“Qarabağ”ın Konfrans Liqasında mübarizədən kənarlaşdırdığı “Aberdin”in baş məşqçisi Stiven Qlass oyunsonrası mətbuat konfransında maraqlı açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, baş məşqçinin etirafları Şotlandiya klubunun mətbuat xidməti tərəfindən “inanılmaz dərəcədə dürüst” kimi qiymətləndirilib:
"Yaxşı oyunçulara sahib bir komandaya uduzduq. Bu gecə bizdən daha səviyyəli olduqları aydın idi. Burada meydandan zövq alacaqlarını bilirdik.
Oyuna yaxşı başladıq, ancaq rəqib futbolçuların ifasında qollara mane ola bilmədik. Səviyyə fərqi gecənin mövzusu oldu. Bu gecədən almalı olduğumuz ən böyük dərs, topa sahib olanda ona nəzarət edə bilməyin nə qədər vacib olmasıdır. Topu saxlayırsan, bununla da rəqib oyunçuların sənə əziyyət verməsinə mane olursan. Ancaq etiraf etməliyəm ki, onların çox əla heyəti var.
Xüsusən də meydanın ön xəttində yer alan futbolçularını qeyd etməliyəm. Topu itirsən, dərhal səni cəzalandıracaqlar. Bəzən topu heç nədən itirdik, amma keyfiyyətli komandalar səni buna məcbur edir.
İrəlidə yaxşı komanda olduğumuzu sübut etmək şansımız var. “Qarabağ”ın bizə etdiklərini başqa komandalara yaşatmaq istəyirik. Onlar bizdən daha yaxşı idi və çıxıb bunu göstərdilər. Biz də Şotlandiya liqasında güclü olduğumuzu hər kəsə göstərməliyik”.
Bizim.Media