Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürür.
Bizim.Media xəbər verir ki, ölkə çempionatında uzun müddətdən sonra bəzi dəyişikliklər olub.
Belə ki, yeni mövsümdən yarışda artıq 12 komanda mübarizə aparacaq. Daha bir dəyişiklik legioner limiti ilə bağlıdır. Belə ki, bu mövsüm klublar meydanda istədiyi qədər əcnəbi futbolçu oynada biləcək.
Bəs görəsən, yeni mövsümdə əsas favoritlər hansı komandalardır?
Çempionluq və medallar uğrunda mübarizədə komandaların şanslarını dəyərləndirmək üçün ekspertlərə müraciət etdik. Azərbaycanın əməkdar məşqçisi, AFFA Məşqçilərin Şurasının üzvü Ağasəlim Mircavadov Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu mövsüm çempionatın daha maraqlı olacağını düşünür:
“Çempionatın ötən mövsümlə müqayisədə daha maraqlı keçəcəyini düşünürəm. Çünki çempionatda komanda sayı artıb, region klubları çoxalıb. Üstəlik, klublar yaxşı hazırlıq keçiblər. Əlbəttə, burada çempionluq mübarizəsində ənənəvi olaraq “Qarabağ”, “Sabah”, “Zirə” və “Neftçi”nin ciddi mübarizə aparacağını düşünürəm.
Düzdür, “Neftçi”nin oyununu görməmişəm. Ancaq onların transferlərindən və klub rəsmilərinin açıqlamalarından belə başa düşmək olar ki, Bakı klubu da yaxşı heyət yığıb və hədəfləri çempionluq olacaq. “Turan Tovuz”un rəhbəri də bildirib ki, onlar çempionluğa oynayacaqlar. Əlbəttə, bu çox yaxşı haldır. Ancaq onlar bu iddianı mütləq meydandakı mübarizələri ilə sübut etməlidirlər. Hesab edirəm ki, bu mövsüm daha maraqlı oyunların şahidi olacağıq. Ona görə də azarkeşləri stadionlara dəvət edir və bütün komandalara uğurlar arzulayıram.”
Futbol eksperti Ceyhun Sultanov da çempionluq mübarizəsində eyni klubların mübarizə aparacağını düşünür.
Bununla belə müsahibimiz ilk turlardan sonra hər şeyin aydınlaşacağını dedi:
“Biz yalnız Avrokuboklarda oynayan komandaların oyunlarını görmüşük. Buna uyğun olaraq deyə bilərik ki, “Qarabağ”, “Sabah”, “Zirə” yaxşı formadadır və çempionluq uğrunda mübarizə apara biləcəklər. “Neftçi” və “Araz Naxçıvan”ı da bu siyahıya əlavə etmək olar. Ancaq kimin nəyə qadir olduğunu ilk 2-3 turdan sonra biləcəyik. Çünki bir çox komandaların potensialı məhz həmin oyunlardan sonra açılacaq”.
Milli komandamızın keçmiş məşqçisi Arif Əsədov isə klubları iki qrupa ayırmağı ilə diqqət çəkdi:
“Mən indiki halda çempionatdakı klubları iki qrupa bölərdim. İlk altılıqda “Qarabağ”, “Sabah”, “Zirə”, “Neftçi”, Araz Naxçıvan” və “Turan Tovuz”u qeyd edə bilərəm. Yeni bu komandalar çempionluq və Avrokubok zonaları üçün mübarizə aparacaqlar.
İkinci altılıqda isə çempionatda qalmaq üçün yarışacaq klublar olacaq. Burada daha çox “İmişli, “Karvan”, “Qəbələ”ni vurğulamaq olar.
Çempionatın aşkar favoriti həmişə olduğu kimi “Qarabağ”dır. Ancaq Ağdam klubu ilə bərabər “Sabah”, “Zirə” və “Neftçi” də öz iddiasını ortaya qoyacaq. “Araz Naxçıvan” və “Turan Tovuz” da yaxşı heyətə malikdir. Fikrimcə bu klubların da çempionluq mübarizəsinə qoşulması Premyer Liqaya əlavə rəng qatacaq”.
Rəşad Rafiqoğlu, Bizim.Media