkəran" Futbol Klubunun nümayəndələri ilə görüşüb. Görüşdə klubun fəaliyyəti və gələcək planları barədə AFFA rəhbərliyinə məlumat verilib. Qeyd olunub ki, cari mövsümdən etibarən komanda bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra "Region Liqası" turnirində iştirak edəcək.

Elxan Məmmədov bildirib ki, klubun liqada iştirakı üçün AFFA tərəfindən müəyyən dəstək göstəriləcək.

Diqqət çəkən daha bir bir məqam, Elxan Məmmədovun səfərləri ilə eyni vaxtda regionlarda “Kəndlərdə idmanı inkişaf etdirək” (Ağdaş, Gəncə, Tovuz), “Kütləvi Futbol Həftəsi festivalı” (Grassroots Week) kimi silsilə  tədbirlərin keçirilməsidir. Bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihə üzrə tədbirlərin Respublikanın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO