Polşadan MESAJ – Mahir Emreli Azərbaycan futbolunu “biabır” etdi

Polşadan MESAJ – Mahir Emreli Azərbaycan futbolunu “biabır” etdi

Hazırda oxunan: Polşadan MESAJ – Mahir Emreli Azərbaycan futbolunu “biabır” etdi

34474

"O, deyir ki, böyüdüyü Azərbaycanda futbol oynamağı özü öyrənib. Bu gün onun üçün çox şey yenidir. Taktikaları və hərəkətləri öyrənir. Onun sözlərinə görə, 12 yaşında "Legiya" və ya başqa klubun akademiyasına qoşulsaydı, artıq bəzi vərdişləri inkişaf etdirərdi. Bu gün ondan gözlədiyimiz bəzi vərdişləri öyrənir. Bu, ilk olaraq topsuz qaçmaqdır”. 

Bizim.Media xəbər verir ki, bunu Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Mahir Emreli ilə dialoqunu açıqlayarkən deyib. 

Azərbaycanlı uşaqlarda boğulan Messi arzusu var...
 

Azərbaycanın müstəqillikdən bəri sürətlə inkişaf etdiyi hazırda hər kəsə bəllidir. Bakının artan siyasi nüfuzu, sürətli iqtisadi inkişaf tempi, turizm nailiyyətləri və proqresdə olan idman sahəsi kimsəyə sirr deyil. Bircə futboldan başqa...


Əfsus ki, bu sahədə ən böyük uğurlarımız yığma yox, klub səviyyəsində Avropa (UEFA) və ya Çempionlar Liqası qruplarına düşməyimiz olub. Bu uğurun klub səviyyəsində olması isə yığma komandaya sirayət etməyib. Bəzən baş məşqçinin zəifliyi bəhanə gətirilir, hərdən də səbəb kimi bütün mövqelərə istedadlı futboçuların azlığı göstərilib. Ələlxüsus da, gənc və güclü futbolçuların çatışmazlığından gileyləniblər. Bunun isə müxtəlif səbəbləri var:

1.Uşaq futbolunun yoxluğu, yaxud zəifliyi:

Ötən əsrin 90-cı illərinin əvvəllərində futbol mütəxəssisləri məhlə-məhlə dolaşıb 12 yaşdan aşağı və yeniyetmə həvəskarların topla oynamaqlarına baxır, daha perspektivliləri bazada məşqlərə dəvət edirdilər. Sovetdən qalma bu üsuldan hazırda da istifadə olunur demək olmaz. Hazırkı Azərbaycan futbolunun ən tanınmış smalarından biri Mahir Emrelidir. Karyerasını Polşada davam etdirən futbolçumuz məşqçisinə etiraf edib ki, futbol oynamağı özü öyrənib. Yəni ona dərs keçən, nəsə öyrədən olmayıb. Düşünün ki, bir işi təcrübə olaraq bilir, amma nəzəriyyəsindən xəbərsizsiniz.

2.Azərbaycan Premyer Liqasının 18-20 yox, 8 klubdan ibarət olması:

Bəzi ekspertlərin fikrincə, güclü yığma komandanı formalaşdırmaq üçün güclü ölkə çempionatı olmalıdır. Yəni, yığma komanda məşqçisinin geniş oyunçu seçimi müstəvisi lazımdır. Hazırda çempionatın 8 klublu olması təxminən 240 futbolçu (hər klubda 30) deməkldir ki, onların da yarısı legionerdir. 120 nəfər arasında yığmanı formalaşdırmağın çətinliyi isə bu futbolçuların yarısının ikinci heyətə aid olduğudur. 60 nəfər qalır ki, onların seçimində də mövqe problemləri yaranır və Azərbaycanın əsas 11-liyi birtəhər formalaşır. Amma APL 18-20 klubdan təşkil olunsaydı, futbolçu seçimi də minimum 2 dəfə daha asan olacaqdı. Həm də belə olan vəziyyətdə futbolçular arasında yığmaya düşmək rəqabəti yaranacaqdı. Del Piero ilə Tottinin İtaliya yığmasındakı “10” nömrə yarışları buna örnəkdir. Yaxud İnzaqi ilə Vierinin əsas heyətə düşmək cəhdləri və s. yığmaları da nümunə gətirmək olar. 
 

MÖVZU İLƏ BAĞLI:

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO


3.“Dayday” hesabına ulduzlaşmaq, yaxud şəxsi münasibətlərlə yanlış yer bölgüsü:

Azərbaycan futbolunda da yığmaya salınan, yaxud tanınan klub forması geyinən oyunçular haqqında söz-söhbətlər olub. Deyilənə görə, belə futbolçular tanışlıqların işə salaraq yığmaya yol tapırdılar ki, yüksək məvacib ala bilsinlər. Amma futbolumuzun uğuru onlara da sərf edirdi. Azərbaycanın Avropa-Dünya çempionatlarına çıxarmağına inanmasalar da, qanorara görə onlar da beynəlxalq turnir eşqində olublar. Lakin kuboku qaldıracağına inanmayan futbolçular yığma üçün faydalı olmurlar – bu, futbol tarixinin yazılmamış qanunudur. Fakt odur ki, onların əvəzinə daha potensiallılar gətirilə bilərdi. Mövcud problemin klublarda da sponsor təsiri ilə yaşandığı iddia olunur.

4.Azərbaycan futboluna peşəkarlar gətirilməlidir:

Bu tək məşqçi, inzibatçı səviyyəsində deyil, klubların sponsoru və sahibləri səviyyəsində də belə olmalıdır. Klublar hətta satışa çıxarılmalıdır, yeni klublar yaradılmalıdır, klublara, ümumən futbola biznes sahəsi kimi baxmaqda fayda var. Futbolu böyük sənaye sahəsinə çevirmək lazımdır.

Ümumən top qovanların qələbə istəyi, uğur sevgisi psixoloji təlimlərlə bağlıdır. Yoxsa Zidan Realın məşqçisi kimi Yuventusla final öncəsi oyunçularını “Leonid və 300 spartalı” filminə baxmağa məcbur etməzdi.


Bununla fransız ekspert komandanın mübarizə əzmini artırdı və Real kuboku qaldırdı. Azərbaycanda belə filmlərinin çəkilməməsi başqa problemdir, amma uşaq futbolu olsa və düzgün təşkil olunsaydı, azərbaycanlı yeniyetmələrin Messi, Ronaldo olmaq arzuları indiki kimi boğulmazdı.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO