Yeni nazir AFFA-ya gəldi, ona hesabat verildi - FOTO

Yeni nazir AFFA-ya gəldi, ona hesabat verildi - FOTO

Hazırda oxunan: Yeni nazir AFFA-ya gəldi, ona hesabat verildi - FOTO

36718

AFFA-nın inzibati binasında Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbovla AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov arasında görüş keçirilib. 

Bizim.Media-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, Kütləvi Futbol Departameninin müdiri Fərrux İsmayılov və Gənclər və İdman Nazirliyinin futbol sektorunun aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev iştirak ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

AFFA-ya ÇAĞIRIŞ: “Ölkədə futbol sistemi dəyişilməlidir”


Gənclər və İdman nazirini salamlayan Elxan Məmmədov, ilk növbədə, bu vəzifəyə təyinatı münasibətilə F.Qayıbovu AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.  

Nazirin diqqətinə hazırda gündəmdə olan və həlli vacib bir neçə məsələ də çatdırılıb. Bildirilib ki, 8 komandanın iştirakı ilə keçirilən Azərbaycan Premyer Liqasında idman rəqabəti qənaətbəxş səviyyədə olsa da, AFFA və Peşəkar Futbol Liqası komanda sayının 10-a yüksəldilməsini istəyir.

Lakin maliyyə resurslarının çətinliyi ucbatından müvafiq şərtlərə uyğun gələn klubların olmamasına görə komanda sayını artırmaq mümkün olmur.

Bununla belə, Premyer Liqaya yüksələ biləcək potensial klubların fəaliyyətini təmin etmək üçün AFFA Birinci Divizionda çıxış edən bir neçə klubu – “Kəpəz” (Gəncə), “Turan-Tovuz” və “Zaqatala” – tam olaraq maliyyələşdirir.
 

Qeyd olunub ki, komanda sayının artması Azərbaycan Premyer Liqasında daha güclü rəqabətə, yeni futbolçuların üzə çıxması üçün geniş potensiala və peşəkar futbolun coğrafiyasının genişlənməsinə səbəb olardı. 


Elxan Məmmədov uşaq və yeniyetmə futbolu ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə AFFA tərəfindən liqalar təşkil olunur və bu liqalarda Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin nəzdində olan uşaq futbol məktəblərinin komandalarının da nəqliyyat xərclərini AFFA ödəyir.

Üstəlik, müəyyən oyunlar Olimpiya İdman Komplekslərinin meydanlarında keçirilir ki, bunun da müqabilində icarə haqqı AFFA-nın hesabına təmin olunur və AFFA Gənclər və İdman Nazirliyinin bu istiqamətdə dəstəyindən minnətdar olardı. 

Son illər ərzində ölkəmizdə bir sıra əhəmiyyətli beynəlxalq turnirlərin və oyunların da təşkil olunduğu barədə məlumat verilib.

Nazirin diqqətinə çatdırılıb ki, Azərbaycanda 2012-ci ildə FIFA U-17 qadınlararası dünya çempionatı, 2014-cü ildə futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”, 2016-cı ildə UEFA U-17 Avropa çempionatı, 2019-cu ildə UEFA Avropa Liqasının final oyunu və 2021-ci ildə UEFA Avro-2020-nin final mərhələsinin 4 qarşılaşması Bakıda təşkil olunub. 

Qeyd olunub ki, uzun illərdir SOCAR AFFA-nın baş sponsorudur və futbolda stabil maliyyənin təmin olunmasında AFFA-ya böyük dəstək göstərir.
 

Həmçinin, AFFA-nın bir neçə başqa sponsoru da var, lakin pandemiya ilə əlaqədar hazırkı tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi və yeni sponsorların tapılması istiqamətində müəyyən çətinliklər mövcuddur. 


Görüşdə vurğulanıb ki, AFFA bundan sonra da futbolun inkişafı, sağlam həyat tərzinin təbliği və təşviqi istiqamətində fəaliyyətini davam etdirəcək. 

Gənclər və İdman naziri Fəriq Qayıbov səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO